Normal view

Today — 4 February 2026Main stream

Veysəl Rzayevin bıçaqlanması ilə bağlı cinayət işi açıldı

4 February 2026 at 10:00

Ötən gün Gəncə şəhərində “Kəpəz” komandasının futbolçusunun Veysəl Rzayevin bıçaqlanması ilə bağlı cinayət işi açılıb.

Arena.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Xatırladaq ki, ötən gün səhər saatlarında 2001-ci il təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.

Artıq Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Veysəl Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Onu da qeyd edək ki, Veysəl Rzayev hazırda xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

Before yesterdayMain stream

Rafael Fiziyev Maurisio Ruffiyə nokautla uduzdu

1 February 2026 at 10:00

Fevralın 1-də Avstraliyanın Sidney şəhərində keçirilmiş UFC turniri çərçivəsində azərbaycanlı döyüşçü Rafael Fiziyev də oktaqona çıxıb.

Arena.az xəbər verir ki, yüngül çəki dərəcəsində baş tutmuş və turnirin üçüncü ən vacib döyüşü hesab olunan qarşılaşmada UFC reytinqində 9-cu pillədə yer alan Rafael Fiziyev 70 kq çəki dərəcəsində 14-cü olan braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.

Döyüşdə qələbəni ikinci raundda nokautla Maurisio Ruffi qazanıb.

32 yaşlı Fiziyevin peşəkar karyerasında 13 qələbə (9-u vaxtından əvvəl) və 5 məğlubiyyət var.

29 yaşlı Maurisio Ruffi isə peşəkar karyerasına 2016-cı ilin sentyabrında başlayıb. Bu döyüşdən sonra braziliyalı idmançının aktivində 13 qələbə və 2 məğlubiyyət yer alır.

Fiziyev braziliyalı döyüşçüyə uduzduğu görüşdən sonra fikirərini bölüşüb. O, sosial şəbəkə hesabındakı paylaşımında bildirib ki, özünü inkişaf etdirib daha irəli gedəcək:

“Nə deyə bilərəm ki? Deyəcək bir söz yoxdur. Yaxşıca döyüldüm. Texniki nokaut. Nə etmək olar? Mən cəsarətimin çatdığı o həyatı yaşayıram. Bəli, mən buna cürət etdim. Mən döyüşçüyəm, geri qayıdacağam. Yenə də davam edəcəyəm, özümü inkişaf etdirəcəyəm, irəli gedəcəyəm və hamını qələbələrimlə sevindirməyə çalışacağam. Bunun öhdəsindən gələcəyəm. Dəstək olan hər kəsə təşəkkür edirəm. Hamınızı sevindirmək alınmadı…”

Tahir Gözəl: “Qarabağ” öz oyunundan, yolundan dönməyəcək”

30 January 2026 at 20:30

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın prezidenti Tahir Gözəl Ağdam klubunun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunun “Liverpul”la oyununa, komandanın pley-offa vəsiqə qazanmasına və püşkatmanın nəticəsinə münasibət bildirib:

“Komandamız Azərbaycan futbolunda daha bir ilki gerçəkləşdirdi. Bu uğur ÇL-in Liqa mərhələsinin “Liverpul”la “Enfild Roud”dakı ağır qarşılaşmadan sonra rəsmiləşdi. “Qarabağ”ın son turun nəticələrindən sonra ilk “24-lük”də yer alması Azərbaycan futbolu üçün tarixi nəticədir. Bu, təsadüf deyil, uzun illərin zəhmətinin, səbrin və sistemli işin nəticəsidir. “Liverpul”la oyun ağır keçdi. Bu, hamımız üçün aydındır və tamamilə normaldır. Futbolun səviyyəsi artdıqca çətinliklər də artır. Dünyanın ən güclü komandaları belə bəzən istədiyi nəticəni əldə edə bilmirlər. Ona görə də bu oyunu faciə kimi yox, yolumuzun üzərində dəyərli bir təcrübə kimi qəbul edirik”.

