Reading view

Balau üstünlüyü “Qarabağ”da görür: “Keçmiş haqda çox düşünməyə vaxt yoxdur”

“Şamaxı”nın futbolçusu Dieqo Balaunun “Futbolpress.az“a müsahibəsi:

– “Kəpəz” səfərində mühüm qələbə qazandınız. Oyunu necə şərh edərdiniz?
– Rəqibi təhlil etmişdik. Özümüzdəki səhvləri də gördük və həftə ərzində onları düzəltməyə çalışdıq. Əziyyətimizin əhrəsini gördük və üç xal qazandıq.

– “Qəbələ”yə böyükhesablı məğlubiyyətdən sonra “Kəpəz”ə qalib gəldiniz. Oyuna köklənmək çətin olmadı?
– Xeyr. Futbolda keçmiş haqda çox düşünməyə vaxt yoxdur. Hər beş gündən bir oyunumuz var və əsas məsələ səhvlərimizi görməkdir. Problemləri tez aradan qaldırmalıyıq ki, müsbət nəticələr əldə edə bilək.

– Liqada demək olar, yerinizi möhkəmləndirmisiniz. Bundan sonrakı hədəf nədir?
– Hələ nəsə dəqiqləşməyib. 100 faiz təmin olunanan sonra artıq danışmaq olar. Oyundan-oyuna baxırıq və hədəfimiz hər matçda yaxşı nəticə əldə etmək, xalları artırmaqdır.

– Növbəti rəqibiniz “Qarabağ”dır. İlk dövrədə səfərdə onlardan xal almısınız. İndi düşüncə qələbədir?
– “Qarabağ”ın gücü hamıya bəllidir. Amma azarkeşlərimiz önündə oynayacağıq və onları sevindirmək istəyirik. Düşünürəm ki, stadion amili də bizdən yanadır və qələbə qazanmaq şansımız var.

– “Qarabağ”ın Çempionlar Liqasında “Nyukasl”la oyununun olması sizə üstünlük qazandırır?
– Xeyr. Üstünlük “Qarabağ”dadır. Onlar sıx qrafikdə olsalar da, yüksək səviyyədə futbol oynayırlar. Çempionlar Liqası təcrübəsi onları daha güclü edir. Ona görə pley-off oyununun “Qarabağ” üçün daha üstünlük olduğunu düşünürəm.

Şahin Cəfərov

“Mövsümün əvvəlində oyunumdan razı deyildim” (MÜSAHİBƏ)

“Sumqayıt”ın futbolçusu Nikola Ninkoviçin “Futbolpress.az“a müsahibəsi:

-“Karvan-Yevlax” səfərində qazanılan qələbəni necə şərh edərdin?
-Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizədə çox mühüm qələbə idi. “Turan Tovuz”la oyunda məğlubiyyət yaşadıq və buna reaksiya verib, üç xal qazanmalıydıq. İstədiyimizə çatdıq və yaxşı oynayaraq, qələbə qazandıq.

– Avrokuboklardan söz açdın. Qarşıdan Azərbaycan Kubokunda “Zirə” ilə oyunlar gəlir. Kubok da avrokuboklara vəsiqə verən daha asan yol kimi görünür…
– Biz yarışlara yox, oyunlara baxırıq. Hədəfimiz hər oyunda maksimum nəticə əldə etməkdir. Ya Premyer Liqa, ya kubok, fərqi yoxdur. Önəmli olan oyunumuzla xallarımızı artırmaqdır. Sonda harda olacağımızı görəcəyik.

– Son oyunlarda start heyətdə yer alırsan. Artıq formanı tam bərpa etdiyini demək olar?
– Bura gəldiyim ilk gündən çox çalışıram, maksimumu edirəm. Məncə, formamı xeyli yaxşılaşdırmışam və hazırda yaxşı səviyyədəyəm. Buna baxmayaraq, inanıram ki, hələ də inkişaf edə bilərəm.

– Formanı yığmaq nə üçün çox zaman apardı?
– Mövsümün əvvəlində yaxşı deyildim və oynayanda da uyğunlaşa bilmirdim. Buna baxmayaraq, çox çalışdım, mübarizə apardım və formamı qaytardım. Mövsümün əvvəlində oyunumdan razı deyildim, bilirdim ki, artıra biləcəm. İndi isə yaxşı səviyyədəyəm və düşünürəm ki, gözləntiləri doğrulda bilirəm.

– Həmyerlin Aleksa Yankoviç oynadığı müddətdə çox effektivdir. Lakin bəzi matçlarda ehtiyat qüvvə kimi oyuna çıxır. Onunla danışırsınızmı? Təcrübəli biri kimi nə məsləhət verirsiniz?
– Yankoviç bu komandanın vacib oyunçusudur. Onun oyuna qoşulması ilə sürətimizi artırırıq. Driblinqləri ilə rəqibləri keçir, bizimçün şanslar yaradır. Yankoviç oyunun taleyini həll edə biləcək oyunçudur. Ona məsləhətim odur ki, hər gün çox çalışsın. O, liqada ən yaxşı oyunçulardan biri olduğunu sübut edəcək.

– Karyeranızda bir neçə klubda, ölkədə oynamışınız. Azərbaycan çempionatını digərlərindən fərqləndirən nədir?
– Əsas fərq keyfiyyətlə bağlıdır. Düzdür, burdan zəif və güclü liqalarda oynamışam. Amma hər çempionatın özünəxas cəhətləri var. Azərbaycanda komandalar demək olar, eyni səviyyədədir. Sonuncu sırada olan birinci sıradan xal almaq potensialındadır. Oyunların nəticələrini əvvəldən təxmin etmək olmur.

Şahin Cəfərov

❌