Erlinq Haland – Son beş ildə millidə ən çox qol vurmuş futbolçu!
Futbol üzrə Norveç millisinin və “Mançester Siti”nin mərkəz hücumçusu Erlinq Haland növbəti uğuru ilə diqqət mərkəzinə düşüb.
Arena.az xəbər verir ki, son beş ildə milli komandaların heyətində ən çox qol vurmuş futbolçuların siyahısı açıqlanıb.
Siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərtib edib. Haland bu siyahıda birinci pillədə qərarlaşıb. 25 yaşlı forvard beş il ərzində yığmada 49 qola imza atıb. O, 2021-ci ildə 6, 2022-ci ildə 9, 2023-cü ildə 6, 2024-cü ildə 11, 2025-ci ildə isə 17 dəfə rəqib qapılarına yol tapıb.
İngiltərə millisindən Harri Keyn ikinci sıradadır. 32 yaşlı oyunçu son beş ildə yığma forması ilə 46 dəfə fərqlənib. İlk “3-lüy”ü Lionel Messi qapayır – 44 qol. Portuqaliyalı Kristiano Ronaldo isə dördüncüdür – 41 qol.
Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 29 qol vurub, 6 məhsuldar ötürmə verib.
Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 183 oyun, 153 qol və 27 məhsuldar ötürmədən ibarətdir.
Haland “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2 dəfə), İngiltərə Kubokunun, İngltərə Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 48 oyuna 55 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı norveçli hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.