Normal view

Before yesterdayARENA.AZ

Vinisius və Braziliya millisi üçün DÇ-də tarixi nəticə

25 June 2026 at 12:00

Futbol üzrə Braziliya milli komandasının və Madrid “Real”ının hücumçusu Vinisius Junior dünya çempionatlarında tarixi göstəriciyə imza atıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin bütün oyunlarında fərqlənməklə Braziliya futbolunun əfsanələri Ronaldo Nazario və Rivaldo ilə eyni nailiyyəti təkrarlayıb.

Beləliklə, Vinisius Braziliya tarixində bir dünya çempionatının qrup mərhələsində ilk üç oyunda qol vurmuş azsaylı futbolçular sırasına daxil olub. Bu göstəricini sonuncu dəfə 2002-ci ildə Ronaldo Nazario və Rivaldo reallaşdırmışdılar.

Qeyd edək ki, Vinisius hazırda DÇ-2026-da yüksək performansı ilə diqqət çəkir və Braziliya millisinin hücum xəttinin əsas fiqurlarından biridir. O, qrup mərhələsində keçirdiyi 3 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Şotlandiya millisini 3:0 hesabı ilə məğlub etmiş Braziliya yığması da yeni rekorda imza atıb. “Sambaçılar” mundiallar tarixində 50 “quru” hesablı qələbə qazanmış ilk kollektiv olub.

Xatırladaq ki, Braziliya millisi C qrupunda 7 xalla birinci olub.

Neymar 980 gün sonra Braziliya millisində meydana çıxdı!

25 June 2026 at 10:00

Futbol üzrə Braziliya millisinin tarixinin ən məhsuldar hücumçusu Neymar 980 günlük fasilədən sonra yenidən yığmanın heyətində meydana çıxıb.

Arena.az xəbər verir ki, 34 yaşlı futbolçu DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Şotlandiya yığmasına qarşı keçirdikləri oyunun 76-cı dəqiqəsində meydana daxil olub.

Bununla da o, 18 oktyabr 2023-cü ildən sonra ilk dəfə Braziliya millisinin formasını geyinib.

Təcrübəli futbolçu mundialın ilk iki oyununu baldır əzələsindəki zədə səbəbindən buraxmışdı. Onun Şotlandiya ilə matçda meydana çıxması həm futbolçu, həm də Braziliya millisi üçün əlamətdar hadisə olub.

Yığmanın lideri həm də 4 dünya çempionatında meydana çıxmış dördüncü braziliyalı oyunçu olub. Daha əvvəl Braziliya futbolu tarixində 4 dünya çempionatında yalnız Calma Santos, Kafu və Pele iştirak etmişdi.

Neymar Braziliya millisinin heyətində 129-cu oyununu keçirib. O, 79 qolla “sambaçılar”ın tarixinin ən yaxşı bombardiridir.

Qeyd edək ki, Neymarın dünya çempionatları zədələrlə yadda qalıb. O, DÇ-2022-də Serbiya ilə qrup oyununda (2:0) zədələnmişdi. DÇ-2018 ərəfəsində sağ ayağından aldığı zədədən üç ay sonra meydana qayıdan futbolçu turnirə tam hazır vəziyyətdə qatıla bilməmişdi. DÇ-2014-də isə Kolumbiya ilə 1/4 final qarşılaşmasında bel fəqərəsinin sınığı səbəbindən yarımfinalı buraxmışdı. Həmin oyunda Braziliya Almaniyaya 1:7 hesabı ilə məğlub olmuşdu.

Neymar Braziliya millisinin heyətində Olimpiya çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı, həmçinin Konfederasiyalar Kubokunun qalibi və Amerika Kubokunun finalçısı olub.

Karlo Ançelotti: “Pley-offda birlik çox vacibdir”

25 June 2026 at 05:00

Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti dünya çempionatının qrup mərhələsində Şotlandiya millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin sonuncu turu çərçivəsində baş tutmuş bu görüş Braziliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Karlo Ançelotti matçdan sonra jurnalistlərə açıqlama verib. Təcrübəli italiyalı mütəxəssis komandasının getdikcə daha yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb:

“Hazırda biz komanda kimi oynayırıq və əsas məqsədimiz də məhz budur. Biz ideal deyilik, üzərində işləməli olduğumuz məqamlar hələ də var. Oyuna nəzarət etdiyimiz zaman bir qədər daha sürətli oynaya bilərik”.

