Normal view

Today — 24 June 2026Main stream

Ronaldinyo 11 ildən sonra peşəkar futbola qayıtdı – Rəsmi

24 June 2026 at 16:30

Futbol üzrə Braziliya milli komandasının və “Barselona”nın sabiq ulduzu Ronaldinyo uzun fasilədən sonra peşəkar futbolçu karyerasını bərpa edib.

Arena.az xəbər verir ki, 2002-ci ilin dünya çempionu İtaliyanın C Seriyasında mübarizə aparan “Ravenna” klubu ilə rəsmi müqavilə imzalayıb.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti açıqlanmayıb. Ronaldinyonun təqdimat mərasimi ABŞ-ın Mayami şəhərində keçirilib.

“Ravenna”nın yaydığı bəyanatda braziliyalının transferi klub tarixinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilib:

“Ronaldinyo “Ravenna”ya futbolçu kimi qoşulur. Bu, klub tarixinin ən əlamətdar transferlərindən biridir və şübhəsiz ki, “Ravenna”nı dünya futbolunun diqqət mərkəzinə gətirəcək.

Bu, sadəcə simvolik addım deyil. Ronaldinyo qarşısına konkret məqsəd qoyub – peşəkar karyerasındakı son qolunu məhz “Ravenna” forması ilə vurmaq. Bununla o, futbol tarixinin ən parlaq karyeralarından birinə yeni səhifə əlavə etmək istəyir.

Onun gəlişi aydın mesaj verir: “Ravenna” ciddi layihə həyata keçirir və İtaliya futbol mədəniyyəti yeni bir istinad nöqtəsi qazanıb. Klub tarixinin ən maraqlı dövrü məhz indi başlayır”, – deyə bəyanatda vurğulanıb.

“Yenidən topla rəqs etməyi səbirsizliklə gözləyirəm”

Braziliyalı veteran futbolçu da yeni klubuna keçidi ilə bağlı həyəcanını gizlətməyib:

“Yeni rənglər, amma əvvəlki təbəssüm. Yenidən topla rəqs etməyə və yeni tarix yazmağa başlamağı səbirsizliklə gözləyirəm. Futbol həmişə mənim üçün sevinc mənbəyi olub və bu ruhu “Ravenna”ya da gətirmək istəyirəm”.

İtaliya mətbuatının yazdığına görə, Ronaldinyonun “Ravenna”dakı rolu yalnız meydanla məhdudlaşmayacaq. O, həmçinin klubun marketinq, reklam və xeyriyyə layihələrində iştirak edəcək. Məlumata əsasən, braziliyalıya klubun müəyyən səhmlərinin də təklif olunduğu bildirilir. “Ravenna” gələcəkdə Ronaldinyonun şəxsi R10 brendindən də istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, Ronaldinyo son rəsmi oyununu 2015-ci ildə Braziliyanın “Fluminense” klubunun heyətində keçirib. O, 2018-ci ildə futbolçu karyerasını başa vurduğunu rəsmən açıqlamışdı.

Karyerası ərzində Ronaldinyo “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” kimi klubların formasını geyinib. O, “Barselona” ilə UEFA Çempionlar Liqasının qalibi olub, iki dəfə İspaniya çempionu adını qazanıb. “Milan”ın heyətində isə İtaliya çempionluğu yaşayıb.

Braziliya millisinin heyətində Ronaldinyo 2002-ci ildə dünya çempionu, 1999-cu ildə Amerika Kubokunun qalibi olub, həmçinin 2008-ci il Pekin Olimpiadasının bürünc medalını qazanıb. Əfsanəvi futbolçu 2005-ci ildə dünyanın ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatına layiq görülüb.

1913-cü ildə əsası qoyulan “Ravenna” klubu hazırda İtaliya futbolunun üçüncü liqası olan C Seriyasında çıxış edir. Klub ötən mövsüm öz qrupunda üçüncü yeri tutaraq pley-offa yüksəlsə də, “Salernitana”ya məğlub olaraq B Seriyasına vəsiqə qazana bilməyib.

Klubun sahibi, amerikalı-italiyalı biznesmen İnyatsio Çipriani “Ravenna”nı İtaliya futbolunun yüksək səviyyəsinə çıxarmağı qarşısına məqsəd qoyub. Ronaldinyonun transferi isə bu iddialı layihənin ən səs-küylü addımı hesab olunur.

❌
❌