Azərbaycanda real aykido: mövcud durum və perspektivlər
Real Aykido Federasiyasının vitse-prezidenti Fariz Abdullayevin “Futbolpress.az“a müsahibəsi:
– Real Aykido çox tanınan sahə deyil. Bu növ üzrə Azərbaycanda mövcud vəziyyət necədir?
– Aykidonun dünyada 50-dən çox növü var. Bizim təmsil etdiyimiz isə Real Aykido adlanır. Cüdo, sambo kimi döyüş növlərinin elementlərini daşıyır. Müxtəlif ölkələrin prezidentlərinin şəxsi mühafizəsində məhz bu idmanla məşğul olanlar yer alır. Real Aykidoya maraq yüksək səviyyədədir. 31 mayda Bakıda beynəlxalq seminar keçirildi. Bir çox rəsmi şəxslər və 300-dən çox idmançı iştirak etdi. Azərbaycan ardıcıl 9-cu dəfə dünyada hər kateqoriya üzrə birinci oldu. Bunu Dünya Aykido Federasiyasının rəsmiləri də xüsusi qiymətləndirdi.

– Cüdo, güləş, futbol daha populyar idman növüdür. Real Aykidonun bu qədər məşhurlaşmamasının səbəbləri və bu sahənin spesifikası nədir?
– Olimpiya idman növləri daha populyardır, çünki maddi dayaqları çoxdur. Qeyri növlər isə imkanların azlığına görə kölgədə qalır. Buna baxmayaraq, aykido dünyada çox tanınanlar arasındadır və getdikcə daha da inkişaf edir. Real aykidonun digərlərindən fərqi odur ki, burada real vəziyyətdə özünü müdafiə etmə qabiliyyəti, texniki-taktiki vərdişlər öyrənilir. Eyni zamanda bu sahə insan sağlamlığı üçün önəmlidir. Bir texnikanı minlərlə təkrar etsən, artıq vərdişə çevrilir. Yəni, aykido da artıq vərdişdir. Ümumi götürəndə isə real aykido özünümüdafiə sənətidir. Bu idman növündə odlu və soyuq silahlardan da müdafiə bacarıqları öyrədilir. Bu, güc strukturu əməkdaşları üçün də vəziyyətlərdən çıxış yolunun göstərir. Onu qeyd edim ki, belə müdafiə sistemi digər idman növlərində yoxdur.
– Məşğul olduğunuz növün gənclərin sağlamlığına və onların cəmiyyətə yararlı fərd kimi formalaşmasına necə kömək edir?
– Real aykido tək texnika öyrətmir, bədənin möhkəmlənməsində, əzələ sistemlərinin işlək olmasında, cəldlik dinamikasının qalxmasında rol oynayır. Hər idman kimi, real aykido da intizamdır. İnsan həyatında vacib amillərdən biri də disiplindir. Sağlamlığa gəlincə, real aykido ilə məşğul olan hər kəs – istər 4, istər 74 yaşlı biri daha gümrah olur. Bizim idmançılarımız demək olar, bu sahə ilə məşğul olduqları üçün bel və onurğa ağrılarından da xilas olurlar. Real aykidonun sağlamlığa öz xüsusi dəstəyi var. Səmimi deyim, bəzən həkimlər bizə pasiyentlər göndərir ki, bu idmanla məşğul olsunlar, bel və onurğa ağrılarından qurtulsunlar.

– Federasiya olaraq real aykidonun təbliğatı ilə bağlı hansı işləri görürsünüz?
– Real aykidonun təbliği ilə bağlı sosial layihələr təşkil ediririk. Eyni zamanda bütün sosial şəbəkələrdə hesablarımız var və aktivlik göstəririk. İnternet üzərindən daha böyük təbliğat işləri görülür. Mətbuat da bu sahəyə maraq göstərir. Bu növdə qazanılan uğurlar təbliğata daha çox töhfə verir. Həm də seminarlar, ustad dərsləri keçiririk. Ora gələn uşaqları görəndə işlərimizin nəticəsinin olduğunu hiss edirik. Təhsil nazirliyi tərəfindən təşkil olunan layihələrdə də iştirakımız olur. Bütün bunlar təbliğatın bir hissəsidir. Bir müddət əvvəl Daxili İşlər nazirliyində seminarımız oldu. Burdan hazırlanan videoçarxlara milyondan çox baxış gəldi. Gələcəkdə də işlərimizi artırmaqla daha çox insanı bu sahəyə cəlb etməyə çalışacağıq.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.
