Reading view

“Nant” yenidən erməni baş məşqçiyə tapşırıldı

Fransanın “Nant” klubunun rəhbərliyi 63 yaşlı erməni mütəxəssis Mişel Ter-Zakaryanı “sarıbülbüllər”in baş məşqçisi vəzifəsinə təyin edib.

Arena.az xəbər verir ki, tərəflər 2 illik müqavilə imzalayıblar.

Xatırldaq ki, Ter-Zakaryan əvvəllər, 2006-cı ildə “Nant”ın “B” komandasını, sonralar isə 2007–2008-ci və 2012–2016-cı illərdə “sarıbüllbüllər”in əsas komandasını çalışdırıb.

Erməni mütəxəssis karyerası ərzində “Monpelye”, “Klermon”, “Reyms”, “Brest” və “Kan” kimi komandaları da çalışdırıb.

“Nant” ötən mövsüm Fransa Liqa 1-də 34 oyuna topladığı 24 xalla 18 iştirakçı arasında 17-ci yeri tutub və elitanı tərk edib. Komanda 34 oyunda cəmi 5 qələbə qazanıb, 9 heç-heçə edib, 20 məğlubiyyətə üzülüb. Bu üzdən də sözügedən kollektiv növbəti mövsümdə Liqa 2-də yarışacaq və yenidən elitaya qayıtmağa çalışacaq.

Olivye Pantalon – “Nitsa”nın yeni baş məşqçisi!

Fransalı futbol mütəxəssisi Olivye Pantalon Fransa Liqa 1-də mübarizə aparan “Nitsa” komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Nitsa” rəhbərliyi bir gün öncə istefaya göndərdiyi Klod Pyuelə əvəzləyicini dərhal müəyyənləşdirib. Belə ki, bundan sonra “qartallar”a digər fransalı mütəxəssis Pantalon rəhbərlik edəcək. 59 yaşlı mütəxəssislə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.

Olivye Pantalon daha öncə “Ayaçço”, “Tur”, “Loryan” kimi komandalara da rəhbərlik edib.

Klod Pyuel isə “Nitsa”nın sükanı arxasına 2025-ci ilin dekabr ayında gətirilmişdi. 64 taşlı mütəxəssis bu komandanı 27 oyuna çıxarıb, 8 qələbə, 10 heç-heçə və 9 məğlubiyyət görüb.

“Nitsa” Pyuelin rəhbərliyi altında Liqa 1-in 2025/2026-cı illər mövsümünü 16-cı pillədə başa vurub. Komanda elitada qalmaq üçün “Sent Etyen”lə pley-off görüşləri keçirmək məcburiyyətində qalıb. Bu vəzifənin öhdəsindən çətinliklə gəlmiş komanda Liqa 1-də qalıb.

Klod Pyuel daha öncə “Sent Etyen”, “Lester Siti”, “Sauthempton”, Lion “Olimpik”i, “Lill” və “Monako” kimi komandalara da rəhbərlik edib. O, 2012-2016-cı illər aralığında da “Nitsa”nın baş məşqçisi olub.

Yeri gəlmişkən, “Nitsa”nın yeni prezidenti də məlum olub. Belə ki, sözügedən klub yenidən təşkilatlanmasına davam edir. “Qartallar”ın yeni prezidenti də məlumdur. Bu, “Nitsa”ya 2002–2009-cu illərdə rəhbərlik etmiş Moris Koendir.

Xatırladaq ki, “Nitsa”nın əvvəlki prezidenti Jan-Pyer River idi.

Əlavə edək ki, Koen 2002–2009-cu illərdə də “Nitsa”ya rəhbərlik edib.

Klod Pyuel “Nitsa”dan getdi

Futbol üzrə Fransa çempionatında mübarizə aparan “Nitsa” komandasının baş məşqçisi, fransız mütəxəssis Klod Pyuel Liqa 1 təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Nitsa” rəhbərliyi Pyuelə “qartallar”a xidməti müqabilində minnətdarlığını ifadə edib, mütəxəssisə gələcək fəaliyyətində uğurlar diləyib.

Xatırladaq ki, Pyuel “Nitsa”nın sükanı arxasına 2025-ci ilin dekabr ayında gətirilmişdi. 64 taşlı mütəxəssis bu komandanı 27 oyuna çıxarıb, 8 qələbə, 10 heç-heçə və 9 məğlubiyyət görüb.

“Nitsa” Pyuelin rəhbərliyi altında Liqa 1-in 2025/2026-cı illər mövsümünü 16-cı pillədə başa vurub. Komanda elitada qalmaq üçün “Sent Etyen”lə pley-off görüşləri keçirmək məcburiyyətində qalıb. Bu vəzifənin öhdəsindən çətinliklə gəlmiş komanda Liqa 1-də qalıb.

Klod Pyuel daha öncə “Sent Etyen”, “Lester Siti”, “Sauthempton”, Lion “Olimpik”i, “Lill” və “Monako” kimi komandalara da rəhbərlik edib. O, 2012-2016-cı illər aralığında da “Nitsa”nın baş məşqçisi olub.

Kilian Mbappe Fransa millisinin ən yaxşı bombardiri oldu!

Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatlarında vurduğu qolların sayına görə bir neçə rekorda imza atıb.

