Reading view

Qrem Arnold: “Erkən qırmızı vərəqəyə görə işimiz çox çətinləşdi”

Futbol üzrə İraq milli komandasının baş məşqçisi Qrem Arnold DÇ-2026-nın qrup mərhələsində yer aldıqları qrupun çox çətin olduğunu bildirib.

Arena.az xəbər verir ki, avstraliyalı mütəxəssis Seneqala qarşı keçirdikləri və 0:5 hesablı məğlubiyyətlə başa çatmış oyundan sonra komandasının mundialdakı çıxışını dəyərləndirib:

“Seneqala qarşı matçda erkən qırmızı vərəqə aldığımız üçün işimiz çox çətinləşdi. Dünya çempionatında bizim etdiyimiz kimi səhvlərə yol verəndə, mütləq cəzalandırılırsan.

Çox çətin qrupda yer almışdıq. Üç oyundan ikisində yaxşı çıxış etdik. Bu, maraqlı bir səyahət oldu və ümid edirəm ki, futbolçular evə xoş təəssüratlarla qayıdacaqlar. İndi onlar belə rəqiblərə qarşı oynamaq üçün nə etməli olduqlarını bilirlər.

Azarkeşlər çox səs-küylü idilər. Onlara dünya çempionatından zövq almaq imkanı yaratdığımız üçün qürur duyuruq”, – deyə Qrem Arnold FIFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

Seneqal millisinin baş məşqçisi Pape Tiav isə İraq üzərində qazanılan 5:0 hesablı qələbənin tamamilə haqq edilmiş nəticə olduğunu vurğulayıb.

“5:0 hesabı ilə qalib gəldik və düşünürəm ki, bu qələbəyə tam layiq idik. Komanda matçı çox yüksək səviyyədə keçirdi. Oyunun əvvəlində çətinliklər yaşadıq, çünki qələbə qazanmağa çalışan birbaşa rəqiblərdən birinə qarşı oynayırdıq”.

Mütəxəssis əlavə edib ki, komandanın taleyi artıq tam şəkildə öz əlində deyil:

“İndi taleyimiz tam olaraq bizdən asılı deyil. Digər oyunların nəticələrini gözləməliyik. Amma qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik”.

DÇ-2026: Fransa və Seneqal yığmalarından darmadağın

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir qrupda mübarizəyə yekun vurulub.

İ qrupunda yer almış Fransa yığması Norveçlə, Seneqal millisi isə İraqla üz-üzə gəlib.

Foksboroda (Massaçusets, ABŞ) təşkil edilmiş Norveç – Fransa matçında fransızlar darmadağınla qalib gəliblər.

Torontoda (Kanada) keçirilmiş Seneqal – İraq görüşündə isə Afrika təmsilçisi 5 cavabsız qola sevinib.

Beləliklə, Fransa millisi maksimum nəticə ilə qrup birincisi olub. Norveç də ikinci yerlə 1/16 finala vəsiqə qazanıb. Seneqal yığması 3 xalla 3-cü yeri tutubsa, hər üç oyunda uduzmuş İraq sonuncu olub.

DÇ-2026
İ qrupu
26 iyun

Norveç – Fransa 1:4
Qollar: Telo Osqor, 21 – Usman Dembele, 7; 20; 32. Dezire Due, 90+4.

Seneqal – İraq 5:0
Qollar: Habib Diarra, 4. İsmaila Sarr, 56. Pape Qeye, 59; 71. İliman Ndiaye, 82.

Xallar: Fransa – 9. Norveç – 6. Seneqal – 3. İraq – 0.

İyunun 27-də daha 2 qrupda mübarizəyə yekun vurulacaq. Növbəti oyunların proqramı belədir:

27 iyun

H qrupu
04:00. Kabo Verde – Səudiyyə Ərəbistanı
04:00. Uruqvay – İspaniya

Xallar: İspaniya – 4. Uruqvay – 2. Kabo Verde – 2. Səudiyyə Ərəbistanı – 1.

G qrupu
07:00. Misir – İran
07:00. Yeni Zelandiya – Belçika

Xallar: Misir – 4. İran – 2. Belçika – 2. Yeni Zelandiya – 1.

Deşam: “Futbolçularıma qarşı həddindən artıq tələbkaram”

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsinin ikinci turunda İraq yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən matç fransızların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissə yaxşı keçdi. Ola bilsin ki, futbolçularıma qarşı həddindən artıq tələbkaram. Amma heyətdəki oyunçulara münasibətdə məhz bu yanaşmaya üstünlük verirəm.

İkinci hissədə baş verənləri nəzərə alsaq, tam şəkildə oyuna nəzarət etdik. Bu, asan deyildi. Nəticənin taleyini əvvəlcədən həll etməyimiz çox vacib idi.

Qələbə qazanmaq yaxşıdır. Bu gün növbəti mərhələyə vəsiqə qazandıq. Bununla belə, əminəm ki, Norveçə qarşı üçüncü oyun qrupdakı yekun mövqeyimizi müəyyənləşdirəcək”.

İraq millisinin baş məşqçisi Qrem Arnold isə bu məğlubiyyətə baxmayaraq, komandasının pley-off şanslarına inandığını bildirib:

“Hazırda mənim üçün əsas məsələ Seneqalla oyundur. Üçüncü yeri tutan səkkiz komanda növbəti mərhələyə yüksələcək. Buna görə də hələ də şansımız var”.

Arnold ilk hissədə komandasının çıxışını yüksək qiymətləndirib, lakin əlverişsiz hava şəraiti səbəbindən yaranan iki saatdan çox fasilənin oyunun axarına mənfi təsir etdiyini qeyd edib.

