Normal view

Today — 11 July 2026Main stream

Vernidub: “Niyə Azərbaycanda da çempion olmayım?”

11 July 2026 at 15:32

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Ukrayna mətbuatına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Azərbaycandakı işindən, “ağ-qaralar”dakı hədəflərindən danışıb:

– Əvvəlcə, yeni müqavilədən başlayaq. “Neftçi”dən başqa variantlarınız var idi?
– “Neftçi”nin təklifi məni qane edirdi. Yaxşı komandadır, şərait də yüksək səviyyədədir. Rəhbərlik yeni müqavilə təklif etdi və mən də dərhal razılıq verdim. Hər şey əladır.

– Yeni mövsüm üçün hədəflər artıq müəyyənləşdirilib?
– “Neftçi”də məqsədlər həmişə ən yüksək olub. Üstəlik, bu il klubun 90 illik yubileyidir. Buna görə də maksimum nəticəni əldə etmək istəyirik. Amma yubiley olmasa belə, “Neftçi” Azərbaycanın tarixi klubudur və burada qarşıya qoyulan hədəflər həmişə böyük olur.

– Ötən mövsümü dördüncü pillədə başa vurdunuz. Bu dəfə hansı əyarlı medalı hədəfləyirsiniz?
– Əlbəttə ki, qızıl medal istəyirik. Mən artıq Belarus və Moldovada iki dəfə çempion olmuşam. Niyə Azərbaycanda da çempion olmayım? Bunu özüm də çox istəyirəm və belə bir məqsədin qarşıya qoyulmasına sevinirəm.

– Konfrans Liqasının təsnifat mərhələsində çıxış edəcəksiniz. Orada hədəfiniz nədir?
– Bəli, dördüncü yeri tutduğumuz üçün Konfrans Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacağıq. Mən Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində işləmişəm, amma Konfrans Liqasının qrupunda olmamışam. Buna görə də ora vəsiqə qazanmağı çox istəyirəm.

– Azərbaycan futbolu haqqında nələri bilməliyik?
– Çempionat çox maraqlıdır. Premyer Liqada 12 komanda iştirak edir və yarış üç dövrədən ibarətdir. Püşkatmaya əsasən elə olur ki, hansısa rəqiblə iki dəfə evdə, bir dəfə səfərdə və ya əksinə, iki dəfə səfərdə, bir dəfə evdə oynayırsan. Bu da liqaya maraq qatır. Çempionat kifayət qədər gözlənilməzdir. Turnir cədvəlinin aşağı pillələrində olan komandaların da sürpriz etməsi mümkündür. Məsələn, “Qarabağ” “Kəpəz” kimi komandalara qarşı vacib xallar itirib. Azərbaycanda güclü komandalar var – “Neftçi”, “Qarabağ”, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Araz-Naxçıvan”. Bu altı komanda daim yüksək yerlər uğrunda mübarizə aparır. Ümumilikdə çempionatın səviyyəsi yaxşıdır. İndi təlim-məşq toplanışları gedir və Ukrayna klubları yoxlama oyunlarında “Qarabağ” və “Sabah”a qalib gəlib. Amma hazırlıq oyunlarına əsasən nəticə çıxarmaq düzgün olmaz. Kimisi ağır fiziki yükləmələr altında oynayır, kimisi isə matça xüsusi hazırlaşır. Azarkeşlər də oyunlara gəlirlər. Xüsusilə “Neftçi”nin “Qarabağ” və ya “Sabah”la görüşlərində tribunalar demək olar ki, dolu olur. “Neftçi”, “Qarabağ” və “Sabah”ın çoxsaylı azarkeşləri var.

– Azərbaycanda hakimlik barədə nə deyə bilərsiniz?
– Hakimlik hər yerdə olduğu kimidir. Hakimlər də insandır və səhv edirlər. Bu, futbolun ən ağrılı mövzularından biridir və açığı, məşqçi kimi bunu çox müzakirə etmək istəmirəm. Bu problem həmişə olub və olacaq. Hətta dünya çempionatlarında belə səhvlər və mübahisəli qərarlar olur. Hər məşqçi hakimin səhv etdiyini düşünəcək, hakim isə öz qərarını müdafiə edəcək. Keçən mövsüm mənim də belə hallarım oldu. Xüsusilə “Zirə” ilə oyunda. Həmin heç-heçə bizə üçüncü yeri tutmağa mane olan amillərdən biri oldu.

“Turan Tovuz”la eyni xal topladıq, amma burada ilk növbədə qələbələrin sayı nəzərə alınır. Hamı həmin epizodda hakim səhvinin olduğunu qəbul etdi, ancaq nəticəni dəyişmək mümkün deyil. Ona görə də səbirli olmaq və bir-birinə hörmət etmək lazımdır. Emosiyalar olur, amma onları idarə etmək vacibdir.

