Veteran futbolçu: “Mundialı böyük maraqla izləyirəm”
DÇ-2026-da qrup mərhələsinin ikinci turu başa çatıb. Bu gün artıq sonuncu – üçüncü tura start veriləcək.
Mundialda ilk raund sürprizlərlə yadda qaldı. Türkiyənin qrup sonuncusu olması, Kabo Verdenin xallar toplaması, Kurasaonun ilk dəfə çıxış etdiyi mundialda xal qazanması və s.
Milli komandanın keçmiş qapıçısı Cahangir Həsənzadə “Futbolpress.az“a açıqlamasında dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşdü:
“Mundialı böyük maraqla izləyirəm. 48 komandalı yeni format sürprizlərlə dolu keçir. Qrup mərhələsinin ikinci turu artıq başa çatıb. Düşünürəm ki, əsas mübarizə bundan sonra başlayacaq. Son oyunlar bəzi komandalar üçün həlledici olacaq”.
Veteran futbolçu Türkiyə yığmasının uğursuzluğundan söz açdı:
“Türkiyə millisinin çıxışı hamını məyus etdi. Onlardan belə nəticələr gözlənilmirdi. Yaxşı heyetləri olsa da, uğursuzluğa məruz qaldılar. Mundialdan əvvəl türklər haqqında fikirlər, gözləntilər yüksək idi, amma alınmadı”.
Həsənzadə favoritlərini açıqladı:
“Favoritlər sırasında İngiltərə, Fransa, Portuqaliya, İspaniya, Argentina və Almaniyanı görürəm. Hələlik bu kollektivlər daha inamlı təsir bağışlayır. Məncə, ötən mundialın finalı: Fransa – Argentina dueli təkrarlana bilər. Hər iki kollektiv qrupu lider bitirsə, finalda yolları kəsişəcək. Həm Fransa, həm Argentina yaxşı təsir bağışlayır və büdrəməyib”.
Son olaraq AFFA-da texniki direktor vəzifəsini icra edən funksioner Ronaldo ilə Messi arasındakı rəqabətə də toxundu:
“Portuqaliya özbəklərlə oyunda vacib qələbə qazandı. Ronaldonun qollar vurması komanda üçün əlavə motivasiyadır. Onun özünəinamı yığmaya da müsbət təsirini göstərir. Həm də Messi ilə Ronaldo arasında yenidən rəqabət qızışıb. Eyni turnirdə oynamaları və bombardirlik yarışında mübarizə aparmaları çempionatı daha maraqlı edir”.
Şahin Cəfərov