Normal view

Before yesterdayARENA.AZ

DÇ-2026: Həlledici oyunların proqramı bəlli oldu

16 July 2026 at 03:00

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının (DÇ-2026) həlledici oyununun iştirakçıları müəyyənləşib.

Arena.az xəbər verir ki, yarımfinal görüşlərindən sonra həm mundialın finalında, həm də üçüncü yer uğrunda üz-üzə gələcək komandalar bəlli olublar.

Finalda İspaniya və Argentina milliləri üz-üzə gələcəklər. Fransa və İngiltərə milli komandaları isə üçüncü yer – bürünc medal uğrunda mübarizə aparacaqlar. Hər iki qarşılaşma iyulun 19-da keçiriləcək.

Xatırladaq ki, mundialın yarımfinal mərhələsi çərçivəsində keçirilmiş oyunlarda İspaniya millisi Fransanı 2:0, Argentina yığması isə İngiltərəni 2:1 hesabı ilə məğlub edib.

DÇ-2026
19 iyul

Üçüncü yer uğrunda oyun

01:00. Fransa – İngiltərə
Mayami. Florida. ABŞ

Final

23:00. İspaniya– Argentina
Nyu-Cersi. Nyu-York. ABŞ

Mbappe: “İspanlara qarşı istədiyimiz oyunu göstərə bilmədik”

15 July 2026 at 12:00

Futbol üzrə Fransa millisinin kapitanı Kilian Mbappe DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb.

Arena.az xəbər verir ki, 27 yaşlı hücumçu komandasının nə texniki, nə də taktiki baxımdan oyun planını həyata keçirə bildiyini bildirib:

“Nə texniki, nə də taktiki baxımdan göstərmək istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Dünya çempionatının yarımfinalında etməli olduqlarını yerinə yetirmirsənsə, qalib gəlmək mümkün deyil.

İspaniya öz oyun planına və futbol fəlsəfəsinə sadiq qaldı. Onlar topa və oyunun tempinə nəzarət etməyi sevirlər. Bizim planımız isə onlara yüksək təzyiq göstərmək, öz ritmlərini tapmalarına imkan verməmək idi”.

Mbappe topu qazandıqları epizodlarda belə səhvlərə yol verdiklərini vurğulayıb:

“Hətta topu ələ keçirdiyimiz anlarda belə ilk toxunuşlarımız kifayət qədər keyfiyyətli deyildi. Məhz bu cür detallar məğlubiyyətə səbəb oldu.

Bu, bizim üçün böyük məyusluqdur. Amma obyektiv olsaq, finala yüksəlmək üçün lazım olan bütün şərtlərə malik deyildik”.

Xatırladaq ki, İspaniya yarımfinalda Fransanı 2:0 hesabı ilə məğlub edərək DÇ-2026-nın finalına yüksəlib. Turnirin ikinci yarımfinalında Argentina və İngiltərə milliləri üz-üzə gələcək. Final oyunu isə iyulun 19-da keçiriləcək.

Didye Deşam DÇ tarixində yeni rekorda imza atdı

15 July 2026 at 06:00

Fransa milli komandasının baş məşqçisi Didye Deşam futbol üzrə dünya çempionatları tarixində ən çox oyun keçirən baş məşqçi olub.

Arena.az xəbər verir ki, 57 yaşlı mütəxəssis bu rekorda DÇ-2026-nın ABŞ-ın Texas ştatının Arlinqton şəhərində keçirilmiş İspaniyaya qarşı yarımfinal matçında imza atıb.

Beləliklə, Deşam dünya çempionatlarında 26-cı oyununa çıxaraq bu göstəricidə Almaniya millisinin sabiq baş məşqçisi Helmut Şönü geridə qoyub.

Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında “xoruzlar” 2018-ci ildə dünya çempionu, 2022-ci ildə UEFA Millətlər Liqasının qalibi olub, həmçinin 2016-cı il Avropa çempionatının və 2022-ci il dünya çempionatının gümüş mükafatçısı adını qazanıb.