Tahir Gözəl tarixi uğurla yanaşı, bütün ölkə tərəfindən inam və dəstəyin olmasını da qeyd edib:

“Əsas məsələ isə budur ki, “Qarabağ” növbəti dəfə tarix yazdı. “Liverpul”a böyükhesablı məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə vəsiqəni təmin etdik. Sanki bu məqamda ilahi bir toxunuş, ilahi bir nəzər bizə dəstək oldu, əməyimizi bərəkətləndirdi. Mənim üçün bu uğurun ən qiymətli tərəfi xalqımızın komandaya olan inamını qorumasıdır. Nəticədən asılı olmayaraq, bütün ölkənin “Qarabağ”ın yanında olması böyük mənəvi gücdür. Aldığımız saysız-hesabsız dəstək mesajları bunun ən bariz göstəricisidir. Hər kəs anlayır ki, bu səviyyəyə yüksəlmək nə qədər çətindir. Qarşımızda dayanan klublar böyük tarixə, geniş maliyyə imkanlarına və illərlə formalaşmış futbol mədəniyyətinə sahibdirlər. Amma “Qarabağ” bu səviyyədə yalnız nəticə ilə deyil, duruşu ilə də öz yerini təsdiqlədi”.

“Qarabağ” bundan sonra da bütün gücünü ortaya qoyacaq”

Tahir Gözəl “Enfild Roud”dakı matçın ən dəyərli məqamlarına da toxunub:

“İngiltərədə, oyunun 44-cü dəqiqəsində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarının səslənməsi, bayrağımızın tribunada dalğalanması bir daha göstərdi ki, biz təkcə bir futbol klubu deyilik. Biz bir xalqın səsini, ruhunu və kimliyini təmsil edirik. Dünya bunu gördü və artıq “Qarabağ”a başqa gözlə baxır.

“Qarabağ” bu missiyanı davam etdirir, dayanmır və dayanmayacaq. Qurban Qurbanov tarixi şəxsiyyətdir. “Qarabağ” – dəyərlərə malik, adına layiq olan, təmiz və böyük bir ailədir”.

Tahir Gözəl azarkeşlərə və futbol ictimaiyyətinə təşəkkürünü də çatdırıb:

“Bu yolda bizə inanan, dəstəyini əsirgəməyən hər kəsə minnətdaram. Bu uğur təkcə klubun yox, bütün Azərbaycanın uğurudur. Qarşıda bizi daha çətin, amma bir o qədər də məsuliyyətli mərhələ gözləyir. Əmin ola bilərsiniz ki, “Qarabağ” bundan sonra da ölkəmizi Avropada ləyaqətlə təmsil etmək üçün bütün gücünü ortaya qoyacaq”.

Klub prezidenti pley-off mərhələsinin bu gün keçirilmiş püşkatmasına da münasibət bildirib:

“Avropanın ən nüfuzlu klub turnirində pley-off mərhələsinə yüksəlmək hər klubun arzusudur və bu mərhələ artıq təkcə futbol yox, xarakter, inam və ruh mübarizəsidir. Çempionlar Liqasında yoluna davam edən komandaların hər biri zirvəni hədəfləyir. “Böyük beşlik” liqasını təmsil edən komanda ilə qarşılaşmaq həm məsuliyyət, həm də böyük qürurdur. İngiltərənin “Nyukasl Yunayted” klubunun ölkəmizə gəlməsi Azərbaycan futbolu üçün bayramdır, tribunalar üçün həyəcan, gənclər üçün isə ilham mənbəyidir. Azarkeşlərimizin qarşısında Çempionlar Liqasının əsl ab-havasını yaşadacağımıza ürəkdən sevinirəm.

Bu mərhələdə də meydanda son saniyəyədək mübarizə aparacağıq. Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik. Əzmimizlə, xarakterimizlə, birlik ruhumuzla Azərbaycan futbolsevərlərinə unudulmaz anlar bəxş etmək istəyirik. Komandama inamım sonsuzdur. Əminəm ki, futbolçularımız hər iki oyunda sonadək döyüşəcək, heç bir rəqibdən çəkinmədiklərini, bu səviyyəyə layiq olduqlarını və Azərbaycanın futbol xəritəsində artıq söz sahibi olduğunu bütün Avropaya bir daha göstərəcəklər”.

