Normal view

Yesterday — 23 June 2026Sport-AZ

Məmmədov: “Hədəf Premyer Liqaya yüksəlməkdir” (MÜSAHİBƏ)

23 June 2026 at 13:30

“Şahdağ Qusar”ın yeni baş məşqçisi Füzuli Məmmədovun “Futbolpress.az“a müsahibəsi:

– “Şahdağ Qusar” variantı necə yarandı və başqa elita və ya xarici klublardan təklif var idimi?
– Mövsümün sonundan təkliflər var idi. Bunu bir neçə dəfə də açıqlamışdım. “Şahdağ Qusar”dan təklif gələndən sonra rəhbərliklə iki dəfə görüşdük. Birincisi tanışlıq xarakterində idi. Burda ikinci görüş üçün də vaxt təyin etdik. Növbəti dəfə rəhbərliklə bir araya gələndə onların ciddiyətini, klubun hədəflərini başa düşdüm və fikirləşdim ki, mənim üçün də maraqlı olacaq. “Şahdağ Qusar”ın təklifi, yaradılacaq şərait və planlar məni cəlb etdi.

– “Karvan-Yevlax”la Premyer Liqada işləməyiniz sizə hansı təcrübəni qazandırdı?
– “Karvan-Yevlax”da işləməyimdən məyus olmamışam. Düşünürəm ki, bu komandada böyük təcrübə qazandım. İstədiyim nəticəni əldə edə bilmədim, amma qazandığım təcrübə misilsizdir. Bacardığımın ən yaxşısını etməyə çalışdım. Təhlillər apardıq, problemləri gördük. Sonuncu dövrədə qələbə və xallar qazansaq da, liqada qala bilmədik.

– Qarşınıza qoyulan hədəf nədir?
– Hədəf böyükdür – Premyer Liqaya yüksəlmək. Yeni mövsümdə məqsədimiz bu olacaq və inanıram ki, bu yolda inamla irəliləyəcəyik.

– Komandanın potensialı hədəfə çatmağa imkan verir?
– Transferlərlə bağlı ciddi işlərimiz edir. Heyətdə təcrübəli futbolçularla yanaşı, gənclər də olacaq. Premyer Liqada oynamış oyunçular yerli gənclərə də kömək olacaq. Premyer Liqaya yüksəlmək istəyirik və bunun üçün sağlam, keyfiyyətli və təcrübəi futbolçulardan ibarət komanda qurmalıyıq.

– Transferdə aktiv klublardansınız. Daha neçə yeni oyunçu keçidi gözlənilir?
– Rəqəm deyə bilmərəm. Bəzi mövqelər üzrə oyunçulara ehtiyac var. Rəqabəti gücləndirməyimiz də vacibdir. Premyer Liqa təcrübəsi olan futbolçuları heyətdə görmək istəyirəm. Danışıqlar gedir, düşünürəm ki, yaxın zamanda yeni oyunçuların keçidi həll olunacaq.

– Sabiq klubunuz “Karvan-Yevlax”dan komandaya cəlb etmək istədikləriniz var?
– Seleksiya işlərimiz davam edir. Ümumi bir siyahımız var və orda da “Karvan-Yevlax”dan bəzi oyunçuların adları qeyd olunub. Ancaq indi ad açıqlamağım düzgün olmaz. Ümumilikdə, Yevlax klubundan transfer etmək istədiyimiz oyunçular var.

– “Şahdağ Qusar”ın strukturu elitada oynamağa imkan verir?
– Düzdür, şərait baxımından çatışmazlıqlar var. Amma rəhbərlik işlərin qaydasına düşməsi üçün əlindən gələni edir. Klubun prezidenti, rayonun icra hakimi, komandaya dəstək olan iş adamları birləşib, yaxşı iş ortaya qoymaq istəyir. İnanıram ki, daha yaxşı klubun strukturu daha yaxşı olacaq və hədəfimizə çatdıqdan sonra komanda Premyer Liqada oynaya biləcək.

Şahin Cəfərov

❌
❌