Bundan əvvəl açıqlanıb ki, Deşam 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra Fransa millisinin baş məşqçisi vəzifəsindən ayrılacaq.

Xatırladaq ki, fransızlar İspaniya ilə matçda 0:2 hesabıyla məğlub olaraq finala çıxa bilməyiblər. Amma bu komandanı qarşıda üçüncü yer uğrunda oyun gözləyir.

Kilian Mbappe Fransa millisinin DÇ rekordunu yenilədi

15 July 2026 at 05:00

Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatları tarixində yığmanın ən çox oyun keçirən futbolçusu olub.

Arena.az xəbər verir ki, 27 yaşlı forvard bu rekorda DÇ-2026-nın yarımfinalında İspaniyaya qarşı keçirilən matçda imza atıb.

Mbappe start heyətində meydana çıxmaqla dünya çempionatlarında 21-ci oyununu keçirib.

Beləliklə, o, bu göstəricidə 20 oyunla ikinci pillədə qərarlaşan, 2018-ci il dünya çempionu və Fransa millisinin sabiq kapitanı Uqo Lyorisi geridə qoyub. Təcrübəli qapıçı 2022-ci il dünya çempionatından sonra milli komanda ilə vidalaşmışdı.

Mbappe 2024-cü ildən İspaniyanın “Real” klubunun formasını geyinir. O, Madrid təmsilçisi ilə 2024/2025 mövsümündə İspaniya Super Kubokunu və Qitələrarası Kuboku qazanıb.

Fransa millisinin heyətində isə Mbappe 2018-ci ildə dünya çempionu, 2022-ci ildə dünya çempionatının gümüş mükafatçısı olub. O, Qətərdə keçirilən DÇ-2022-də vurduğu 8 qolla turnirin bombardiri adına layiq görülmüşdü.

Deşam: “İspaniya bizdən daha üstün olduğunu göstərdi”

15 July 2026 at 03:00

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının texniki baxımdan rəqibdən geri qaldığını etiraf edib.

Deşam eyni zamanda oyunun hakimliyi ilə bağlı da sual ünvanlayıb:

“Futbolçularımız məyusdurlar. Ancaq obyektiv yanaşsaq, texniki cəhətdən lazımi səviyyədə deyildik. Bu, bizim öz günahımızdır.

İndi nəsə desəm, məğlubiyyətdən sonra məni ağlayan tərəf kimi qələmə verəcəklər. Amma bir sual vermək istəyirəm: bu hakim yarımfinalı idarə etmək üçün lazımi səviyyədədirmi? Buna özüm cavab verməyəcəyəm. Oyunda kifayət qədər mübahisəli epizodlar oldu.

Əsas səbəb isə odur ki, biz öz səviyyəmizdən aşağı çıxış etdik. Təhlükəli vəziyyətlər yarada biləcək çoxlu texniki səhvlərə, uğursuz ötürmələrə yol verdik.

Bu, ən yüksək səviyyədir və bunu qəbul etmək ağrılı olsa da, reallıqdır. İndi üçüncü yer uğrunda oyuna çıxacağıq. İndiyədək gördüyümüz işi kiçiltmək istəmirəm. Sadəcə, bu matçda İspaniya bizdən daha üstün olduğunu göstərdi.

Özüm haqqında düşünmürəm. Futbolçularla birlikdə finala qədər irəliləmək üçün hazırlaşmışdıq. Buna nail ola bilmədik və bu, böyük məyusluqdur. Bununla belə, komandamızın gördüyü yaxşı işi kölgə altına salmaq istəmirəm. Hesab edirəm ki, toparlanmağı bacarmışdıq. Eyni zamanda, İspaniyanın da haqqını vermək lazımdır. Onlar oyuna tam nəzarət edirdilər.

Bizə dəqiqlik və enerji çatmadı. İspanlar rəqibin hücumlarını oxumaqda, ötürmələri ələ keçirməkdə çox ustadırlar. Onların müdafiəsini daha çox çətin vəziyyətə salmaq istəyirdik”.

