Normal view

Today — 12 May 2026Main stream

Rəşad Sadıqov: “İtirəcək çox şeyimiz var”

12 May 2026 at 19:05

Azərbaycan Kubokunun finalında “Sabah” ilə “Zirə” arasında baş tutacaq final matçından əvvəl “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı təşkil olunub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə matçdan gözləntilərini bölüşüb:

– Bizi olduqca önəmli oyun gözləyir. Matça yaxşı hazırlaşa bilmişik. Könül istərdi ki, daha çox vaxtımız olsun. Sabah 40 gün tamam olacaq ki, 9-cu oyunumuza çıxacağıq. Müəyyən yorğunluq, gərginlik var və bu da normaldır. Sabah ilk dəqiqələrdən həyəcanı, təzyiqi atıb, mövsümün ən yaxşı oyunlarından birini keçirmək istəyirik. Qarşımızda güclü komanda var. Baxımlı futbol oynayırlar və yaxşı məşqçilər heyəti var. Oyunun mahiyyətini başa düşürük. Əlimizdən gələni edib, qalib olmağa çalışacağıq.

– Bu sualı “Zirə”nin baş məşqçisi yox, mütəxəssis kimi dəyərləndirməyinizi istəyirdim. Sabah kimi daha üstün görürsünüz?
– Mövsümün geridə qalan hissəsi hər şeyi aydın göstərib. Amma finalda qələbə qazanmaq üçün nələr etməliyik deyə düşünürük. Oyun planımız, hədəfimiz var. Çalışacağıq ki, ilk dəqiqələrdən intizamlı olaq.

– Həmkarınızın 7 titulu var, amma siz də kubokda iki final oynamısınız. Təcrübə baxımından özünüz üçün hansısa üstünlük var?
– Finallarda favoritlərlə qarşılaşmışıq. Bu il də qismətdən “Sabah” rəqibdir və onlar çempiondurlar. Rəqibdə müəyyən psixoloji üstünlük var, daha inamlıdırlar. Məşqçiləri də təcrübəlidir, kubokları var. Bizim üzərimizdə təzyiq daha çoxdur, itirəcək çox şeyimiz var. Amma rəqibdə belə deyil, çempion olublar. Ona görə biz daha döyüşkən olmalıyıq. Çempionat yolu ilə avrokuboklara getmək çətin görünür. Ona görə demək olar, sabahkı matç bizim üçün son şansdır.

– Sabah bir çox klubun azarkeşi “Sabah”a dəstək olacaq. Həm “Qarabağ”, həm “Neftçi”, həm də “Turan Tovuz” onların qələbələrini arzulayır. Bu məqam sizin üçün əlavə motivasiya ola bilər?
– Futbolçularla da bu haqda danışmışıq. Elə vəziyyət yaranıb ki, finaldakı məğlubiyyətimiz dörd komandaya sərf edir. Mən də onların yerində olsaydım, “Sabah”ın qalib gəlməsini istərdim. Amma ümumilikdə bu məqam bizim üçün hansısa əlavə motivasiya yaratmır.

– Bundan əvvəlki finallarda yaxşı oynamısınız. Bu rəqiblə son duel bərabərliklə başa çatıb. Sabah onlara qarşı necə oynayacaqsınız?
– Bəzi sualları burda cavablamaq olmur. Amma belə deyə bilərəm ki, hansısa sürpriz seçim düşünmürük. “Sabah” erkən qol vurub, rahat oynamağa çalışacaq. Bizim də planlarımız var. İstərdik ki, baxımlı oyun oynayaq. Sabah necə olacağını görəcəyik. Qələbə üçün əlimizdən gələni edəcəyik.

– Son oyunu Qubada “İmişli”yə qarşı keçirmisiniz və çox güc sərf etmişdiniz. Bu, matça necə təsir edəcək?
– Kubokla bağlı daha əvvəl ən çox narazılıq edən baş məşqçi mən olmuşam. Hər mövsümə 1/8 finaldan başlayırıq. Bu dəfə də rəqibimiz “Neftçi” idi. Bu gün də final mövsüm başa çatmamışdır, indi də bundan gileylənirik. “İmişli” səfərində palçıqda oynamaq əlavə yorğunluq yaratdı. Oyuna çox güc qoya bilmədik. Məcbur olduq ki, bəzi futbolçuları dəyişək. Çünki orda 90 dəqiqə oynayan futbolçu hər an zədələnə bilər.

– Həmkarınız Dambrauskasa fərdi duellərdə çox uduzmusunuz. Qisas düşüncəniz varmı?
– “Sabah”a bu mövsüm iki dəfə uduzmuşuq. Aqressiyam yoxdur, sevinirəm ki, çempionatımızda onun kimi məşqçi var. Ümid edirəm ki, bir gün eyni şərtlərdə qarşılaşarıq. Bu, mənim üçün daha maraqlı olar.

– Komandada əhval necədir?
– Əhval yaxşıdır. Sabah üçüncü finalımızı oynayacağıq. Futbolçularıma təşəkkür etmək istəyirəm, altı ilimdə üç final gördük. Çempionatda 5 dəfə ikinci, 1 dəfə üçüncü olmuşuq. Kubokda medallar uğrunda mübarizə aparmışıq. Liqada son iki ilin gümüş mükafatçılarıyıq. Şəraiti nəzərə alsaq, futbolçulara çox sağ ol düşür.

– Penaltilər seriyasına hazırlaşmısınız?
– Bəli, təbii olaraq. Mən də Dambrauskasın yerində olsaydım, penaltilərə hazırlaşmazdım. Düşünürəm ki, sabahkı finalda oyun penaltilərə getsə, bizimçün uğurlu ola bilər. Biz də istərdik ki, qələbəni 90 dəqiqədə qazanaq. Liqada “İmişli” ilə matçda xal itirdik və liqa yolu ilə avrokuboklara getmək şanslarımızı azaltdıq. Orda fərqli gedişlər edə bilərdik, amma kuboka görə saxladıq. Əsas diqqətimiz burdadır. Futbolçularıma bu illərdə göstərdikləri mübarizələrə görə əvvəldən təşəkkür edirəm. Çalışacağıq ki, bu mövsümü də yaxşı yerdə bitirək. Nəticədən asılı olmayaraq, futbolçularımla qürur duyuram.

– Futbolçuların ümumi durumu necədir?
– Müəyyən problemlər var, bu gün də Hacıağa Hacılı zədələndi. Bu da “İmişli” səfərindəki yorğunluqla bağlıdır. Üzərimizdə aprel ayının yorğunluğu da var. Stressli matçlar keçirdik. Rəqib isə daha rahatdır, hazırlıq üçün çox vaxtları olub. Hər şeyə sıfırdan başlayacağıq.

– Hacıağa sabah meydanda olacaq?
– Yəqin ki, yox. Hacıağa bizim üçün çox önəmli idi.

– Enrike sizin sisteminizdə çoxlu işlər görür. Amma sabah o da olmayacaq. Bu, sizə nə dərəcədə problem yarada bilər?
– Enrikenin yoxluğu ciddi sıxıntılar yaratdı. Məcburiyyətdən İssa Cibrillanı ardıcıl oynatdıq, çox güc sərf etdilər. Cinah futbolçularının üzərinə çox iş düşdü. Enrikenin yoxluğu böyük itkidir. Həm hücumda, həm də müdafiədə effektiv oynayırdı.

Şahin Cəfərov

 

❌
❌