Skott Parker “Börnli”dən getdi, yeni baş məşqçi bəlli oldu
Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcəyi dəqiqləşmiş “Börnli” klubu baş məşqçisi Skott Parker ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, 45 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Klub rəhbərliyi ötən həftə çempionatı tərk edəcəkləri dəqiqləşəndən sonra onun taleyi ilə bağlı müzakirələr aparıb. Yekunda tərəflər yollarını ayırmaq barədə qərar qəbul ediblər.
Xatırladaq ki, “Börnli” 2024/2025-ci illər mövsümündə məhz Skott Parkerin rəhbərliyi altında Premyer Liqaya vəsiqə qazanmışdı. Amma komanda cari mövsümün geridə qalmış 34 turunda cəmi 20 xal qazanıb. Komandanın sona 4 tur qalmış Premyer Liqanı tərk etməsi dəqiqləşib.
Artıq “Börnli”nin yeni baş məşqçisi də məlumdur. Komanda Maykl Ceksona tapşırılıb. O, son bir neçə ildir ki, komandanın məşqçilər heyətinin üzvüdür. Bu üzdən də rəhbərlik komandanı məhz tanış mütəxəssisə tapşırmaq qərarına gəlib. Maykl Cekson cari mövsümün sonuna qədər baş məşqçi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, 45 yaşlı Skott Parker 2024-cü ilin yayından bəri komandaya rəhbərlik edirdi.