“Qarabağ”la oyunu unutmaq lazım idi” – Rüfət
“Şamaxı” Misli Premyer Liqasının XXIII turunda “İmişli” ilə heç-heçə edib – 0:0.
“Şirlər”in futbolçusu Rüfət Abbasov matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Qələbə üçün nə çatmadı?
– Çətin olacağını bilirdik. Qələbə qazanmaq istəyirdik. Rəqib çox yaxşı müdafiə olunmağı bacarır. Son oyunlarda da uduzmurdular. İstəyirdik ki, qələbə qazanıb, xallarımızı artıraq. Amma indiki məqamda bir xal da pis deyil.
– “Qarabağ”la ağır kubok oyununun bu görüşə təsiri nə dərəcə oldu?
– “Qarabağ”la oyunda psixoloji və fiziki yorulmuşduq. “Qarabağ”la oyunu unutmaq lazım idi. “İmişli” ilə matçda istəyimiz qalibiyyət idi, alınmadı.
– Komanda altı oyundur, qələbə qazana bilmir. Səbəb nədir?
– Hər oyuna qələbə üçün çıxırıq. Bəzən alınır, bəzən yox. Qarşıdakı matçlarda bu seriyanı bitirməliyik.
– Komanda və fərdi olaraq oyununuzda eniş hiss edirsiniz?
– Eniş olduğunu düşünmürəm. Əksinə, daha yaxşı oynayırıq. İndi bəzən istədiklərin alınır, bəzən yox. Növbəti matçlarda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
– Liqada demək olar, yerinizi möhkəmlətmisiz. Oyunlara köklənmək çətin olmur?
– Xeyr. Xallarımızı artırmaq istəyirik. Hər oyuna qələbə motivasiyası ilə çıxırıq.
Şahin Cəfərov