Rəşad Sadıqov: “Bu, bizim üçün çox gözlənilməz oldu”
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”ya rəqib olmalarını şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün ilk raundunda Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə qarşılaşacaq.
Klubun mətbuat xidmətinə açıqlama verən “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov püşkatmadan sonra rəqibi dəyərləndirib. O, rəqib komandanın mütəmadi olaraq avrokuboklarda iştirak etdiyini xatırladıb:
“Əslində, bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz “Torpedo”dur. Rəqib çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır.
Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, sonda mərhələ keçən tərəf olmaq istəyirik”.
Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da baş tutacaq. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ilk matçını evdə keçirəcək.