Andoni İraola – “Liverpul”un yeni baş məşqçisi!
Bu yay “Bornmut”dan ayrılan Andoni İraola bundan sonra İngiltərə Premyer Liqasının digər təmsilçisi “Liverpul”u çalışdıracaq.
Arena.az məlumat verir ki, ispan mütəxəssis “qırmızılar”ın yeni baş məşqçisi təyin edilib.
Bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. 43 yaşlı ispaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
İraola bu postda bir neçə gün öncə istefaya göndərilmiş Arne Slotu əvəz edib. Slotun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaqdı. Amma məhz son mövsümdəki qeyri-sabit çıxış onun postundan ayrılmasına səbəb olub.
Xatırladaq ki, Arne Slot 2024/2025-ci illər mövsümünün əvvəlindən “Liverpul”a rəhbərlik edirdi. 47 yaşlı mütəxəssis həmin mövsümdə bu komandanı İngiltərə çempionu etmişdi. Bu, “qırmızılar”ın 20-ci çempionluğu idi. Slot isə bu uğurdan sonra İngiltərə Liqa Məşqçiləri Assosiasiyası tərəfindən ötən ilin ən yaxşı məşqçisi adına layiq görülmüşdü.
2025/2026-cı illər mövsümündə isə Slotun “Liverpul”u 38 oyuna topladığı 60 xalla 5-ci yeri tutub və çətinliklə də olsa, UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Andoni İraola isə 2023-cü ilin iyul ayından “Bornmut”a rəhbərlik edirdi. İspan mütəxəssis bu komandanı bütövlükdə 127 oyuna çıxarıb. İngiltərə klubu bu görüşlərdə 48 qələbəni bayram edib, 38 heç-heçə ilə kifayətlənib, 41 məğlubiyyətə üzülüb.
İraola daha öncə “Rayo Valyekano”, “Mirandes” və AEK (Larnaka) kimi klublarda da baş məşqçi kimi çalışıb.
“Bornmut” İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünü 57 xalla 6-cı pillədə başa vurub. Sözügedən komanda növbəti mövsümdə İngiltərəni Avropa Liqasında davam edəcək.
