Normal view

Today — 10 June 2026FutbolPress.Az

“Cüdo qızların həyatında çox mühüm rol oynayır” (MÜSAHİBƏ)

10 June 2026 at 11:16

Yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun “Futbolpress.az“a müsahibəsi:

– Qızların cüdosunda mövcud durum necədir?
– Son illərdə qızlar arasında cüdo sürətlə inkişaf edir. Həm ölkə daxilində, həm də beynəlxalq arenada nəticələrimiz yaxşılaşır. İdmançıların sayı artır, yarışlara maraq yüksəlir və qızlarımız Avropa, dünya səviyyəli yarışlarda daha inamla çıxış edirlər. Bu inkişaf gələcək üçün böyük ümidlər yaradır.

– Qızların bu sahəyə marağı necədir və onlar üçün əsas çətinliklər nələrdir?
– Maraq kifayət qədər yüksəkdir. Qızlar cüdonu təkcə idman növü kimi deyil, həm də özünəinam, güclü xarakter və sağlam həyat tərzi qazandıran bir fəaliyyət kimi görürlər. Əsas çətinliklər isə yeniyetməlik dövrünün psixoloji və fiziki dəyişiklikləri, dərs və məşqlərin uyğunlaşdırılması, həmçinin bəzi hallarda cəmiyyətin stereotipləridir.

– Cəmiyyətin stereotiplərinə toxundunuz. Qızların idmana maraq göstərməsi çox hallarda valideynlər tərəfindən müsbət qarşılanmır.
– Düzdür, daha əvvəl fərqli yanaşmalar var idi, çox valideyn qızını idmana, xüsusən, fiziki güc tələb edən sahələrdən çəkindirirdi. Lakin indi vəziyyət dəyişib.

– Bu mövzuda problemlər yaşamısınızmı?
– Əvvəllər tərəddüd edən valideynlər olub, lakin bu gün münasibət daha müsbətdir. Onlar görürlər ki, cüdo uşaqlara intizam, məsuliyyət, özünəinam və sağlam həyat tərzi qazandırır. Təbii ki, zaman-zaman narahatlıqlar olur, amma nəticələri və inkişafı gördükcə bu tərəddüdlər azalır.

– Əvvəl qızlar daha çox gimnastika və voleybolla məşğul olurdusa, indi cüdoya üz tutanlar da az deyil. Sizcə, bunun səbəbi nədədir? Fiziki güclənmək, yoxsa idmana sevgi?
– Düşünürəm ki, hər iki amil burada rol oynayır. Müasir dövrdə qızlar özlərini daha güclü, daha müstəqil hiss etmək istəyirlər. Cüdo həm fiziki hazırlıq, həm də xarakter formalaşdıran idman növüdür. Eyni zamanda uğurlu idmançılarımızın nəticələri və beynəlxalq arenadakı nailiyyətləri də gənclərə motivasiya verir.

– Yeniyetmə qızların inkişafı üçün hansı məqamlara diqqət yetirirsiniz?
– Biz yalnız idman nəticələrinə deyil, şəxsiyyətin formalaşmasına da diqqət yetiririk. Fiziki hazırlıqla yanaşı, psixoloji dayanıqlıq, özünəinam, düzgün qidalanma, istirahət rejimi və təhsil məsələləri də vacibdir. Məqsədimiz təkcə güclü idmançı deyil, həm də sağlam düşüncəli və məsuliyyətli gənc yetişdirməkdir.

– Oğlan uşaqlarının idmana yönləndirilməsi onların pis vərdişlərdən uzaqlaşmasına da faydalı olur. Bəs qızların fərd kimi inkişafında cüdo hansı rolu oynayır?
– Cüdo qızların həyatında çox mühüm rol oynayır. Bu idman növü onlara özünəinam, iradə, məsuliyyət hissi və çətinliklərlə mübarizə bacarığı qazandırır. Qızlar həm fiziki, həm də mənəvi cəhətdən güclənirlər, komandada işləməyi, rəqibə hörmət etməyi və məğlubiyyətdən düzgün nəticə çıxarmağı öyrənirlər. Bütün bunlar onların gələcəkdə daha güclü və uğurlu fərd kimi formalaşmasına kömək edir.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

❌
❌