“Bu yanaşma bizi bu nöqtəyə gətirdi”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente isə Fransa üzərindəki qələbəni komanda birliyi ilə əlaqələndirib:

“Demək olar ki, dörd il əvvəl müəyyən bir ideya ilə yola çıxmışdıq və bu ideyaya sadiq qaldıq. Məhz bu yanaşma bizi bu nöqtəyə gətirdi.

Bu gün dünyanın ən güclü milli komandalarından biri ilə qarşılaşdıq. Ancaq onların qarşısında dünyanın ən yaxşı komandası dayanmışdı.

Biz vahid komandayıq. Bu uğuru fədakarlığımız və istedadımız sayəsində tam haqq etmişik. Futbolçularımız hər gün öz sədaqətlərini, birliklərini, səxavətlərini və bacarıqlarını nümayiş etdirirlər. Onlar çətin görünən işləri asanlaşdırırlar”.

DÇ-2026: Fransa İspaniya ilə üz-üzə

14 July 2026 at 10:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün mundialda yarımfinal mərhələsinə start veriləcək.

İlk finalçı Fransa – İspaniya matçında müəyyənləşəcək. Arlinqton şəhərində baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Digər finalçının adına isə sabah keçiriləcək İngiltərə – Argentina matçında aydınlıq gələcək.

Qeyd edək ki, dünya çempionatına iyulun 19-da keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq. Bundan öncə isə 3-cü yer uğrunda qarşılaşma baş tutacaq.

DÇ-2026
Yarımfinal
14 iyul

23:00. Fransa – İspaniya
Arlinqton şəhər stadionu. Texas, ABŞ.

15 iyul

23:00. İngiltərə – Argentina
Kanzas Siti şəhər stadionu. Missuri, ABŞ

DÇ-2026: Yarımfinal cütləri bəlli oldu

12 July 2026 at 12:00

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının (DÇ-2026) yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu raundda üz-üzə gələcək bütün komandaların adlarına 1/4 finalın son oyunundan sonra aydınlıq gəlib.

Argentina millisi İsveçrə üzərindəki inamlı qələbə sayəsində sonuncu yarımfinalçı olub.

Xatırladaq ki, daha öncə Fransa, İspaniya və İngiltərə milli komandaları da yarımfinala yüksəlmişdilər.

Beləliklə, mundialın yarımfinal mərhələsində aşağıdakı qarşılaşmalar baş tutacaq:

14 iyul
23:00. Fransa – İspaniya
Arlinqton şəhər stadionu. Texas, ABŞ.

15 iyul
23:00. İngiltərə – Argentina
Kanzas Siti şəhər stadionu. Missuri, ABŞ

Qeyd edək ki, DÇ-2026-ya iyulun 19-da keçiriləcək final qarşılaşması ilə yekun vurulacaq. Bundan öncə isə 3-cü yer uğrunda qarşılaşma baş tutacaq.

Kilian Mbappe və Usman Dembele 24 illlik rekordu təkrarladılar

10 July 2026 at 13:00

Fransa millisinin hücumçuları Kilian Mbappe və Usman Dembele dünya çempionatında 24 il əvvəl qeydə alınmış nailiyyəti təkrarlayıblar.

Arena.az xəbər verir ki, DÇ-2026-nın 1/4 finalında Mərakeşi 2:0 hesabı ilə məğlub etmiş Fransa yığmasının hər iki qolunu məhz Mbappe və Dembele vurub.

Bununla da Mbappe turnirdəki qol sayını 8-ə, Dembele isə 5-ə çatdırıb. Nəticədə Fransa millisi 2002-ci ildən bəri heyətində eyni dünya çempionatında ən azı 5 qol vuran iki futbolçuya sahib olan ilk komanda olub.

Sonuncu dəfə bu göstəriciyə 2002-ci il dünya çempionatında Braziliya millisi nail olmuşdu. Həmin mundialda Ronaldo 8, Rivaldo isə 5 qol vurmuşdu.