Arena.az xəbər verir ki, o, buna DÇ-2026-nın qrup mərhələsinin ilk turunda qarşılaşdıqları Seneqal yığması ilə oyunda dubla imza atmaqla nail olub.

27 yaşlı forvard komandasının 3:1 hesablı qələbəsində əsas pay sahibi olub. Mbappe bu qollarla mundiallardakı qol sayını 14-ə çatdırıb. O bununla braziliyalı Peleni (12 qol), argentinalı Lionel Messini (13 qol) və həmyerlisi Jüst Fonteni (13 qol) geridə qoyaraq almaniyalı Gerd Müllerin göstəricisini təkrarlayıb. Siyahıda yalnız braziliyalı Ronaldo (15 qol) və almaniyalı Miroslav Kloze (16 qol) ondan öndə qərarlaşıb.

Bununla yanaşı, hücumçu Fransa millisi tarixinin ən yaxşı bombardiri adına da sahib çıxıb. Mbappe milli komandada keçirdiyi 99-cu oyunda 58-ci qolunu vuraraq 57 qola malik Olivye Jirunun rekordunu yeniləyib.

Xatırladaq ki, Kilian Mbappe 2024-cü ildən İspaniya nəhəngi “Real”ın formasını geyinir. Hücumçu ötən mövsüm 44 oyunda 42 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub, 2022-ci il mundialında isə gümüş medal qazanıb.

Deşam: “İlk oyundakı qələbə həlledici deyil”

Fransa yığmasının baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsində Seneqal millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşmış bu komandaların görüşü Fransa yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Didye Deşam matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu qələbə bizə müəyyən rahatlıq gətirir. Oyuna bir qədər ehtiyatlı və gərgin başladıq, rəqib isə çox yaxşı çıxış edirdi. Daha sonra oyunumuzu tapa bildik, xüsusilə də Usman Dembelenin və Maykl Olisenin mövqelərini dəyişdikdən sonra. Bredli Barkola da çox təhlükəli oynadı.

Dörd komandadan ibarət qrupda ilk oyunda qələbə qazanmaq hələ heç nəyi həll etmir. Fransa azarkeşləri bizi dəstəkləmək üçün uzaq yoldan gəliblər və bu, ucuz başa gəlmir. Futbol yalnız qalib gəldiyin və həmin emosiyaları onlarla bölüşə bildiyin zaman həqiqətən sehrli olur.

Barkola ilə bağlı onu deyə bilərəm ki, start heyətində yer almağa tam haqqı çatan çox sayda futbolçu var. Rayan Şerki də onlardan biridir. Bizə onların hamısı lazım olacaq”.

Seneqal yığmasının baş məşqçisi Pap Tiav isə 1:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Biz bu matçda qalib gəlməyi çox istəyirdik və bu, meydanda da görünürdü. Təəssüf ki, bizə effektivlik çatmadı. Dünya çempionatında isə hər şeyi xırda detallar həll edir. Qol vurmaq üçün imkanlarımız var idi, amma eyni zamanda vacib məqamlarda top itkilərinə yol verdik. Biz özümüzə belə səhvlərə icazə verə bilmərik.

Nəticə gözlədiyimiz kimi olmadı. İkinci hissədə bir neçə kollektiv səhvə yol verdik və sonda məhz onlar həlledici oldu. Müdafiədə oyunun böyük hissəsində yaxşı təsir bağışlayırdıq, lakin bəzi anlarda topa nəzarəti itirdik və bunun cəzasını çəkdik.

Fikrimcə, biz bu sınağa layiqincə cavab verdik. Belə turnirlərdə əziyyət çəkmək normaldır. Hesabda geri düşdükdən sonra reaksiya verməyə və hesabı bərabərləşdirməyə çalışdıq, lakin buna nail ola bilmədik. Norveçə qarşı növbəti oyunda daha aqressiv olmalıyıq”.

Dino Toppmöller – “Lans”ın yeni baş məşqçisi!

Almaniyalı futbol mütəxəssisi Dino Toppmöller Fransa çempionatında mübarizə aparan “Lans” komandasına baş məşqçi təyin edilib.

Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Fransa çempionatının vitse-çempionu “Lans” baş məşqçi Pyer Sajla yollarını ayırdıqdan sonra yeni çalışdırıcısını müəyyənləşdirib. Bundan sonra komandaya almaniyalı mütəxəssis Dino Toppmöller rəhbərlik edəcək. 45 yaşlı məşqçi ilə müddəti iki il olan müqavilə imzalanıb və o, dərhal işə başlayacaq.

Toppmöller daha əvvəl Frankfurt “Ayntraxt”ında baş məşqçi kimi çalışıb. Onun 3-4-3 taktiki sisteminə üstünlük verdiyi bildirilir və “Lans”ın gələn mövsümdə bu sxemin müxtəlif variantlarını tətbiq edəcəyi gözlənilir.

Liqa 1-in yeni mövsümü avqustun 22-də start götürəcək. Sözügedən komanda ötən mövsüm yalnız çempion PSJ-dən geri qalaraq gümüş medallarla kifayətlənib. Mövsüm bitən kimi Pyer Saj öz istəyi ilə komandadan ayrılaraq “Kristal Pelas”ın (İngiltərə) baş məşqçisi olub.

❌