Reading view

“Neftçi” Vernidubun vətəni deyil – 2

İkinci dəfə yazmağa ehtiyac yarandı. Yuri Vernidub “Neftçi” tribunasını öz vətəni üçün istifadə edir. Üç ay əvvəl bu haqda yazmışdıq.

Deməli, Vernidub “Sumqayıt” – “Neftçi” (1:3) oyunundan sonra keçirilən mətbuat konfransında çıxışına belə başlayıb:

“Bir il əvvəl Ukraynada, “Krivbass”da çalışırdım. Həmin vaxt, səhv etmirəmsə, aprelin 4-də idi. Uşaq meydançasına ballistik raket atılmışdı və 9 uşaq həlak olmuşdu. 9 uşaqla yanaşı, 21 böyük də ölmüşdü. Vaxt keçsə də, bunu xatırlayıram. Bunu deməli idim. İndi isə sualları verə bilərsiniz”.

Bu artıq neçənci belə haldır. Dünyada buna oxşar hallar varmı? Çox az da olsa, var. Lakin bu ona dəlalət etmir ki, Vernidub ara-sıra bu tribunadan “vətəninin həqiqətlərini” işıqlandırsın, tirajlandırsın.

O, bilir ki, bunu onlarla media orqanı yazacaq və məsələ geniş auditoriyaya yayılacaq.

Bilirik ki, Ukrayna Rusiya ilə müharibədədir. Azərbaycan dövlətinin bu müharibəyə, ümumiyyətlə bütün müharibələrə münasibəti də məlumdur. Biz heç vaxt aqressor tərəfdə olmamışıq.

Müharibədə qalib gəlmiş ölkə kimi yandaşımızı da, əksimizə dayananları da görmüşük.

Sözügedən müharibədə isə haqlı və ya haqsız tərəfi müəyyənləşdirmək bizə düşməyib. Azərbaycanın hər iki ölkə ilə münasibətləri var…

Vernidub bura gələndən azı 3-4 dəfə bu müharibədən bəhs edən məqamları xüsusi qabardıb – sual verilmədən, öz təşəbbüsü ilə.

Ötən dəfə də yazmışdıq, güman ki, “Neftçi”nin onunla bu mövzuda hər hansı “centlmen anlaşması” olub. O halda bu anlaşılandır, elə deyilsə, onda Vernidubun etdiyi fürsətdən sui-istifadə halıdır.

Beynəlxalq hüquqdan və nəzəri politikadan anlayışı olan biri kimi qeyd edim ki, Azərbaycan demokratik dövlətdir və beynəlxalq hüququn prinsiplərinə tam əməl edir. Bu halda kimin nəsə deməyi və nə cür deməyi problem sayılmamalıdır…

Vernidubun təşəbbüsləri də problem sayılmır, sadəcə, sui-istifadə halıdır.

O, bura müqavilə əsasında işləməyə gəlib. Vətəni müharibə şəraitində olan biri xüsusi amansız vəziyyətdən ölkəsini tərk etməyib ki, onun bəhs etdiyimiz çıxışlarını haray kimi qəbul edək və hüququn təqsirsizlik prezumpsiyası əsasında haqlı sayaq. Belə bir hal yoxdur, o, bura işləməyə gəlib. İctimai əsaslarla da deyil, yüksək qonorarlı/ödənişli özəl işə. O halda işləməyə gəldiyi ölkənin ictimai tribunalarından vətəni naminə müntəzəm istifadənin adı nədir?

Biz emosional xalq ola bilərik, haqsızlığa məruz qalmağın nə olduğunu da çox yaxşı bilə bilərik, lakin bəzən bu rasionallığı itirəcək həddə gələndə yaxşı hal olmur.

Bizim Ukrayna – Rusiya müharibəsində hansı ölkənin haqlı, hansının haqsız olduğuna dair öz fikrimiz, rəyimiz, mövqeyimiz ola bilər. Lakin dövlət xalqın emosiyaları əsasında idarə edilmir. Dövlətimizin hər iki ölkə ilə münasibətləri var. 99.9% insanımız Ukraynaya hücum edildiyini, haqsızlığa məruz qaldığını deyə, düşünə bilər. Lakin bir təsisatın vasitəsilə ölkənin ictimai tribunalarından öz ölkənin reputasiyasına uyğun təbliğat aparmaq – bu, istifadədir.

Təkrar qeyd edirik, buna dair sual yoxdursa, birbaşa çıxışa başlanırsa və sonra, “indi suallarınızı verə bilərsiniz” deyilirsə, bu zərurətdən doğan vəziyyət yox, sui-istifadədir və məsələyə aidiyyatı olan tərəflər bir az da diqqətli olsalar, daha yaxşı olar.

Bu mühakimə yürütmək deyil, politik münasibət deyil, “Rusiya tərəfi nə düşünər” təəssübkeşliyi isə heç deyil. Biz də bilirik nə var, nə yox. Bir-iki dəfə oldu, çox pakizə. Daha bunu ənənəyə çevirib istifadə etməyin.

Yazını xalq şairi Məmməd Arazın “Müharibə olmasa!” şeiri ilə bitirmək istəyirəm.

Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında,-
Müharibə olmasa!

Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər,-
Müharibə olmasa!

Sevənlər aləmində
Nə qəm, nə həsrət olar.
Bəşərin gülləsi-söz,
Sözü-məhəbbət olar,-
Müharibə olmasa!

Kamil Əhməd

❌