Reading view

“Barselona”da Fliklə bağlı qərar verildi

“Barselona”da baş məşqçi Hansi Fliklə bağlı qərar verilib.

Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisə yeni müqavilə təklif edib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Kataloniya təmsilçisi Flikin sözləşməsini daha bir il müddətinə artırmaq istəyir.

Alman mütəxəssisin indiki müqaviləsi 2027-ci ilin yayına kimidir.

Flik 2024-cü ildən “Barselona”nı çalışdırır. Komanda onun rəhbərliyi altında 84 oyunda 62 qələbə qazanıb, 13 dəfə uduzub.

Flik Kubarsini təriflədi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubunun 18 yaşlı ispaniyalı mərkəz müdafiəçisi Pau Kubarsini tərifləyib.

Arena.az almaniyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Hesab edirəm ki, Kubarsi inanılmaz bir səviyyədə qərar tutub. Bu, onun bizimlə üçüncü mövsümüdür. Pau hazırda inanılmazcasına yaxşıdır”, deyə Hansi Flik məmnunluqla vurğulayıb.

Xatırladaq ki, Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Kubarsinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 20 oyuna çıxıb. Gənc müdafiəçinin “Barselona” karyerası ümumilikdə 100 oyun, 1 qol və 5 məhsuldar ötürmədən ibarətdir.

Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 1 məhsudlar ötürmə verib.

Kubarsinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Super Kuboku (2024/2025), İspaniya çempionluğu (2024/2025), İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku, 2024-cü il Olimpiya futbol turnirinin qızıl medalı var.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Flik: “Tərəqqi üçün həmişə əsasımız var”

Futbol üzrə İspaniya çempionu “Barselona”nın baş məşqçisi Hansi Flik Kataloniya klubunun cari mövsümdəki tərəqqisini qiymətləndirib.

Arena.az alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Düşünürəm ki, biz inkişafımızı heç vaxt dayandırmırıq. Axı tərəqqi üçün həmişə əsasımız var”, deyə Flik vurğulayıb.

Almaniyalı mütəxəssis “blauqrana”nın rəqibləri ilə bağlı sualı da cavablayıb:

“Biz həmişə özümüzə köklənmişik. Rəqiblərimizə baxmırıq və bu barədə danışmaq istəmirik”.

Xatırladaq ki, ötən mövsüm İspaniya çempionu olmuş “Barselona” La Liqanın cari mövsümündə 16 oyuna topladığı 40 xalla liderdir. Hansi Flikin rəhbərlik etdiyi komanda 16 oyunda 13 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komanda 47 qol vurduğu halda, 20 top buraxıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Barsa” 6 oyuna 3 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyət alıb. Top fərqi isə belədir – 14:11. İspaniya çempionu 10 xalla 15-ci pillədə qərarlaşıb.

Hansi Flik Joan Qarsiyanı təriflədi

Futbol üzrə İspaniya çempionu “Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın yeni qapıçısı Joan Qarsiyanı tərifləyib.

Arena.az alman mütəxəssisiin müvafiq açıqlamasını təqdim edir:

“Joanın böyük gələcəyi var. Onun imkanını ilk gündən sezmişdim. O, çox keyfiyyətli qapıçıdır”, deyə Hansi Flik vurğulayıb.

Xatırladaq ki, Joan Qarsiya “Barselona”ya cari ilin iyul ayında Kataloniya klubunu əzəli rəqibi “Espanyol”un düşərgəsindən keçib. “Barselona” Qarsiya müqabilində “tutuquşular”a 25 milyon avro məbləğində ödəniş edib.

Qarsiya “Barselona”nın heyətində 11 oyuna çıxıb, 10 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb.

İspan qolkiper daha öncə yalnız “Espanyol”un formasını geyinib. Qarsiyanın “Espanyol” üçün çıxışının ümumi mənzərəsi 67 oyun, 72 buraxılmış top və 21 “quru” oyundan ibarətdir.

Joan Qarsiya İspaniyanın U-17, U-18, U-19 və U-21 yığmalarına, eləcə də Olimpiya komandasına cəlb edilib, “qırmızı qəzəb”in əsas yığmasına isə hələ dəvət almayıb.

Qarsiya “Espanyol”la İspaniya Sequndasının (2020/2021) və İspaniya yığması ilə 2024-cü il Yay Olimpiya Oyunlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı ispan qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

❌