“Böyük Dəbilqə”: Azərbaycan üçüncü oldu
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.
Futbolpress.az xəbər verir ki, yarışın son günündə yığma komandamımız daha bir medal qazanıb.
-81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev karyerasında ikinci dəfə analoji turnirdə gümüş medala layiq görülüb. 26 yaşlı cüdoçumuz iki il əvvəl də Paris tatamisində eyni nəticəni göstərmişdi.
Tçkayev finala gedən yolda Çin, Böyük Britaniya, Tacikistan və Qazaxıstan təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə isə yaponiyalı Yuhei Oinoya uduzaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, ötən gün Balabəy Ağayev (-60 kq) qızıl, Ruslan Paşayev (-66 kq) isə bürünc medal əldə etmişdi.
Beləliklə, Paris Böyük Dəbilqəsini bir dəst medalla başa vuran Azərbaycan millisi 78 ölkə arasında kişilərin mübarizəsində 2-ci, ümumi komanda hesabında isə 3-cü yeri tutub.