Ançelotti komandanın ilk matçla müqayisədə nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini qeyd edib:

“Mən məmnunam, çünki komanda xeyli irəliləyiş əldə edib və artıq daha uyğun şəkildə çıxış edir. Pley-off oyunlarında birlik çox vacibdir. Biz isə məhz belə bir komandaya sahibik. İlk matçla müqayisədə indi daha az səhv edirik, oyunumuzda daha çox ritm var və hücumda daha effektiv çıxış edirik”.

Braziliyalı hücumçu Vinisius Juniorun matçdakı dubluna da toxunan Ançelotti onun dünya futbolunun ən yaxşı oyunçularından biri olduğunu söyləyib:

“Vinisusun iki qol vurması məni çox sevindirir. Onun dünya çempionatında belə oynaya biləcəyinə heç vaxt şübhə etməmişəm. Millini təmsil etmək onun üçün böyük şərəfdir. O, çox yaxşı çıxış edir, hətta başla da qol vurdu ki, bu, onun üçün nadir haldır. Vini mənim kəşf etdiyim futbolçu deyil. O, ən yüksək səviyyəli oyunçudur və şübhəsiz ki, dünyanın ən yaxşı futbolçularından biridir”.

Şotlandiya yığmasının baş məşqçisi Stiv Klark 0:3 hesablı məğlubiyyətdən sonra komandasının oyunu ilə bağlı məyusluğunu gizlətməyib. Şotlandiyalı mütəxəssis futbolçularının rəqibə çox asan imkanlar verdiyini bildirib:

“Biz özümüz işimizi çətinləşdirdik, məsələ bundan ibarətdir. Rəqibə qollar vurmağa özümüz imkan yaratdıq və onlara istədikləri oyunu hədiyyə etdik. Bu, böyük məyusluqdur”.

DÇ-2026: Braziliya və Mərakeş qrupdan 7 xalla çıxdılar

25 June 2026 at 04:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün C qrupunda da mübarizəyə yekun vurulub.

Son turda Braziliya yığması Şotlandiya ilə, Mərakeş millisi isə Haiti ilə qarşılaşıb.

Mayami stadionunda keçirilmiş Braziliya – Şotlandiya matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib. “Sambaçılar”ın heyətində Vinisius dubla imza atıb. Yekun nəticəni isə Mateus Kunya müəyyənləşdirib.

Mərakeş də Haitini məğlub edib. Atlanta stadionunda keçirilmiş matçda Afrika təmsilçisi 4:2 hesablı qələbəyə sevinib. Mərakeşin heyətində Əşrəf Hakimi, İsmael Saybari, Sofyan Rahimi və Yassin Gessim qol vurublar. Haiti isə əvvəlcə Yassin Bononun avtoqoluna sevinib, digər qolu Uilson İsidor vurub.

Beləliklə, Braziliya seçməsi 7 xalla qrup lideri olub. Mərakeş də 7 xal toplamasına baxmayaraq, ikinci yerlə kifayətlənib. Şotlandiya 3 xalla üçüncü olub. Xalsız olan Haitinin isə qrupdan çıxmayacağı daha əvvəl dəqiqləşmişdi.

DÇ-2026
C qrupu
25 iyun

Mərakeş – Haiti 4:2
Qollar: Əşrəf Hakimi, 39. İsmael Saybari, 45+1. Sofyan Rahimi, 78. Yassin Gessim, 89 – Yassin Bono, 10-öz qapısına. Uilson İsidor, 43.

Şotlandiya – Braziliya 0:3
Qollar: Vinisius Junior, 7; 45+3. Mateus Kunya, 60.

Xallar: Braziliya – 7. Mərakeş – 7. Şotlandiya – 3. Haiti – 0.

