Normal view

Today — 24 June 2026Sport-AZ

“Reqbi ilk növbədə güclü şəxsiyyət, daha sonra idmançı formalaşdırır”

24 June 2026 at 16:15

Azərbaycan Reqbi Federasiyasının prezidenti və U-14 milli komandasının baş məşqçisi Eldar Kərimovun “Futbolpress.az“a müsahibəsi:

– Azərbaycanda reqbinin mövcud durumunu necə ifadə edərdiniz?
– Reqbinin inkişaf prosesləri plan üzrə davam edir. Oyunçuların və klubların sayı artmaqdadır. Sentyabra qədər daha iki komandanın yaradılması nəzərdə tutulub. Hazırda dörd klub fəaliyyət göstərir. Bu il biz ilk dəfə “Reqbi Union” üzrə respublika birinciliyini təşkil etdik və sentyabrda da “Reqbi Sevens” Olimpiya növü üzrə ilk respublika çempionatının keçirilməsini nəzərdə tutmuşuq. Yeniyetmələrdən ibarət milli komandamız Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Çexiyada beynəlxalq yarışda iştirak edib və kifayət qədər yaxşı təcrübə qazanıb. Ümumilikdə hər şey qaydasındadır və plan üzrə davam edir.

– Reqbi ölkədə populyar idman növü deyil. Uzun illərdir bu sahədəsiniz. Sizcə reqbinin özünəməxsus cəhətləri nələrdir?
– Reqbinin özünəməxsus fəlsəfəsi var. O fəlsəfəyə uyğun olaraq, reqbi ilk növbədə güclü şəxsiyyət, daha sonra idmançı formalaşdırır. Bu, alicənabların oyunu sayılır və təməlində dürüstlük, qarşılıqlı hörmət və  idman prinsiplərinə sadiqlik dayanır. Reqbi ilə məşğul olanlar şəxsiyyət kimi də tez formalaşır. Bunu söz xatirinə demirəm, müşahidələrimiz və təcrübəmiz bu qənaətə gəlməyə əsas verir. Adətən, uşaqlar reqbiyə gələndə bir qədər dəcəl olurlar, davranışlarında və intizamlarında müəyyən problemlər müşahidə edilir. Ancaq reqbi ilə məşğul olduqdan sonra onların məsuliyyət hissləri artır, intizamları yaxşılaşır. Bunu tək biz yox, uşaqların valideynləri də deyirlər. Ona görə əminliklə deyə bilərəm ki, reqbi əsl şəxsiyyət yetişdirir. Bu idman növünün Azərbaycanda olması və inkişaf etməsi olduqca vacibdir.

– Federasiya bu idman növünün inkişafı üçün hansı işləri görür?
– Azərbaycan Reqbi Federasiyasının başlıca məqsədi Azərbaycan reqbisinin dayanıqlı sistem üzərində inkişafını təmin etməkdir. Məsələn, iki il əvvəl maliyyə dəstəyi olmayan bir klubumuz var idisə, bu gün artıq dörd klub fəaliyyət göstərir. Bu dörd klubdan ikisi tam olaraq, ikisi isə qismən maliyyələşdirilir. Sevindirici haldır ki, şirkətlər və müxtəlif təşkilatlar reqbi ilə maraq göstərir, onun perspektivinə inanır və klublarımızın inkişafına dəstək olurlar. Bu, çox vacibdir. Eyni zamanda Gənclər və İdman Nazirliyinin də son iki ildə federasiyamıza göstərdiyi dəstək inkişaf prosesimizi daha da sürətləndirən amillərdən biridir. İnkişaf baxımından əsas hədəflərimiz isə klubların, oyunçuların, yarışların sayını artırmaq və idmançıların daha çox oyun təcrübəsi qazanması üçün əlverişli şərait yaratmaqdır.  Bütün bunlar gələcəkdə daha güclü olmağımız, daha keyfiyyətli oyunçuların yetişməsi və komandaların formalaşması üçün əsas şərtlərdir.