Qeyd edək ki, Kilian Mbappe hazırda DÇ-2026-nın bombardirlər siyahısına da şərikli liderlik edir. Fransa millisinin kapitanı Argentina yığmasının hücumçusu Lionel Messi ilə birlikdə 8 qola malikdir.

Oyundan sonra Mbappe ilk hissədə yerinə yetirə bilmədiyi penalti zərbəsinin səbəbini də açıqlayıb:

“Çox çətin vəziyyət idi. Hakim əvvəlcə penalti təyin etdi və mən zərbəyə hazırlaşmağa başladım. Sonra isə epizodun VAR-da yoxlanılacağını bildirdi. Bu, diqqətimi tamamilə yayındırdı, çünki əvvəllər belə vəziyyətlə heç vaxt qarşılaşmamışdım”, – deyə Mbappe bildirib.

Xatırladaq ki, fransız hücumçu qaçırdığı penaltidən sonra özünü toparlayaraq bir qol vurub və bir məhsuldar ötürmə ilə komandasının 2:0 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub.

Deşam: “Ardıcıl 3-cü dəfə yarımfinala yüksəlmək böyük uğurdur”

10 July 2026 at 06:00

DÇ-2026-nın 1/4 finalında Mərakeşi məğlub edərək yarımfinala çıxan Fransa millisinin baş məşqçisi Didye Deşam oyundan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının ardıcıl üçüncü dünya çempionatında ilk “dördlük”də yer almasını yüksək qiymətləndirib:

“Ardıcıl üçüncü dəfə dünya çempionatının yarımfinalına yüksəldik. Bu, kənardan adi və təbii görünə bilər, amma buna nail olmaq heç də asan deyil. Çətin oyun oldu, penalti epizodu da yaşandı. Mbappeyə gəlincə, onunla bağlı heç bir problem yoxdur. O, heç vaxt özünə inamını itirmir.

Kilianın topuq nahiyəsində yüngül zədəsi var idi və ağrı hiss edirdi. Manu Kone isə dizindən zərbə almışdı. Bu cür gərgin və sürətli oyunlarda belə hallar təəccüblü deyil.

Fransadakı insanların necə sevindiyini təsəvvür edirəm. Biz burada sanki öz dünyamızdayıq. Bu gün daha bir addım atdıq və yenidən son dörd komanda arasındayıq. Deməli, hələ də mübarizədəyik”, – deyə Deşam bildirib.

Mərakeş millisinin baş məşqçisi Məhəmməd Uahbi isə məğlubiyyətə baxmayaraq, komandasının inkişafını davam etdirəcəyini vurğulayıb:

“Etiraf etməliyik ki, çox güclü rəqibə qarşı oynadıq. İlk hissədə çətinlik çəkdik, Bunu penaltini dəf etdi.

İkinci hissədə həm müdafiədə daha yaxşı çıxış etdik, həm də topa daha sakit nəzarət etdik. Oyunumuz xeyli yaxşılaşdı. İlk hissədə bəzi futbolçuların nəfəsinin çatmadığı hiss olunurdu, amma eyni oyunçular fasilədən sonra daha yaxşı başladılar.

İlk qol mübahisəli epizoddan sonra vuruldu. Bəzi futbolçular əl oyunu gördükləri üçün dayanmışdılar. Əl ilə oyun var idi, amma bunun qayda pozuntusu olub-olmadığını dəqiq deyə bilmərəm. Daha sonra Mbappe fərdi keçidlə fərqləndi və qol vurdu.

Son dəqiqələr çox ağır keçdi. Amma biz inanmağa və işləməyə davam edəcəyik. Həmçinin zədələr və futbolçuların yorğun olduğu vaxtlarda seçim imkanımızın daha geniş olması üçün heyəti gücləndirməliyik.

Dayanmaq fikrində deyilik. Əlbəttə, çox məyusuq və daha artığını istəyirdik. Amma bu nəticəni qəbul etməliyik”, – deyə Uahbi bildirib.

