Normal view

Yesterday — 5 June 2026Sport-AZ

Əsədov: “İnanıram ki, milli hər iki oyunda qələbə qazanacaq”

5 June 2026 at 16:30

Azərbaycan milli komandası bu gün Malta ilə yoldaşlıq oyunu keçirəcək. Görüşə saat 22:00-da start veriləcək.

Millinin keçmiş məşqçisi Arif Əsədov “Futbolpress.az“a açıqlamasında fikirlərini bölüşdü:

“Milliyə uğurlar arzu edirəm. Sentyabrdakı Millətlər Liqasından öncə son hazırlıqdır. Düzdür, çox vaxt yoxlama oyunlarının nəticələrinin önəmi olmur. Amma bu iki matç Ayxan Abbasov üçün həm nəticə, həm də komandanı görmək baxımından vacibdir”.

Mütəxəssis həm bu, həm də iyunun 9-da San Marinoya qarşı keçiriləcək oyunda yığmadan qələbə gözlədiyini bildirdi:

“İnanıram ki, milli hər iki oyunda qələbə qazanacaq. Buna gücümüz var, həm də əhvalı yüksəltmək lazımdır. Abbasov istədiyi oyun sistemlərini də yoxlayacaq. Nəzərə alaq ki, bəzi futbolçular klublarında oyun praktikası ilə bağlı problemlər yaşayıb. İndi bu görüşlər onlar üçün də bir fürsətdir”.

Ayxan Abbasov oyunöncəsi mətbuat konfransında heyəti açıqladı. Mütəxəssis Maltaya qarşı matçda beş müdafiəçi ilə meydana çıxacağını qeyd etdi. Əsədov Abbasovun seçimini dəyərləndirdi:

“Sistem bir düzülüşdür. Abbasov bu sistemdə öz oyun fəlsəfəsini diqtə etməyə çalışacaq. Beş müdafiəçinin olmasına baxmayaraq, yığmanın dominant oynayacağını düşünürəm. 

Hücumdakı oyunçularla bağlı problem var, məhsuldarlıqları aşağıdır, amma millidə tək qol vuran onlar deyil. Müdafiəçilər, yarımmüdafiəçilər də qol imkanları yarada bilir. Yoxlama oyunlarıdır, təkcə irəlidəki oyunçulara fokuslanmaq lazım deyil”.

Şahin Cəfərov

❌
❌