Normal view

Today — 6 July 2026Main stream

UEFA FIFA-nın qərarını qınadı – BƏYANAT

6 July 2026 at 14:14

UEFA FIFA-nın amerikalı hücumçu Folarin Baloquna verilən qırmızı vərəqə cəzasının təxirə salınması qərarına etiraz edib.

Futbolpress.az xəbər verir ki, qurum bununla bağlı bəyanat yayıb:

“Folarin Baloquna göstərilən qırmızı vərəqədən sonra tətbiq edilməli olan bir oyunluq avtomatik cəzanın icrasının bir illik sınaq müddəti ilə təxirə salınmasına dair dünən qəbul edilən qərar qəbuledilməz həddi aşmışdır.

Futbol, digər bütün idman növləri kimi, ədalətli, dürüst və şəffaf rəqabətin əsasını təşkil edən qaydalara söykənir. Qaydalar bəzən müxtəlif cür şərh oluna bilər, lakin bu halda belə bir vəziyyət mövcud deyil. Qırmızı vərəqədən sonra tətbiq olunan minimum bir oyunluq avtomatik cəza seçim xarakteri daşımır və onun qüvvəyə minməsi üçün hər hansı səlahiyyətli qurumun ayrıca qərarına ehtiyac yoxdur. Bu, qaydalarda açıq şəkildə təsbit edilmiş prinsipdir və heç bir istisnaya yol vermir. Üstəlik, eyni vəziyyətlə üzləşən digər oyunçuların cəzalarını qaydalara uyğun şəkildə çəkdiyi bir turnirin gedişində belə bir qərarın verilməsi qətiyyən qəbulolunmazdır.

Qaydaların dəyişməzliyi artıq onları qorumağa borclu olanlar tərəfindən təmin edilmədikdə, oyunun bütövlüyü təhlükə altına düşür və turnirin etibarlılığı ciddi şəkildə sarsılır. Eyni zamanda, bu qərar davam edən mundial üçün presedent yaradır və bundan sonra baş verə biləcək oxşar hallarda eyni yanaşmanın tətbiq edilməsini zəruri edir ki, bu da yarışın maraqlarına zidd nəticələr doğura bilər.

Futbol gözəl oyun olduğu üçün dünyada ən çox sevilən idman növüdür və ona etimadın əsas səbəbi dünyanın hər yerində eyni qaydalarla oynanılmasıdır. Heç bir turnir tamamilə müstəqil və təcrid olunmuş bir struktur deyil. Söhbət Dünya Kubokundan gedirsə, qəbul edilən hər bir qərarın bütövlükdə futbolun gələcəyinə həm müsbət, həm də mənfi təsir göstərmək gücü vardır.

Bu misli görünməmiş, izahı mümkün olmayan və heç bir şəkildə əsaslandırıla bilməyən qərar qarşısında dərin təəccübümüzü və heyrətimizi ifadə edirik”.

Baloqun ABŞ – Bosniya və Herseqovina matçında (2:0) qırmızı vərəqə aldığı üçün bir oyunluq cəzalanmışdı. FIFA daha sonra qərarı şərti edib və hücumçunun Belçika ilə 1/8 final matçında meydana çıxa biləcəyini açıqlayıb. Belçika Futbol Assosiasiyası da qərarı qınayıb.

 

❌
❌