“Qarabağ”la yolu açılanlar
“Qarabağ”ın futbolçusu Kamilo Duran ilk dəfə Kolumbiya yığmasına dəvət alıb. 24 yaşlı hücumçu Fransa və Xorvatiyaya qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün çağırılıb.
Kamilo “Qarabağ”da oynayan zaman ilk dəfə millidən dəvət alan birinci futbolçu deyil. Daha əvvəl də “atlılar”la liqada və Avropada sərgilədiyi oyunla yığmasına çağırılanlar olub.
“Qarabağ”da çıxışı ilə milliyə düşən birinci oyunçu Patrik Andradedir. Yarımmüdafiəçi 2020-ci ildə Kabo-Verde millisinə çağırılıb və debüt edib. Onun həmyerlisi Leandro Andrade də ilk dəfə “Qarabağ”da olan zaman yığmada debüt edə bilib.
Azərbaycan çempionundakı oyunu ilə milliyə yolu açılan Marko Yankoviç, Marko Veşoviç, Yassin Benzia kimi adlar da var. Onlar daha əvvəl yığmalarında debüt etsə də, sonradan kənarda qalmış, ancaq “Qarabağ”dakı oyunları ilə diqqətləri üzərlərinə çəkərək millilərinə dəvət alıblar.
Hazırda “Qarabağ”ın formasını geyinən Leandro Andrade və Kamilo Duran üçün isə dünya çempionatında oynamaq şansı var. Hər iki oyunçunun yığması mundialda mübarizə aparacaq. Onlar mövsümün sonuna kimi performanslarını daha yaxşılaşdıra bilsə, ilk dəfə Azərbaycan klubundan oyunçular dünya çempionatında iştirak etmi olacaq.
Şahin Cəfərov