Normal view

Yesterday — 8 July 2026ARENA.AZ

“Sabah” ÇL-də Türkiyə, Fransa və Litva klublarına rəqib oldu

8 July 2026 at 17:00

Azərbaycan Basketbol Liqasının sonuncu qalibi olan “Sabah” komandasının FIBA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, bu, turnirin püşkatma mərasimindən sonra müəyyənləşib.

Azərbaycan çempionu A qrupunda Türkiyənin “Trabzonspor”, Fransanın “Nanter” və Litvanın “Ritas” klubları ilə üz-üzə gələcək.

Xatırladaq ki, əsas mərhələyə oktyabrın 6-da start veriləcək. Qrupun qalibi birbaşa ən güclü “16-lığ”a vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən “pley-in” mərhələsində üz-üzə gələcəklər.

“Sabah”ın baş məşqçisi Lazar Spasiç püşkatmanın nəticələrini dəyərləndirib. O, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Püşkatmanın nəticəsindən razı qaldığımı deyə bilmərəm. Fikrimcə, bu dəfə bəxtimiz gətirmədi. Açığı, sonuncu səbətdə yer alan Bilbao və Trabzon təmsilçiləri kimi güclü rəqiblərlə qarşılaşmaq istəməzdik. “Trabzonspor” artıq öz gücünü təsdiqləmiş və turnirin sürpriz komandalarından birinə çevrilmiş kollektivdir. Onların böyük büdcəyə malik olduğunu və turnirin ən güclü komandaları sırasında yer aldığını düşünürəm. “Nanter” də çox güclü çempionatda çıxış edən ciddi rəqibdir. Onlar ölkə çempionatını ilk üçlükdə başa vurublar. “Ritas” isə ötən mövsümün çempionudur. Bütün bunlara baxmayaraq, təslim olmaq fikrində deyilik. Bəli, kağız üzərində qrupun autsayderi hesab oluna bilərik, amma hər oyunda əlimizdən gələni edərək, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bu mövsüm yaxşı nəticələr göstərə biləcəyik”.

Yeri gəlmişkən, Azərbaycanın “Landau Lions” basketbol komandasının da FIBA Çempionlar Liqasındakı rəqibi bəlli olub. Komanda 2-ci təsnifat mərhələsinin 1/8 finalında Latviyanın “Riqa” kollektivi ilə üz-üzə gələcək. Oyunlar sentyabrın 14-20-si aralığında keçiriləcək.

❌
❌