U-15 Liqasında 2025/26 mövsümünün qalibləri mükafatlandırıldı
AFFA-nın 15 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil etdiyi U-15 Liqasında 2025/2026-cı illər mövsümünə yekun vurulub.
Arena.az xəbər verir ki, bu gün Liqanın qalibləri mükafatlandırılıb.
“Neftçi” Futbol Mərkəzində təşkil edilmiş tədbirdən əvvəl sonuncu turun oyunları baş tutub. A Liqasının 10-cu turunun son qarşılaşmalarında “Ulduz” “Neftçi”ni 2:1, “Sabah” isə EFA-nı 3:1 hesabı ilə məğlub edib. Beləliklə, “Neftçi” 24 xalla mövsümü çempion kimi, “Sabah” 22 xalla ikinci, “Ulduz” isə 20 xalla üçüncü pillədə başa vurub.
Matçların ardından mükafatlandırma mərasimi baş tutub. Çempionatda 3-cü yeri tutmuş “Ulduz” bürünc, 2-ci pillənin sahibi “Sabah” gümüş medallarla təltif olunub. Çempion “Neftçi”yə isə qızıl medallar və kubok təqdim edilib.
Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub. Aktivinə 27 qol yazdıran “Karvan”ın futbolçusu Ramil İsmayıllı ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub. İştirakçı komandalar arasında keçirilmiş sorğuya əsasən, U-15 Liqasında mövsümün ən yaxşı oyunçusu isə “Neftçi”nin üzvü Kənan Əzimov seçilib.
Mükafatları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov təqdim ediblər.