– Müsbət məqamları qeyd etdiniz. Bəs çatışmazlıqlar nələrdir?
– Reqbi hazırda populyar olmasa da, perspektivi kifayət qədər yüksəkdir. Bu fikri də sadəcə xoş təsir bağışlamaq üçün səsləndirmişəm. Həyatının son 12 ilini bu idman növünə həsr edən bir adam kimi tam məsuliyyətimlə qeyd edirəm, reqbinin Azərbaycanda perspektivi olduqca yüksəkdir. Çünki bu idman növünün tələb etdiyi keyfiyyətlər Azərbaycan insanında kifayət qədər mövcuddur. Fiziki güc, iradə və cəsarət tələb edən idman növlərində hər zaman uğurlu olmuşuq. Düşünürəm ki, reqbi də bu baxımdan istisna təşkil etməyəcək. Şübhəsiz ki, reqbinin daha da populyarlaşması üçün müəyyən zamana ehtiyac var. Ancaq əminəm ki, bir neçə ildən sonra bu sahə nəticələri ilə uğur qazanan idman növləri arasında öz layiqli yerini tutacaq.

– Şərait və infrastruktur necədir?
– İnfrastrukturun qurulması ən çətin, ən çox maliyyə və zaman tələb edən məsələlərdən biridir. Bu gün uşaqlar və yeniyetmələrlə çalışırıq. Məşqlərin keçirilməsi üçün məktəblərin idman meydançalarından istifadə edirik. Bəzən icarə variantı da istifadə olunur. Ötən aydan etibarən isə SOCAR yeniyetmələrdən ibarət milli komandanın “SOCAR Polymer Arena”da məşqləri üçün təmənnasız şərait yaratmışdı. Fürsətdən istifadə eləyib “SOCAR Polymer” təşkilatının rəhbərliyinə bir daha təşəkkürümü bildirmək istəyirəm. Yeniyetmələr yetişənədək milli komanda üçün baza yaradılmasını da planlaşdırırıq.

– Reqbinin uşaqların şəxsiyyət kimi formalaşmasına müsbət təsirlərindən danışdınız. Bu, kifayət qədər sərt və təmaslı idman növüdür. Bəs reqbinin fiziki sağlamlığa təsiri barədə nə deyə bilərsiniz?
– Reqbi insanların hər tərəfli fiziki inkişafını təmin edən idman növüdür. Çünki burda müxtəlif idman növlərinin elementləri bir araya gəlir və bu da idmançılarda fərqli əzələ qruplarının inkişafına şərait yaradır. Eyni zamanda, oyun çox maraqlı və dinamik olduğu üçün uşaqlar məşqlərə və oyunlara böyük həvəslə yanaşırlar. Əvvəlki sualda toxunduğumuz məsuliyyət və intizam hissi onları vadar edir ki, məşqlərə tam ciddi yanaşsınlar və əsasən də təhlükəsizlik texnikasına əməl etsinlər. Çünki  reqbi ilə bağlı belə bir stereotip var ki, bu, təhlükəli idman növüdür. Əslində isə vəziyyət tam belə deyil. Bəli, oyunun xarakteri sərt ola bilər, amma qaydalara ciddi şəkildə əməl olunur. Hakimlər oyun zamanı idmançıların bir-birinə qarşı kobud davranışına həssas yanaşır və bu cür halları dərhal cəzalandırırlar. Uşaqlar artıq erkən yaşdan anlayır ki, sərt oynamaq olmaz. Çünki qırmızı vərəqə almaqla komandanı azlıqda qoymaq riski var. Bu anlayış uşaqlara kiçik yaşlardan aşılanır və onlar reqbinin əsas fəlsəfələrindən birini rəhbər tuturlar: həm özünü, həm də rəqibini zədədən qorumaq. Yəni oyunçular meydanda təkcə öz təhlükəsizliklərini deyil, rəqiblərinin təhlükəsizliyini də nəzərə almalıdırlar.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

 

❌
❌