Reading view

Ehtiram Şahverdiyev “Səbail”də!

Bu yay “Kəpəz”dən azad agent kimi ayrılmış sağ cinah müdafiəçisi Ehtiram Şahverdiyev bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Səbail”in mətbuat xidmətinə istinadən xəbər verir.

29 yaşlı futbolçu yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Ehtiram Şahverdiyev son iki mövsümü “Kəpəz”də keçirib. O, 2023-cü ilin iyul ayında “Turan Tovuz”dan Gəncə klubuna keçmişdi. Müdafiəçi Gəncə təmsilçisinin heyətində bütövlükdə 105 oyun keçirib, 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Şahverdiyev daha öncə “Turan Tovuz”, “Sumqayıt” və “Qəbələ”də oynayıb. O, Azərbaycanın U-21 yığmasında da forma geyinib.

Qeyd edək ki, “Səbail” ötən mövsüm olduğu kimi, qarşıdakı mövsümdə də Birinci Liqada mübarizə aparacaq.

Babək Quliyev “Hamrun” – “Runavik” matçına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Babək Quliyev Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Hamrun Spartans” (Malta) – “Runavik” (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.

Sözügedən qarşılaşma Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda baş tutacaq. İyulun 16-da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:30-da start veriləcək. Oyunu Lüksemburqdan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun ötən həftə keçirilib və 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Bu mövsüm Azərbaycanı Avropa Konfrans Liqasında “Zirə” və “Neftçi” komandaları təmsil edir. “Qartallar”dan fərqli olaraq, “ağ-qaralar” mübarizəyə 2-ci təsnifat mərhələsindən start verəcəklər.

“Turan Tovuz” “Turan”ın prezidentinə vəzifə verdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” klubunda 2026/2027-ci illər mövsümü öncəsi yeni təyinat gerçəkləşib.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Həsən Zeynalov klubun İdarə Heyətinin sədri Ehriram Quliyevin birinci müavini təyin edilib.

Xatırladaq ki, Həsən Zeynalov ötən mövsüm Azərbaycan çempionu olmuş “Turan” Voleybol Klubunun prezidentidir.

“Turan Tovuz” ötən mövsüm Azərbaycan çempionatının bürünc mükafatçısı kimi Avropa Konfrans Liqasına vəsiqə qazanmışdı. Amma Tovuz klubu məlum səbəblərdən UEFA tərəfindən avrokuboklara buraxılmadı. Sözügedən komandanı Konfrans Liqasında “Zirə” əvəz etdi. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ötən gün Gürcüstanın “Torpedo” (Kutaisi) kollektivi ilə qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrıldı. Cavab görüşü bir həftə sonra Kutaisidə olacaq.

Ehtiram Şahverdiyev “Kəpəz”i tərk etdi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in sağ cinah müdafiəçisi Ehtiram Şahverdiyev Gəncə klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı futbolçu ilə müqavilənin müddəti bitib. Tərəflər yeni müqavilə bağlamağa ehtiyac duymayıblar. Klub Ehtirama xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Ehtiram Şahverdiyev 2023-cü ilin iyul ayında “Turan Tovuz”dan “Kəpəz”ə keçmişdi. Müdafiəçi Gəncə təmsilçisinin heyətində bütövlükdə 105 oyun keçirib, 3 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Şahverdiyev daha öncə “Turan Tovuz”, “Sumqayıt” və “Qəbələ”də oynayıb. O, Azərbaycanın U-21 yığmasında da forma geyinib.

Xatırladaq ki, “Kəpəz” daha öncə Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov və Camal Cəfərovla da yollarını ayırmışdı. Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska isə klubla yeni müqavilə bağlayıb.

Fərid Nəbiyev “İmişli”də

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” heyətini yeni futbolçu – hücumameyilli yarımmüdafiəçi Fərid Nəbiyev ilə gücləndirib.

Arena.az bu barədə İmişli klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlayıb. Azərbaycanlı futbolçu yeni klubuna azad agent kimi keçib.

Fərid Nəbiyev son mövsümü “Kəpəz”də keçirib. O, 2025-ci ilin yayında yenidən “Kəpəz”ə qayıtmışdı. Lakin bu yay klubla müqaviləsinin müddəti başa çatmış Nəbiyev komandanı azad agent kimi tərk etmişdi. Yarımmüdafiəçi ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matçda meydana çıxıb və 4 qolla yadda qalıb.

Fərid Nəbiyev ilk dəfə 2022/2023-cü illər mövsümündə “Kəpəz”in şərəfini qoruyub. Futbolçu həmin dövrdə 30 çempionat oyununda 4 qol vurub və 7 assist edib.