Kilian Mbappe DÇ-2026-da rekordlar qırmağa davam edir

10 July 2026 at 05:00

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/4 finalında Mərakeşə qarşı keçirdikləri oyunda növbəti tarixi rekordlara imza atıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu 2:0 hesabıyla qalib gəldikləri bu matçda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

Düzdür, Kilian matçın 28-ci dəqiqəsində qazandığı penaltini qola çevirə bilməyib. Onun zərbəsini Mərakeş millisinin qapıçısı Yasin Bunu dəf edib. Buna baxmayaraq, Mbappe ikinci hissədə öz sözünü deyib.

O, 60-cı dəqiqədə hesabı açaraq DÇ-2026-da 8-ci qolunu vurub və həmin anda Argentina millisinin kapitanı Lionel Messiyə çataraq turnirin bombardirləri siyahısında birinci pilləni bölüşüb. Cəmi altı dəqiqə sonra isə Usman Dembelenin qoluna məhsuldar ötürmə verərək mundialda assistlərinin sayını 3-ə çatdırıb və 8 qol, 3 assistlə DÇ-2026-nın ən məhsuldar futbolçusuna çevrilib. Messinin aktivində isə hazırda 8 qol və 1 məhsuldar ötürmə var. Bombardirlər yarışında növbəti pillədə 7 qolla norveçli Erlinq Haland qərarlaşıb.

Mərakeşlə oyundakı qolu Mbappe üçün daha bir neçə tarixi nailiyyətlə əlamətdar olub. Fransalı hücumçu dünya çempionatlarında vurduğu qolların sayını 20-yə çatdıraraq bu həddi aşan tarixdə ikinci futbolçu olub. Bu göstəricidə o, yalnız 21 qolu olan Lionel Messidən geri qalır.

Kilian Mbappe eyni zamanda dünya çempionatlarında vurduğu qələbə qollarının sayını 8-ə yüksəldərək bu göstəricidə yeni mütləq rekord müəyyənləşdirib. O, indiyədək rekordu əlində saxlayan polyak Qjeqoj Lyatonu geridə qoyub.

Fransalı forvard pley-off mərhələsində də Lionel Messinin rekordunu təkrarlayıb. Mərakeşlə görüşdən sonra onun mundialların pley-off oyunlarında məhsuldar fəaliyyətlərinin sayı 14-ə (12 qol, 2 assist) çatıb. Messinin də pley-off mərhələsində 14 məhsuldar fəaliyyəti (7 qol, 7 assist) var.

Mbappe Fransa millisində də ilkə imza atdı

Kilian Mbappe Fransa millisinin heyətində də tarixi göstəriciyə imza atıb. O, yığmada 100 məhsuldar fəaliyyət həddini aşan ilk futbolçu olub. Hazırda onun hesabında milli komandada keçirdiyi 104 oyunda 64 qol və 37 məhsuldar ötürmə var.

Mbappe dünya çempionatlarında keçirdiyi oyunların sayına görə yığmanın rekordunu təkrarlayıb. 27 yaşlı futbolçu Mərakeşə qarşı oyuna start heyətində çıxmaqla dünya çempionatlarında 20-ci matçını keçirib. Bununla da Mbappe bu göstəricidə Fransa millisinin sabiq qapıçısı Uqo Lyorisin rekorduna şərik olub. 2018-ci il dünya çempionu olmuş Lyoris yığma karyerasını DÇ-2022-dən sonra başa vurmuşdu.

Bundan başqa, Mbappe dünya çempionatları tarixində iki müxtəlif mundialda ən azı 8 qol vurmuş ilk futbolçu olub. O, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında da 8 qol vuraraq turnirin bombardiri olmuşdu. Daha əvvəl Mbappe və Messi iki müxtəlif mundialda ən azı 7 qol vurmuş ilk futbolçular kimi tarixə düşmüşdülər.

