Lionel Messi MLS-də yeni rekordçu oldu
Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.
Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-in 2026-cı il mövsümünün növbəti turu çərçivəsində “Toronto” ilə qarşılaşıb.
“Vağlar” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıblar – 4:2. Messi 90 dəqiqə meydanda olub və 1 qol və 2 assistlə yadda qalıb. O, komandasının 75-ci dəqiqədə vurduğu sonuncu qolun müəllifi olubsa, 56-cı dəqiqədə Luis Suaresin, 73-cü dəqiqədə Serxio Regilonun fərqlənməsinə şərait yaradıb.
Bu oyundakı 1 qol və 2 assist sayəsində Messi MLS-in tarixində “qol+ötürmə” sisteminə görə 100-ə ən tez çatan oyunçu olub. Bu nailiyyət üçün ona 64 oyun kifayət edib. Onun aktivində 59 qol, 41 qol ötürməsi var.
Əvvəlki rekord “Toronto”nun sabiq oyunçusu Sebastyan Covinkoya (95 matçda 58 qol və 42 məhsuldar ötürmə) məxsus idi. Bu kateqoriyada ilk “üçlüy”ü “Los Anceles Qalaksi”də oynamış Robbi Kin tamamlayır. İrlandiyalı futbolçu 96 matçda 62 qol vurub və 39 məhsuldar ötürmə edib.
“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 12 oyundan sonra 22 xalla 3-cü pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 12 oyunda 6 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 13 oyuna çıxıb, 10 qol vurub, 3 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 101 oyun, 87 qol və 47 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu Mayami təmsilçisi ilə Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 48-ci qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 198 oyun keçirib, 116 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.