Reading view

Kapitan: “Elə olur, günlərlə evdən çıxmıram”

“Karvan-Yevlax” Premyer Liqanın XX turunda “Zirə”yə uduzub – 0:1. Matçdan sonra komandanın yarımmüdafiəçisi Vadim Abdullayev “Futbolpress.az“a açıqlamasında qələbəsizlik seriyaları haqda danışdı:

“Məğlubiyyətlər davam etdikcə psixoloji eniş də yaşanır. Karyeramda ilk dəfədir, belə olur. Bu vəziyyət pis təsir edir. Elə olur, günlərlə evdən çıxmıram. Lakin bu, futboldur. Durumu qəbul edib, düzəltməliyik”.

Abdullayev komandanın liqada qalmaq perspektivlərinə toxundu:

“Qarşıda oyunlar var. Rəqiblər də xal itirir və kimin harda olacağını mövsümün sonunda görəcəyik. İndiki məqamda bu psixoloji durumu düzəltməli, xal və ya xallar qazanmağa başlamalıyıq”.

“Karvan-Yevlax” növbəti turda “Araz-Naxçıvan”la qarşılaşacaq. Kapitan sabiq klubu ilə dueldən gözləntilərini bölüşdü:

“Araz-Naxçıvan”da əziyyətim olub. İllərlə bu komandanın formasını geyinmişəm. Ordan ayrılmaq da çətin idi. İndi “Karvan-Yevlax”dayam və bizim üçün qələbə önəmlidir. “Araz-Naxçıvan”a qarşı incikliyim qalıb. Mənimçün oyunun önəmi də başqadır. Ümid edirəm ki, yaxşı oynayarıq və mən də komandama yaxşı nəticə üçün töhfə verə bilərəm”.

Şahin Cəfərov

❌