“Fasilə zamanı futbolçulara ilk hissənin görüntülərini bir qədər uzun göstərdim ki, Fransanın bizi hansı məqamlarda çətin vəziyyətə saldığını görə bilsinlər.

Amma əsas məsələ futbolçuların sakit qalması və oyunun bərpasına hazırlaşması idi”.

Avstraliyalı mütəxəssis Fransa millisinin hücumçusu Kilian Mbappenin çıxışına da xüsusi toxunub:

“O, inanılmaz futbolçudur. Sürətini dayandırmaq mümkün deyil. Məhz buna görə müdafiə xəttimizi adət etdiyimdən bir qədər geridə qurduq. Əgər arxada boşluq buraxsanız və Mbappe bu qədər sürətlidirsə, o sizi məhv edəcək”.

Arnold həmçinin turnirin bombardirlik yarışının çox maraqlı keçəcəyini vurğulayıb.

“Erlinq Haland qol vurur, Lionel Messi qol vurur, Mbappe də eyni şeyi edir. Düşünürəm ki, ən məhsuldar futbolçu adına görə bu üç oyunçu arasında çox maraqlı mübarizə olacaq”.

DÇ-2026: Fransa darmadağınla 1/16 finalda!

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Qrup mərhələsinin 2-ci turu çərçivəsində Fransa və İraq yığmaları üz-üzə gəliblər. Filadelfiyada (Pensilvaniya, ABŞ) keçirilmiş İ qrupunun matçında avropalılar darmadağına seviniblər.

Fransanın heyətində Kilian Mbappe (14, 54) dublla yadda qalıb. Yekun nəticəni müəyyənləşdirən qolu isə 66-cı dəqiqədə Usman Dembele vurub.

Qeyd edək ki, matçın ilk hissəsi başa çatdıqdan sonra uzun fasilə yaranıb. Qarşılaşmanın ikinci hissəsinin startı şiddətli yağış və ildırım səbəbindən təxminən 2 saata yaxın ləngiyib. Yağışın şiddəti azaldıqdan sonra matç yenidən davam etdirilib.

Beləliklə, hazırda İ qrupunda 6 xalı olan Fransa millisi son matçın nəticəsindən asılı olmayaraq, 1/16 finala vəsiqəni təmin edib. Norveç yığmasının 3 xalı varsa, Seneqal və İraq xal hesabını aça bilməyib.

DÇ-2026
İ qrupu
23 iyun

Fransa – İraq 3:0
Qollar: Kilian Mbappe, 14; 54. Usman Dembele, 66.

Solbakken: “İraqla matçda layiqli qələbə qazandıq”

Norveç yığmasının baş məşqçisi Stol Solbakken dünya çempionatının qrup mərhələsində İraq millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların görüşündə qapılara 5 qol vurulub və yekunda Avropa təmsilçisi 4:1 hesablı qələbəyə sevinib.

Stol Solbakken matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamız oyuna yaxşı başladı və ilk hissədəki qollar bizə üstünlük qazandırdı. Lakin İraq da xüsusilə ilk hissədə yaxşı mübarizə apardı və bizə çətinlik yaratdı. Ümumilikdə oyuna nəzarət etdik və layiqli qələbə qazandıq. Müdafiədə bəzi səhvlərimiz oldu ki, onları da düzəltməliyik.

Təcrübəli mütəxəssis bu matçda dubl etmiş hücumçu Erlinq Haland haqqında da fikirlərini bölüşüb:

“Erlinqlə işləmək çox asandır. O, komanda yoldaşlarına hər zaman ən yaxşısını arzulayır, onlarla və məşqçilər heyəti ilə vaxt keçirməyi sevir. O, superulduzdur, amma eyni zamanda çox sakit və sadə insandır”.

İraq millisinin baş məşqçisi Qrem Arnold isə məğlubiyyəti belə şərh edib:

“Bəzi anlarda oyunumuz həqiqətən möhtəşəm idi, amma bir neçə səhv bizə çox ciddi zərər vurdu. Norveç millisi, həqiqətən, yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Bu məğlubiyyətə baxmayaraq, qrupdan çıxmaq üçün şansımız var. Bizim hələ iki oyunumuz qalır”.

DÇ-2026: Norveç İraqı 4 qolla yendi

Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Meksikada təşkil edilmiş futbol üzrə sayca 23-cü dünya çempionatı (DÇ-2026) davam edir.

Arena.az xəbər verir ki, bu gün daha bir oyun baş tutub.

Mundialın növbəti matçında Norveç və İraq yığmaları üz-üzə gəliblər. Bostonda (Massaçusets, ABŞ) təşkil edilmiş oyunda qapılara bütövlükdə 5 qol vurulub.

I qrupunun matçında Norveç millisi rəqibinə böyük hesabla qalib gəlib. Avropalıların qollarını dubla imza atmış Erlinq Haland, Leo Estiqor və Ayman Husseyn (90+6-öz qapısına) vurublar. İraqın heyətində isə yeganə qol Ayman Husseynin ayağına yazılıb.

Xatırladaq ki, bu qrupun digər matçında Fransa Seneqala 3:1 hesabı ilə qalib gəlib.

DÇ-2026
I qrupu
17 iyun

İraq – Norveç 1:4
Qollar: Ayman Husseyn, 39 – Erlinq Haland, 29; 43. Leo Estiqor, 76, Ayman Husseyn, 90+6-öz qapısına.

Növbəti oyunların təqvimi belədir:

17 iyun

J qrupu
05:00. Argentina – Əlcəzair
08:00. Avstriya – İordaniya

K qrupu
21:00. Portuqaliya – Konqo DR

L qrupu
00:00. İngiltərə – Xorvatiya

❌