“Qəbələ”nin yetirməsi olan Fərid karyerası ərzində “Slaviya” (Praqa, Çexiya), “Şevardeni”, “Viktoriya” (Jijkov, Çexiya), “Turan Tovuz”, “Səbail” kimi klubların da formasını geyinib. Azərbaycanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynamış yarımmüdafiəçiyə əsas millidə debüt qismət olmayıb.

Vüsal Əliyev və Cavad Qurbanlı “Səbail”də!

2026/2027 mövsümündə də Birinci Liqada mübarizə aparacaq “Səbail” heyətini daha 2 futbolçu – Vüsal Əliyev və Cavad Qurbanlı ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Səbail” son olaraq Birinci Liqa təmsilçisi “Şahdağ Qusar”da çıxış etmiş bu iki futbolçu ilə 1 illik müqavilə bağlayıb.

Vüsal Əliyev “Zirə”nin yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2025-ci ilin sentyabr ayından “Şahdağ Qusar”da çıxış edirdi. 23 yaşlı futbolçu vaxtilə Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da forma geyinib.

Cavad Qurbanlı isə “Neftçi”nin yetirməsidir. 24 yaşlı futbolçu mərkəz müdafiəçisidir. O, karyerası ərzində “Zirə-2” və “Zaqatala”da da çıxış edib. Müdafəçi 2025-ci ilin sentyabrından “Şahdağ Qusar”ın uğurları üçün çalışırdı.

“Səbail” bu yay sabiq oyunçularından Bahadur Həziyev, Rubin Seyidov, Vüsal Məsimov və Zeynəddin Abdurrahmanovu heyətinə qaytarmış, həmçinin “Sumqayıt”dan Mehdi Cənnətovu, “İmişli”dən Abbas Ağazadəni, “Mingəçevir”dən isə Kənan Quliyevi transfer edib.

Rəşad Sadıqov: “Hazırlıq üçün vaxtımız az idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan komandaları arasındakı ilk oyun sabah Sumqayıtda baş tutacaq.

Rəşad Sadıqov bu gün təşkil edilmiş mətbuat konfransında Kutaisi təmsilçisi ilə ilk oyundan gözləntilərini paylaşıb:

“Bizi önəmli oyun gözləyir. Hazırlığı tamamlamışıq. Sabah baş tutacaq matçda əlverişli nəticə əldə etmək niyyətindəyik. Rəqibimiz təcrübəlidir. Sabit olaraq avrokuboklarda çıxış edirlər. Hazırlaşmaq üçün vaxtımız az oldu. Bizim komanda da təcrübəlidir. Qarşımızda çox yaxşı komanda olacaq. Bəzi matçlarına baxmışıq, təhlil etmişik. Avrokuboklara xüsusi hazırlıq olur. Futbolçular da bunu hiss edirlər”.

Rəşad Sadıqov komandasındakı itkilərdən də söhbət açıb:

“Zədələr futbolun ayrılmaz hissəsidir. Sadəcə, bizdə tez-tez olur. Buna uyğunlaşmaq çətindir. Hansısa həmlə etmək üçün vaxt azalır. Aydın Bayramov kimi təcrübəli qapıçımız da var. Maykonun zədələnməsi bizi narahat etməyə bilməz. Amma inanıram ki, Aydın onun yoxluğunu hiss etdirməyəcək”.

Baş məşqçi bir neçə futbolçu ilə yolları ayırdıqlarını söyləyib:

“Avrokuboklara hazırlaşmaq üçün çox vaxtımız olmadı. Tələsərək seleksiya etmək istəmədik. 5-6 transfer hələlik açıqdır. Bizi ağır mövsüm gözləyir. Rəqiblər güclü olacaqlar. Bütün məqamları futbolçularla danışmışıq. Bəzi futbolçular toplanışa artıq çəki ilə gəldilər. Çünki avrokuboklarda iştirak planda yox idi. Bəlkə daha əvvəl vəsiqə qazansaydıq, belə olmazdı və futbolçular da düşərgəyə daha intizamlı gələrdilər”.

Mətbuat konfransında iştirak edən “Zirə”nin kapitanı Qismət Alıyev də “Torpedo”” ilə ilk oyundan öncə fikirlərini bölüşüb:

“Bizim də kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Çətin qarşılaşma olacaq. Rəqib yaxşı kollektivdir. Daha əvvəl də isti havada oyunlarımız olub. Problem olacağını düşünmürəm. Komanda olaraq sabahkı matça hazırıq. Rəqibin heyətində hər an oyunu dəyişə biləcək futbolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq”.

Xatırladaq ki, “Zirə” – “Torpedo” oyunu sabah Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək. Komandalar arasındakı cavab qarşılaşması isə iyulun 16-da baş Kutaisidə tutacaq.

❌