Fransa millisi növbəti mərhələdə İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Didye Deşam DÇ-də mütləq rekorda bir addım da yaxınlaşdı

10 July 2026 at 04:00

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatlarında keçirilən oyunların sayına görə məşqçilər arasında rekorda şərik olub.

Arena.az xəbər verir ki, DÇ-2026-nın 1/4 finalında Mərakeş yığmasına qarşı keçirdikləri görüş 56 yaşlı mütəxəssisin mundiallarda 25-ci oyunu olub.

Bununla Deşam 1966–1978-ci illərdə Almaniya Federativ Respublikasının (AFR) millisini çalışdırmış Helmut Şönün rekordunu təkrarlayıb.

Fransa milli komandası yarımfinala yüksəldiyi üçün Didye Deşam növbəti görüşdə komandasını meydana çıxaracağı təqdirdə dünya çempionatları tarixində ən çox oyun keçirən baş məşqçi olacaq. Bununla da o, bu göstəricidə yeni mütləq rekorda imza atacaq.

Xatırladaq ki, Fransa millisi Mərakeş yığması ilə oyundan 2:0 hesablı qələbə ilə ayrılıb və ilk yarımfinalçı olub. Bu komanda növbəti raundda İspaniya – Belçika görüşünün qalibi ilə üz-üzə gələcək.

Kilian Mbappe zədələndi – DÇ-nin yarımfinalını buraxacaq?

10 July 2026 at 03:00

Futbol üzrə Fransa milli komandasının hücumçusu Kilian Mbappe DÇ-2026-nın 1/4 final mərhələsində Mərakeşə qarşı keçirdikləri oyunda zədə alıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu görüşün 77-ci dəqiqəsində zədələndiyi üçün əvəzlənib.

Madrid “Real”ına məxsus oyunçu meydanı öz ayağı ilə tərk edib və tribunadakı azarkeşləri alqışlayaraq onlara təşəkkürünü bildirib. Onun zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı müayinələrdən sonra müəyyənləşəcək. Amma böyük ehtimalla bu, ona növbəti matçda iştirak etməyə problem yaratmayacaq.

Mbappe özü də Mərakeşlə oyunda aldığı zədənin ciddi olmadığını bildirib:

“Topuğuma zərbə dəydi, amma hər şey qaydasındadır”, – deyə fransalı futbolçu M6 telekanalına açıqlamasında bildirib.

Xatırladaq ki, Fransa yığması Mərakeşlə görüşdə 2:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. Mbappe bu matçda bir qol vurub, bir məhsuldar ötürmə edib, eyni zamanda qazandığı penaltini qola çevirə bilməyib. Onun 28-ci dəqiqədə yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsini Mərakeş millisinin qapıçısı Yasin Bunu dəf edib.

Kilian Mbappe hazırda Argentina millisinin kapitanı Lionel Messi ilə birlikdə DÇ-2026-nın ən sərrast futbolçusudur. Hər iki oyunçunun aktivində 8 qol var.

Fransa millisi yarımfinalda İspaniya – Belçika cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026: İlk yarımfinalçı bəlli oldu

10 July 2026 at 02:00

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün 1/4 final mərhələsinə start verilib.

İlk yarımfinalçının adına Fransa – Mərakeş oyununda aydınlıq gəlib. Foksboro şəhərində (Massaçusets, ABŞ) təşkil edilmiş bu matç fransızların inamlı qələbəsiylə yekunlaşıb. Kilian Mbappe ilə Usman Dembelenin qolları Fransa yığmasını yarımfinala daşıyıb.

Növbəti yarımfinalçı iyulun 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq İspaniya – Belçika görüşündə müəyyənləşəcək. Məhz bu cütün qalibi Fransa yığmasına rəqib olacaq.

Sonuncu yarımfinalçıların adına isə Norveç – İngiltərə və Argentina – İsveçrə görüşlərindən sonra aydınlıq gələcək.

DÇ-2026
1/4 final
9 iyul

Fransa – Mərakeş 2:0
Qollar: Kilian Mbappe, 60. Usman Dembele, 66.

❌
❌