Normal view

Yesterday — 6 February 2026Main stream

“Şəfa”nın baş məşqçisi: “Fərqi qorumaq bizim üstünlüyümüzdür”

6 February 2026 at 15:26

“Şəfa” I Liqada mövsümün ikinci dövrəsinə xal itkisiylə başlayıb.

Bakı təmsilçisi doğma meydanda “Baku Sportinq”lə heç-heçə edib – 1:1. Komandanın baş məşqçisi Elgiz Kərəmli “Futbolpress.az”a açıqlamasında nəticəni şərh etdi:

“İlk oyunlar həmişə gərgin keçir. Xal itirsək də, turnir cədvəlində vəziyyət hələ də biz istəyən kimidir. Oyunun gedişinə baxsaq, iki xal itirdik. Ani səhvdən qol buraxdıq və üstünlüyü əldən verdik. Qarşıdakı oyunlarda bunları aradan qaldırmağa çalışacağıq. Səhvləri minimuma endirib, liderliyimizi qorumalıyıq”.

“Şəfa” növbəti turda “Səbail”lə qarşılaşacaq. Hazırda birinci sırada olan “Şəfa”nın 31, üçüncü “Səbail”in isə 25 xalı var. Çempionluq mübarizəsində olan komandaların dueli mövsümün ən kritik oyunlarından olacaq. Kərəmli matçla bağlı gözləntilərini bölüşdü:

“Qarşıda uzun marafon var. Xal itkiləri qaçılmazdır. Nəzərə alaq ki, ilk turlarda iddialı komandalarla qarşılaşırıq. Əsas məsələ xal fərqini qorumaqdır ki, əlavə təzyiq yaranmasın. “Səbail”lə oyunda qələbə qazanmaq istəyirik ki, yenidən fərqi artıraq. Məqsəd liderliyi davam etdirməkdir. Futbolçular da məsuliyyəti dərk edir. Fərqi qorumaq bizim üstünlüyümüzdür”.

“Şəfa” qış transfer dönəmini “sakit” keçirir. Kərəmli hücumçu transferi istədiklərini, ancaq hələ reallaşan nəsə olmadığını bildirdi:

“Yeni transferə hər zaman ehtiyac olur. Qış fasiləsində oyunçuların klublarıyla müqaviləsi olduğu üçün transfer etmək çox çətindir. Hücum xəttinə oyunçu istərdik, amma indiki məqamda bizdən asılı olmayan səbəblərə görə mümkünsüz görünür”.

Şahin Cəfərov

❌
❌