Ötən gecə baş tutmuş “Liverpul”la səfər oyunu “Qalatasaray”ın futbolçuları Viktor Osimhen və Noa Lanq üçün uğursuz yekunlaşıb.
Arena.az xəbər verir ki, Osimhenin bu oyunda qolu sınıb, Lanq isə barmağından zədə alıb.
Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, nigeriyalı forvardın qoluna gips qoyulub. 27 yaşlı hücumçunun əməliyyatı ilə bağlı qərar yaxın günlərdə veriləcək.
Noa Lanqın sağ barmağında da ciddi kəsik aşkarlanıb. Niderlandlı oyunçu Liverpul şəhərində əməliyyat olunmalıdır.
Xatırladaq ki, Viktor Osimhen bu oyunda birinci hissənin sonunda, Noa Lanq isə 80-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı.
Yeri gəlmişkən, “Qalatasaray” “Liverpul”la matçdan sonra UEFA-ya şikayət ərizəsi ilə müraciət edib. İstanbul təmsilçisinin baş katibi Eray Yazqan Noa Lanqın bu matçda ağır zədə alması ilə bağlı belə bir addımı atdıqlarını bildirib:
“Matçdan sonra bu məsələ ilə bağlı UEFA nümayəndələrinə şikayət ərizəsi ilə müraciət etdik. Qurum vəziyyəti qiymətləndirəcək. Biz vəkillərlə məsləhətləşirik. UEFA-ya kompensasiya tələbi ilə müraciət edəcəyik və iddialarımızın nəzərdən keçirilməsini tələb edəcəyik. Tələbimiz təmin edilməsə, məhkəmə iddiası qaldırıla bilər. Oyunçularımızın sağlamlığı bizim üçün prioritetdir”.
Xatırladaq ki, “Qalatasaray” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində qarşılaşdığı “Liverpul”a ilk oyunda 1:0 hesabıyla qalib gəlsə də, səfərdə 0:4 hesabıyla uduzaraq mübarizəni dayandırıb.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Başakşəhər” – “Antalyaspor” matçında qapılara qol vurulmayıb. “Eyüpspor”un qonağı olan “Trabzonspor” 3 xalı tək qolla qazanıb. “Alanyaspor” isə doğma meydanda “Kocaelispor”u 5 cavabsız qolla yenib.
Xatırladaq ki, Bu turun “Göztəpə” – “Qalatasaray” və “Rizəspor” – “Samsunspor” matçları təxirə salınıb. Turun qalan görüşləri martın 19-da keçiriləcək.
Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 26-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Samsunspor” – “Kayserispor” matçında meydan sahibləri qələbə qazanıblar. “Kasımpaşa” doğma meydanda “Eyüpspor”u tək qolla üstələyib. Səfərdə “Gənclərbirliyi” ilə qarşılaşmış “Beşiktaş” da turu inamlı qələbə ilə başa vurub.
Beləliklə, geridə qalmış 26 turdan sonra “Qalatasaray” 64 xalla vahid liderdir. “Fənərbağça” və “Trabzonspor”un 57, “Beşiktaş”ın 49, “Göztəpə”nin 43, “Başakşəhər”in 42, “Samsunspor”un 35 xalı var.