Ançelotti: “İstənilən komandaya qarşı rəqabət apara bilərik”

20 June 2026 at 08:00

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünya çempionatının qrup mərhələsi çərçivəsində Haitiyə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində qarşılaşmış bu komandaların görüşü Braziliya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ançelotti matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:Ə

“Bu, bütöv və keyfiyyətli oyun oldu. Birinci hissədə daha yaxşı çıxış etdik, hücumda daha effektiv idik. İkinci hissədə isə oyuna daha çox nəzarət etdik. Bununla belə, kifayət qədər qol epizodlarımız var idi və daha çox qol vura bilərdik. Bu, yaxşı oyun idi.

Biz Vinisius Junioru mərkəzdə oynatdıq, Duqlas Santos isə cinahda qaldı və Vinisius bu rolda özünü əla tərəfdən göstərdi. Vini təkcə birəbir vəziyyətlərdə təhlükəli deyil. O, yarımmüdafiənin dərinliyindən də hücumlara təhlükə yarada bilir. Mövqelərini dəyişə bilər və digər futbolçular da buna uyğunlaşırlar.

Sağ cinahda isə Rafinya və Rayan Fransisko ilə sabitliyimizi qoruyuruq, çünki istəyirik ki, Danilo bir qədər geridə oynasın.

Biz pley-off mərhələsi haqqında düşünmürük. Hazırda məqsədimiz Şotlandiyaya qarşı oyunda daha yaxşı çıxış etmək, qalib gəlmək və mümkün olsa, qrupda birinci yeri tutmaqdır. Şotlandiyanın özünəməxsus xüsusiyyətləri var və Mərakeşlə oyunda olduğu kimi problemlər yarada bilər. Vacib olan sakitliyi, soyuqqanlılığı qorumaq və işləməyə davam etməkdir.

Bütün oyunlar çətindir. Braziliya Futbol Konfederasiyasında inanırıq ki, istənilən komandaya qarşı rəqabət apara bilərik. Buraya həm Haiti, həm də Fransa daxildir.

Sabah Neymar fərdi məşqlər edəcək, bazar günü isə ümumi qrupla çalışmalara qayıdacaq. Bundan sonra o, Şotlandiya ilə oyun üçün heyətə daxil ediləcək”.

Haiti millisinin baş məşqçisi Sebastyen Minye isə uduzduqları qarşılaşmanı şərh edib:

“Braziliya millisi ilə qarşılaşmağımız bəxtsizlik idi. Sonuncu dəfə dünya çempionatında iştirak etməyimizdən 52 il keçib və bunu nəzərə almalıyıq. Futbolçularımız da burada olmağa layiq olduqlarının fərqindədirlər. Çox yaxşı oyun planımız var idi, lakin ilk su fasiləsindən sonra etdiyimiz səhvlər və top itkiləri bizə baha başa gəldi”.

DÇ-2026: Braziliyadan Haitiyə 3 cavabsız qol

20 June 2026 at 07:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Braziliya və Haiti yığmaları üz-üzə gəliblər. Filadelfiyada (Pensilvaniya, ABŞ) keçirilmiş C qrupunun matçında Cənubi Amerika təmsilçisi darmadağına sevinib. Mateus Kunyanın dubla imza atdığı görüşdə digər qolu Vinisius Junior vurub.

Xatırladaq ki, bu qrupun digər qarşılaşmasında Mərakeş millisi Şotlandiya yığmasını tək qolla üstələmişdi.

Beləliklə, 2 turdan sonra Braziliya və Mərakeş yığmalarının hərəyə 4 xalı var. Şotlandiya 3 xalla üçüncüdür. Xalsız olan Haiti millisi isə sonuncudur.

DÇ-2026
C qrupu
20 iyun

Braziliya – Haiti 3:0
Qollar: Mateus Kunya, 23; 36. Vinisius Junior, 45+3.

Növbəti oyunların proqramı:

D qrupu
07:00. Türkiyə – Paraqvay

F qrupu
21:00. Niderland – İsveç
00:00. Almaniya – Kot-d’İvuar

❌
❌