Normal view

Before yesterdayARENA.AZ

Skaloni: “Messinin fədakarlığı heyrətamizdir”

23 June 2026 at 01:00

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsində Avstriyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirilmiş bu oyunda argentinalılar 2:0 hesablı qələbəyə seviniblər.

Lionel Skaloni matçdan sonra təşkil edilmiş mətbuat konfransında komandanın kapitanı Lionel Messinin çıxışını yüksək qiymətləndirib. 38 yaşlı hücumçu matçda dubla imza ataraq Argentina yığmasına vaxtından əvvəl 1/16 final mərhələsinə vəsiqə qazandırıb. Skaloni xüsusilə Messinin meydandakı fədakarlığını vurğulayıb:

“Komandamız çətinlik çəkdiyi anlarda belə Leo top qazanmağa, sonadək mübarizə aparmağa davam edirdi. O, rəqib meydanının yarısında topu saxlayır, nə qədər motivasiyalı olduğu açıq şəkildə görünürdü.

Futbolda belə fədakarlığa tez-tez rast gəlmək olmur. Amma Leo hər zaman özünü məhz belə göstərib. Bu, sadəcə heyrətamizdir və biz buna görə çox sevinirik. Düzünü desəm, Messi haqqında daha nə demək olar, bilmirəm”.

Avstriya ilə oyunda vurduğu iki qol sayəsində Messi yalnız komandasına vacib qələbə qazandırmayıb, həm də rəsmi olaraq dünya çempionatları tarixinin ən məhsuldar futbolçusu adına sahib çıxıb.

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik də Argentina ilə matçdakı məğlubiyyəti şərh edib:

“Daha artığına nail ola bilərdik. Amma ümumilikdə oyunumuz planlaşdırdığımız kimi – cəsarətli və aqressiv idi.

İstərdim ki, bir-iki epizodda bir qədər daha cəsarətli davranaydıq və uzaq məsafədən zərbələr endirəydik. Xüsusilə ilk hissədə bunun üçün imkanlar var idi.

Əks-hücumdan ikinci qolu buraxmağımız çox üzücüdür. Lakin ümumilikdə pis çıxış etmədik”.

Skaloni və Pektoviç matçı qoyub, Messidən danışdılar

17 June 2026 at 08:00

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının qrup mərhələsində Əlcəzairə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində üz-üzə gəliblər və yekunda Argentina yığması 3:0 hesablı qələbəyə sevinib.

Lionel Skaloni matçdan sonra təşkil edilmiş mətbuat konfransında daha çox bu oyunun qəhrəmanı Lionel Messidən söhbət açıb:

O, Messinin yüksək oyunu sayəsində qalib gəldiklərini bildirib:

“Messi istədiyi müddətcə dünyanın ən yaxşısı olmağa davam edəcək. Onun barəsində deməyə söz tapmıram. Lionel bunu artıq 20 ildir bacarır. Messinin bütün dünyaya ötürdüyü hissləri və göstərdiyi futbolu dəyərləndirməliyik. Bu, həqiqətən, inanılmazdır. Biz isə oyundan-oyuna mübarizəmizi davam etdirəcəyik.

Qarşıya çıxan problemləri vaxtı gəldikcə həll edəcəyik. Komanda razıdır, biz bir çox futbolçuya oyun vaxtı verdik. Ümid edirəm ki, növbəti matçı da qazanacağıq ki, üçüncü qrup oyununda bütün futbolçular şans əldə edə bilsinlər”.

Əlcəzair yığmasının baş məşqçisi Vladimir Petkoviç də bu qarşılaşmada het-trik etmiş Lionel Messi haqqında danışıb:

“Sinif və ustalıq daim qalır. Çünki biz sıradan bir futbolçudan yox, karyerası ərzində yeddi və ya səkkiz dəfə “Qızıl top” qazanmış bir oyunçudan danışırıq.

Təəssüf ki, ilk və ikinci qolları vurmaq imkanı ona özümüz verdik və bunu etməsi onun üçün asan oldu. Onun bəxti gətirib ki, bütün Argentina yığması onun üçün çalışır və ona dəstək verir. O isə artıq neçə illərdir, bəlkə də onilliklərdir, inanılmaz işlər görür.

Bu gün Argentina yığmasının qapıya ümumilikdə 10 zərbəsi oldu və onların yeddisini Messi vurdu”.

❌
❌