Reading view

Hesabatdan pozitiv notlar

AFFA-nın Hesabat Konfransı gözlənildiyi qədər ajiotaj yaratmadı. Bunu hansı prizmadan nəzərdə tutduğumu açıqlayım:

– Ötən il vəd olunanların əksəri reallaşdırılmadığına görə diqqətçəkən qeydlər olmadı

– ⁠AFFA-nın əvvəlki isteblişmenti heç bir iş olmasa belə, şişirdilmiş təqdimatla ictimaiyyətdə qıcıq oyadırdı və “heç nədən” geniş ictimai rezonans/müzakirələr yaradırdı.

İndiki AFFA rəhbərliyi bu baxımdan hədəfə gəlməsə də, futbolumuzun əzəli bəlası olan nəticəsizlik Rövşən Nəcəf və “drujinası” üçün “giyotin” rolunu oynadı.

Bəs AFFA nə etməli idi ki, futbol ictimaiyyəti bu qədər qınaqla dolmasın…

İdarəçilikdə, strukturda dəyişikliklər daha sürətlə aparılmalı və bitməli idi.

– Bu baxımdan axsamalar var və hazırkı AFFA isteblişmenti “monoetnik” deyil. Bu da ümumi prosesi ləngidir, gözlənilən futbolyönlü islahatların gecikməsinə səbəb olur. Beləcə irili-xırdalı, obyektiv-subyektiv səbəblərin detalına varmayan elektorat, “bəs nə oldu?!” sualına cavab tapa bilmədiyi üçün qınaq, tənqid enerjisi ilə “silahlanır”.

Hədəf?

AFFA rəhbərliyi…

Biz bunları aydın görə biliriksə, idarəçilikdəkilər də görməmiş, bilməmiş deyil.

Bununla da əsas həll yolunda vacib meyar müəyyənləşir:

Çevik qərarlar verilməli və icra edilməlidir. İdeya ətrafında birləşən komanda formalaşmalıdır.

***

Hesabat Konfransından sonra keçirilən mətbuat konfransında AFFA-nın prezidenti Rövşən Nəcəf, baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezident Sərxan Hacıyev iştirak etdi. Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 Avropa Çempionatının ölkəmiz üzrə koordinasiyaçısı Sərxan bəy konfransda danışmadı, ona sual verən də olmadı.

Rövşən Nəcəf isə rəhbərliyə seçilməyindən sonra ilk dəfə idi ki, bu qədər net mövqedə idi. Düzdür, onu haqlı çıxaracaq, yaxud üstün mövqedə göstərəcək arqumentlər kasad idi, lakin heç bir sualda “malalama” olmadı. Politik manevrlər qaçılmaz idi və yararlandı, hərçənd yeri gələndə replika atır, “mesajlar” göndərirdi.

İdarəçilikdə “çistka” vacibdir və məhz bundan sonra strateji xətt müəyyənləşdirib irəliləmək lazımdır – Rövşən Nəcəfin çıxışında prioritet bu idi.

Bədən dili:

Konfransın təqdimat mərhələsində bu qəbildən çıxışlar AFFA-da və klublarda kök salmış bəzi “köhnələrin” necə “rəng verib rəng aldığını” bariz büruzə verirdi.

AFFA üçün ağır olacaq, amma bu vacib prosesdir…

Bədən dili məsələsində daha bir vacib məqamı qeyd etmək istərdim.

Baş katib Cahangir Fərəcullayev ötənilki konfransa nəzərən daha qayğılı görünürdü. Bundan öncəki analoji tədbirdə əsas məqam Fərəcullayevin, “Hər şeyə sıfırdan başlamalıyıq” şüarı idi.

Bu dəfə baş katib emosional deyil, rasional idi. Bəli, ötən bir ildə gözlə görünəcək böyük dəyişikliklər olmayıb, ona görə də gurultulu danışmaq da yoxdur. Hərçənd Elxan Məmmədov üçün iş/nəticə oldu-olmadı: pafoslu, gurultulu çıxışlar, qeyri-səmimi sözlər adi hal idi. Fərəcullayev bu baxımdan abırına qısıldı…

Gözlə görünməyəcək dəyişikliklər, hətta radikal addımların atıldığını bilirik, lakin bunlar bər-bəzəkli, hay-küylü təqdim edilmədi.

Həm Rövşən bəy, həm Fərəcullayev bir meyarda durdu: yalnız milli komanda əhəmiyyətli turnirlərdən birinə vəsiqə qazanacağı zaman sevinəcəyik, hələliksə sakit…

Baş katibin təqdimatında ən təqdirəlayiq məqam Tahir Süleymanovun adının çəkilməsi və ona etimadın göstərilməsi oldu.

Süleymanov çox nadir futbol şəxsiyyətlərindəndir ki, AFFA-dan iş istəməyib, işləməyi tələb edib, ictimai mövqeyi olub və daim fikirlərini açıq bildirib. Onu da əksəriyyət kimi “zərərsizləşdirmək” istəyirdi keçmiş rəhbərlik… Lakin təcrübəsi və ləyaqəti doğru mövqe sərgilməyinə səbəb olmuşdu.

Belə futbol adamımız çox azdır. Belə bir şəxsə etimad göstərən futbol funksionerinə neqativ yanaşa bilmərik. Doğru insan(lar) seçməyə və futbol idarəçiliyinə gətirməyə cəhd edən adamın niyyəti pis olmaz.

***

Ötənilki pafos və emosiya bu il yerini rasionallığa verib. AFFA rəhbərliyi ilk dəfədir ki, ideoloji səhihliyə yaxınlaşdığını göstərdi. Görək bu proses hara qədər və nə qədər gedəcək. Əsas odur, başlanğıc ciddi görünür və perspektivə inam yaradır.

Əvvəlki kimi pərakəndə, başıpozuq qərarlar yoxdur, təsadüfi adamlar AFFA-nın içinə soxulmur, qarışıqlıq, çaşğınlıq yaratmağa meydan ala bilmir.

Tənqidlər və qeydlərdən nəticələr çıxarıldığı hiss olunur və bu xoşdur.

Görüləcək işlər çoxdur. Hələ də bəzən həvəskar xarakterli addımlar atılır, lüzumsuz gərginlik mənbələri yaranır. Bu da sırf ideoloji bütövlüyün hələ tam formalaşmamasına görədir.

Əsas odur ki, zamanla “sular durulur” və AFFA rəhbərliyi nəyin peşəkar, səmimi, nəyinsə qurama və mənfəətcil qruplaşmaların “politikası” olduğunu bu bir ildə kifayət qədər sezib, öyrənib.

Tolerant yanaşma, peşəkarlaşma uğrunda böyümə prosesi və operativ qərarlar – bunlarda sürətlənmə yaransa, AFFA-nın növbəti konfransı da pozitiv notlarla daha çox diqqət çəkəcək. Əks halda… “yem olmaq” ehtimalı/riski qaçılmazdır.

Elçin Cəlilov

❌