Yararsız meydan və qəzəb
“Qarabağ” Premyer Liqanın XX turunda “İmişli”yə qalib gəlib – 1:0.
Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan matçda nəticə yox, meydançanın durumu və hakimlik müzakirə olundu. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası açıqlamasında da hiddətli danışdı, bu arenada futbola icazə verənlərə narazılığını bildirib, tənqidi fikirlərini söylədi. Mütəxəssis Çempionlar Liqasında “Nyukasl”la oyunöncəsi belə səfərin komandanın əleyhinə olduğunu vurğuladı.
“Qarabağ”dan əvvəl də bu arenada “İmişli”nin qonağı olan klublar narazılıqlarını bildirsələr də, çarə tapılmır. Futbolçuların daha çox güc sərf etməsi, zədələrin qaçılmaz olması iddialı komandalar üçün həyəcan yaradır. Bu vəziyyətin meydan sahibi “İmişli”yə sərf etməsi də realdır. Hədəfi liqada qalmaq olan komanda ev matçlarında qələbə qazana bilməməsinə baxmayaraq, kifayət qədər heç-heçələr edib. “Sabah”, “Neftçi”, “Zirə” kimi komandalardan bir xal qoparmağı bacaran bölgə klubu futbola yararsız arenadan öz faydasını götürmüş olur.
Digər məsələ isə hakimliklə bağlıdır. İkinci hissədə Kadi Borgesin qırmızı vərəqə aldığı epizod müzakirəyə açıqdır. Daha əvvəl “İmişli”nin oyunçusunun braziliyalını çəkməsinə baxmayaraq, Kadinin onu itələməsi birbaşa “qırmızı” ilə dəyərləndirildi ki, bu da kifayət qədər ağır qərardır. Daha sonra meydan sahiblərinin futbolçusu Dieqo Almeydanın etirazlarının yekunu da “qırmızı” ilə nəticələndi.
İki “qırmızı”, bir qol, bərbad meydança və narazılıqlar fonunda “Qarabağ” çətin də olsa, qələbə qazanmaqla, bir oyun az keçirən lider “Sabah”la fərqi minimuma endirdi.
Şahin Cəfərov