Hansi Flik – La Liqada martın ən yaxşı məşqçisi!
“Barselona”ya rəhbərlik edən almaniyalı mütəxəssis Hansi Flik İspaniya La Liqasında 2026-cı ilin mart ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
“Barselona” mart ayında ölkə çempionatı çərçivəsində keçirdiyi 3 oyunun hamısında qalib gəlib. Flikin komandası bu matçlarda “Atletik” (1:0), “Sevilya” (5:2) və “Rayo Valyekano”nu (1:0) məğlub etməyi bacarıb. Kataloniya təmsilçisi hazırda La Liqanın turnir cədvəlində 73 xalla 1-ci pillədə qərarlaşıb.
Hansi Flik cari mövsümdə ilk, karyerası ərzində 4-cü dəfə La Liqada ayın ən yaxşısı seçilir. O, daha öncə 2024-cü ilin avqust, oktyabr, 2025-ci ilin fevral aylarında da oxşar mükafata layiq görülmüşdü.
Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdırarkən Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilib. Sentyabrda “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənib, oktyabrda “Rayo Valyekano”ya rəhbərlik edən İnyiqo Peres, noyabrda “Vilyarreal”ı çalışdıran Marselino Qarsiya Toral, dekabrda “Espanyol”un sükanı arxasında olan Manolo Qonsales, bu ilin yanvarında “Real Sosyedad”a rəhbərlik edən Pelleqrino Matarasso, fevralda Manuel Pelleqrini (“Betis”) ayın ən yaxşı məşqçisi elan edilib.