Reading view

Aksel Disasi “Çelsi”ni “Vest Hem”ə dəyişdi

“Çelsi”nin konqoəsilli fransalı mərkəz müdafiəçisi, Fransa yığmasının da üzvü olan Aksel Disasi bundan sonra “Vest Hem”də çıxış edəcək.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Anlaşmaya əsasən, 27 yaşlı müdafiəçi cari mövsümün sonunadək icarə əsasında bu komandada çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Aksel Disasi isə “Çelsi”yə 2023-cü ilin avqustunda 45 milyon avro müqabilində “Monako”dan keçib. “Zadəganlar”ın Disasi ilə 2029-cu ilin 30 iyununa kimi müqaviləsi mövcuddur. O, London təmsilçisinin heyətində bütövlükdə 61 oyuna çıxıb, 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Disasi “Paris”in yetirməsi olsa da, peşəkar karyerasına “Reyms”də başlayıb. Daha çox “Monako”dakı çıxışı ilə məşhurlaşmış futbolçu 2017-ci ildə Konqo Demokratik Respublikasının U-20 yığmasında debüt edib. Sonradan isə Fransanın lehinə seçim edərək, “xoruzlar”ın U-20, U-21 yığmalarında oynayıb. O, 2022-ci ildə isə Fransanın əsas yığmasında debüt edib və bu komandada 5 oyun keçirib.

Xatırladaq ki, Disasi ötən mövsüm “Aston Villa”da da icarədə olub.

Disasi Londonda klubunu dəyişdi

“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, London təmsilçisi “Çelsi”dən müdafiəçi Aksel Disasini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Disasi mövsümün sonuna kimi “Vest Hem”də çıxış edəcək

Müdafiəçi bu mövsüm “Çelsi” ilə oyuna çıxmayıb.

Ceyms Uord-Prouz “Vest Hem”i “Börnli”yə dəyişdi

Futbol üzrə İngiltərə milli komandasının və “Vest Hem”in mərkəz yarımmüdafiəçisi Ceyms Uord-Prouz “Börnli”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Börnli” 31 yaşlı futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilənin müddəti bitən kimi yarımmüdafiəçi “Vest Hem”in düşərgəsinə qayıdacaq.

Ceyms Uord-Prouz “Sauthempton”un yetirməsidir. “Vest Hem” onu 2023-cü ilin yayında 34,8 milyon avro müqabilində heyətinə qatıb. İngilis futbolçunun bu klubla 2027-ci ilin 30 iyununadək müqaviləsi var. Uord-Prouz “Vest Hem”in heyətində bütövlükdə 73 oyun kçeirib, 8 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Uord-Prouz İngiltərə yığmasında da forma geyinib. O, 2017-ci ilin martında debüt etdiyi millidə 11 matça çıxıb, 2 qola imza atıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Lukas Paketa “Flamenqo”ya qayıtdı – Rəsmi

“Vest Hem”in 28 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçisi Lukas Paketa bundan sonra “Flamenqo”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə Braziliya klubunun rəsmi saytına istinadən məlumar verir.

Sözügedən klub bu transfer üçün 42 milyon avrosundan keçib. Paketa köhnə-yeni klubu ilə 2030-cu ilin sonunadək müqavilə bağlayıb.

Xatırladaq ki, Lukas Paketa “Flamenqo”nun məzunudur. Braziliyalı futbolçu Avropada debütünü – 2019/2020-ci illər mövsümünü “Milan”da keçirdikdən sonra 2020-ci ilin sentyabr ayında 23,44 milyon avro məbləğ müqabilində Lion “Olimpik”inə keçib. “Vest Hem” Paketanı 2022-ci ilin avqustun ayında Lion “Olimpik”indən 42,95 milyon avro məbləğ müqabilində öz heyətinə qatmışdı. Braziliyalı futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Paketa “çəkicdöyənlər”in aparıcı oyunçusu idi. O, cari mövsümdə “Vest Hem” üçün 19 oyun keçirib, 5 qol vurub, 1 məhsuldar ötürmə verib. Paketanın İngiltərə klubunun heyətində çıxışının ümumi mənzərəsi 139 oyun, 23 qol və 15 məhsuldar ötürmədən ibarətdir.

Paketa 2018-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya millisinin heyətində 61 oyuna çıxıb, 12 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib.

Lukas Paketanın qənimətlər muzeyində “Flamenqo” ilə qazandığı Karioka çempionluğu (2016/2017), “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və Braziliya millisi ilə qazandığı Amerika Kuboku (2018/2019) var.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Adama Traore “Fulhem”i “Vest Hem”ə dəyişdi

İspaniya millisinin və İngiltərənin “Fulhem” klubunun sağ vingeri Adama Traore bundan sonra “Vest Hem”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Vest Hem” rəsmi saytı vasitəsilə məlumat yayıb.

30 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma “Vest Hem”in bu keçid üçün “Fulhem”ə 2,3 milyon avro ödədiyi barədə məlumatlar var.

Futbolçunun baş məşqçi Nuno Espirito Santo ilə yenidən bir araya gəldiyi vurğulanır. Onlar daha əvvəl “Vulverhempton”da da birlikdə çalışıblar.

Adama Traore “Barselona”nın yetirməsidir. O, “Aston Villa”, “Midlsbro”, “Vulverhempton”, “Fulhem” kimi klublarda da forma geyinib. “Fulhem” Traoreni 2023-cü ildə heyətinə qatmışdı. O, bu komandada 79 oyuna çıxıb, 4 qola imza atıb, 13 məhsuldar ötürmə müəllifi olub.

Traore 2020-ci ildə debüt etdiyi İspaniya yığmasında da 8 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı 30 yaşlı vingerin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Quido Rodriqes “Valensiya”da – Rəsmi

İngiltərənin “Vest Hem” komandasının dayaq yarımmüdafiəçisi Qvido Rodriqes bundan sonra “Valensiya”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “yarasalar”ın mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmır.

Quido Rodriqes Argentinanın “River Pleyt” klubunun yetirməsidir. 31 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Defensa Xustisiya”, “Tixuana”, “Amerika”, “Betis” kimi klubların da şərəfini qoruyub. O, 2024-cü ildən “Vest Hem”də çıxış edirdi. Rodriqes cari mövsümdə “çəkicdöyənlər”in heyətində 8 oyunda meydana çıxıb. Onun “Vest Hem” karyerası bütövlükdə 32 oyun və 1 məhsuldar ötürmədən ibarətdir.

Rodriqes 2017-ci ildə debüt etdiyi Argentina millisinin heyətində 30 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

❌