UEFA reytinqi: “Qarabağ” Azərbaycanı 26-cı sıraya daşıdı

29 January 2026 at 18:00

Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) Liqa mərhələsinin sonuncu – 8-ci turunun oyunlarından sonra reytinq siyahısı yenilənib.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu həftə İngiltərənin “Liverpul” komandası ilə qarşılaşıb və 0:6 hesablı məğlubiyyətə üzülüb.

Çempionlar Liqasının əsas mərhələsini 22-ci pillədə başa vurmuş “Qarabağ” daha 0,750 bonus əmsalı qazanıb. Bu nəticə Azərbaycana UEFA reytinqində Sloveniyanı geridə qoymağa imkan verib.

Hazırda Azərbaycan 22,937 əmsalla 26-cı yerdə qərarlaşıb. Sloveniyanın aktivində isə 22,843 əmsal var. Lakin 26-cı pillə uğrunda mübarizə hələ başa çatmayıb. Sloveniyanın Konfrans Liqasında bir təmsilçisi – “Çelye” komandası qalır. Bu komanda 1/16 final mərhələsində Kosovo təmsilçisi “Drita” ilə qarşılaşacaq. “Çelye” “Qarabağ”ın PSJ və ya “Nyukasl”la oyunları ilə müqayisədə daha çox xal toplamaq şansına malikdir. Bu səbəbdən Azərbaycanın 26-cı yeri qoruması asan olmayacaq.

Cari mövsümdə Azərbaycan klubları ümumilikdə 23,250 əmsal toplayıblar. Bu göstərici avrokuboklarda çıxış edən 4 klubun sayına bölündükdə 5,812 reytinq əmsalı əldə olunur.

5,812 əmsal Azərbaycan klub futbolu tarixində ən yüksək nəticə deyil. Rekord 2023/2024-cü illər mövsümündə qazanılmış 5,875 əmsal olub. “Qarabağ” qarşıdakı 1/16 final mərhələsinin iki oyununda heç olmasa bir dəfə məğlubiyyətsiz çıxış edərsə, bu rekord yenilənəcək.

Qeyd edək ki, bu mövsüm toplanan 23,250 əmsaldan 18,750-si məhz “Qarabağ”ın payına düşür. Ağdam klubu UEFA Çempionlar Liqasının seçmə mərhələsində 5 əmsal, əsas mərhələyə yüksəlməyə görə 6 bonus əmsalı, əsas mərhələdə 7 əmsal, 22-ci yerə görə isə əlavə 0,750 bonus əmsalı qazanıb.

Klub reytinqində “Qarabağ” 42,750 əmsalla 58-ci yerdə qərarlaşıb. Qurban Qurbanovun komandası bu mövsüm klub reytinqi üçün topladığı xallara görə də rekord müəyyənləşdirib. Hazırda “Qarabağ”ın aktivində 13,750 əmsal var. Əvvəlki rekord 2023/2024-cü illər mövsümündəki 11 əmsal idi.

Xatırladaq ki, 55 ölkənin yer aldığı reytinq cədvəlinə hazırda İngiltərə başçılıq edir – 110,908. İtaliya (95,196) ikinci, İspaniya (89,328) üçüncü, Almaniya (86,402) dördüncü, Fransa (77,891) beşincidir.

“Qarabağ” üçün “Nyukasl” və ya PSJ

29 January 2026 at 02:20

Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanmış “Qarabağ”ın rəqibinin müəyyənləşəcəyi vaxt bəllidir.

Arena.az xəbər verir ki, ÇL-in pley-off mərhələsinin püşkatma mərasimi yanvarın 30-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

Tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Azərbaycan çempionu bu mərhələnin püşkatması zamanı “səpələnməmişlər” səbətində yer alacaq. Buna səbəb Ağdam təmsilçinsinin 22-ci yeri tutmasıdır.

Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutmuş “Monako” və “Qarabağ” “səpələnmişlər” səbətinə düşmüş 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. Bu o deməkdir ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi ya 11-ci yeri tutmuş PSJ (Fransa) və ya 12-ci olmuş “Nyukasl” (İngiltərə) olacaq.

Azərbaycan çempionu pley-offa mərhələsində ilk matçını Bakıda, cavab oyununu səfərdə keçirəcək.

Bu mərhələnin görüşləri 17/18 fevral və 24/25 fevralda keçiriləcək.

❌
❌