Nə edirsən, Elvin?
“Qarabağ” yarımfinalda “Sabah”a məğlub olub ölkə kubokundan ələnəndən sonra Elvin Cəfərquliyevin sosial şəbəkədə paylaşımı:
![]()
Niyə ay yoldaş? Bu nə deməkdir?
Məqsəd?
Niyyət?
Nə demək istəyirsən, yoldaş Cəfərquliyev?
Əvəzedici heyətə göndərilməyin cavabıdır bu?
Yoxsa nə?
Ümumiyyətlə, ölkə gündəminin 2-3 ən qaynar mövzusundan biri bu məsələ idi. Ən müxtəlif iddialar səsləndirilir.
Lakin fikir versəniz, peşəkarlar hələ bu mövzuya toxunmayıb.
Çünki məğz tam aydın deyil. Belədə tərəfləri haqlı və ya haqsıza ayırmaq doğru olmaz.
Klub onu cəzalandırıb. Bu klubun mövqeyidir. Etik olaraq detalı açıqlamamaları anlaşılandır. Lakin Elvini zavallı obrazında göstərənlər yanılırlar.
Elvin doğrudan da iddia etdiyiniz qədər haqsızlığa uğrayıbsa, tribunamız açıqdır, danışsın, dərc edək.
Danışmır. Əvəzində belə bir paylaşım.
Hərdən düşünürəm, əksər idmançılarımız psixoloqla sıx işləməlidir. Rabitəsiz davranışları, absurd yanaşmaları belə düşünməyə vadar edir.
Qardaş, yoldaş, paylaşımın pis görünür. Acıqlısansa, bunu əndirabadi işarələrlə büruzə verməyə çalışma. Yanındayıq, açıq de, reallıq ictimailəşsin, haqsızlıq üstündən çəkilsin.
Həm danışmırsan, həm də atmaca mahiyyətli paylaşım…
Faktiki olaraq ən yaxşılarımızdan birisən, hər hərəkətin, davranışın, qərarın diqqət mərkəzindədir. Ruh halın belə bizi narahat edə bilər.
Nə baş verirsə, açıqlanası deyilsə, yaxşı, olsun, onda belə qəribə, tayminqi uğursuz, forması itici paylaşımın yaratdığı suallar da dağılsın ətrafa…
Allah kömək olsun!
Kamil Əhməd