Normal view

Today — 10 June 2026Sport-AZ

aSan-marino qələbəsi…

10 June 2026 at 09:16

Ayın 4-də yazdığım ilk təəssürratımı “9 min tutumluq “Haladaş” stadionundan uğurlu nəticələr, xoş xəbərlər çatdırmaq diləyilə…” cümləsi ilə bitirmişdim.

5 gün ərzində heç nə yazmadım. Təəssüratım yox idi? Əksinə, çox idi!

Məskunlaşdığımız Macarıstanın Bük qəsəbəsi, Şopron, Sombathe şəhərləri, milli komandanın düşərgə saldığı Avstriyanın Bad Valtersdorf kurort şəhərciyi, paytaxt Vyana, ikinci ən böyük şəhər Qraz… Bu qədər yeri gəzdiyim 5 gündə zəngin təəssürat toplasam da, tərkibində futbol motivi olmadığı üçün yazmadım.

Əslində, ilk oyunumuz elə bir məyusluq yaşatdı ki, hər gün üç dəfə neqativ yazsam da, emosional sönüklüyə məlhəm olmazdı. Hərçənd, toplanış olduğunu və burada hər şeyin təkmilləşmə naminə edildiyini bilirik. Ancaq heç bir səbəb əsas vermir ki, milli komanda FIFA reytinqində 161-ci olan rəqibə 2 cavabsız qolla uduzsun.

Ok, Maltanın heyətində 3.5 və 2 milyon avro dəyərində futbolçular ola bilər, ancaq cırtdan ada ölkəsinə uduzmağa bəraət yoxdur!

Hətta dünən San-Marino üzərində 2:1 hesablı qələbə də… 211-ci pillədə olan milli hesabı açır. Gücbəla 2 qol vurub qalib gəlirik. Hətta 80-ci dəqiqədən sonra bəzi futbolçuların vaxtı uzatmaq cəhdlərini görəndə ovucumu alnıma çırpmaqdan saxlaya bilmədim.

Baş məşqçi Ayxan Abbasov eksperimental heyət məsələsini qabartdı və bu səbəbdən nəticələrə çox fokuslanmamağı önərdi.

Bunu məntiqli qəbul etməkdə problem yoxdur.

Problem məzmunsuzluqdadır. Oyunumuz yoxdur. Rəhman Daşdəmirov matçdan sonra deyir ki, “uduzmaqdan qorxurduq”…

Əuzubilləhi minəş-şeytanir-rəcim!

***

Milli komandanın oyun fəlsəfəsi yoxdur. Kombinasiyalar üzərində işlənildiyi görünür, lakin reallaşdırma pisdir. Ən pisi odur ki, bu halın kritik dəyişəcəyinə inam yoxdur. Mübarizə ruhu var, amma sistematik deyil, fərdi keyfiyyətlər məsələsində balans yoxdur və bu da oyunun məzmununu pozur. Bunlar da elə problemlərdir ki, millidə tam düzəldilməsi praktik olaraq mümkünsüzdür.

Futbolçular keyfiyyətli yetişdirilmir. Mentalitet də böyütmür, şişirdir…

***

“Haladaş”dan uğurlu nəticələr haqda xəbər verəcəyinə ümid edən bəndəniz bu xəbəri daha çox San Marino xalqına verə bilər.

Stadionda o qədər azarkeş vardı, düşündüm San-Marino əhli bütünlüklə burdadı.

Bu entuziazmla, saflıqla, dəstəklə və ən əsası, getdikcə inkişaf edən bu futbolla inkişafa doğru getməkdəsiniz, yoldaşlar.

Biz isə “başuaaa”…

Elçin Cəlilov

❌
❌