– Komandanın oyununda və nəticələrində irəliləyişə necə nail oldunuz?
– Bura gələndə demişdim ki, komandada keyfiyyətli futbolçular var. Hamısı texnikalı və sürətlidir. Sadəcə oyun üzərində işləmək lazım idi. Futbolçular fəlsəfəmizi tez başa düşdülər və xarakter göstərdilər. Mən onların hər birinə minnətdaram. Buna görə də irəliyə doğru addım ata bildik.

İndi heyət yenilənib və hər şeyə yenidən başlamaq lazımdır. Amma bunda problem görmürəm. Futbolçular işləməyə və əziyyət çəkməyə hazırdırlar. İnanıram ki, qarşıya qoyulan məqsədlərə çata bilərik. Əsas məsələ xarakter və intizamdır. Futbolçular meydanda nə etməli olduqlarını, hücum və müdafiə sistemini başa düşürlər. Bunu yerinə yetirdikləri üçün nəticə gəlir. Əks halda uğur qazanmaq mümkün deyil. Əgər kimsə nəyisə başa düşmürsə, gəlib soruşa bilər. Biz hər şeyi izah edirik. Futbolçular bilirlər ki, telefonum günün 24 saatı onlar üçün açıqdır. Əsas diqqətli olmaq, xarakter göstərmək və nəsə alınmayanda ruhdan düşməyib daha çox çalışmaqdır.

– Heç vaxt Azərbaycanda olmamışam. Ora necə ölkədir?
– Azərbaycan mənim çox xoşuma gəlir. Azərbaycanlılar çox tərbiyəli, mehriban və qonaqpərvər insanlardır. Onlarla ünsiyyətdə heç bir problem yoxdur. Bakı çox gözəl şəhərdir və sürətlə inkişaf edir. Şəhər Xəzər dənizinin sahilində yerləşdiyi üçün burada müxtəlif balıq növləri var. Yerli mətbəx çox dadlıdır və mən onu çox sevirəm.

Yay isti keçir, amma qış Ukraynadakı qədər sərt olmur. Temperatur adətən +30-32 dərəcə olur, lakin dənizə görə rütubət yüksəkdir. Hətta +25-27 dərəcədə nəfəs almaq çətinləşə bilir. Yeganə xilaskar küləkdir. Elə buna görə də Bakını küləklər şəhəri adlandırırlar. Azərbaycan haqqında pis söz deyə bilmərəm. Üstəlik, azərbaycanlılar Ukraynaya böyük dəstək göstərirlər. Bu xalqı çox bəyənirəm. Hər şey əladır.

– “Neftçi”də işlədiyiniz dövrdən maraqlı bir hadisə danışa bilərsiniz?
– Sakit və təmkinli insanam. Həyat yoldaşımla şəhərdə gəzərkən insanlar tez-tez yaxınlaşıb şəkil çəkdirirlər, “Neftçi”yə uğurlar arzulayırlar. Xüsusilə restoranlarda bizi tanıyırlar, hörmət göstərirlər və söhbət edirlər. Ümumiyyətlə, hər şey yaxşıdır.

– Adınız tez-tez Ukrayna milli komandası ilə əlaqələndirilir. Gələcəkdə milliyə rəhbərlik etmək arzunuz varmı?
– Düşünürəm ki, bu, hər bir məşqçinin arzusudur. Milli komandaya rəhbərlik etmək özünü göstərmək üçün böyük imkandır. Amma başa düşürəm ki, məndən başqa da buna layiq çox yaxşı mütəxəssis var. Hazırkı baş məşqçi Andrea Maldera ukraynalı deyil, amma bu vəzifəyə layiqdir. Ona uğurlar arzulayıram və ümid edirəm ki, onun rəhbərliyi altında Ukrayna millisi böyük uğurlar qazanacaq. Futbolçuların da onun haqqında fikirləri çox müsbətdir.

– Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayanda ölkənizə qayıdaraq Silahlı Qüvvələrə qoşuldunuz. Lakin “Neftçi”də işlədiyiniz dövrdə Kurban Berdıyevlə əl sıxmanız və klubun Moskvanın “Lokomotiv”i ilə əməkdaşlığı tənqid olundu. Bunları necə qarşıladınız?
– Mən həmişə ukraynalı olmuşam, indi də ukraynalıyam və həmişə də belə qalacağam. Bu barədə yazılanları oxumaq mənim üçün çox narahatlıq doğururdu. Xüsusilə də məni yaxşı tanıyan insanların belə yazması. Amma hər kəsin öz fikri var. Həyatda səhvlər olur. Əsas odur ki, onları qəbul edib nəticə çıxarasan. Qalan hər şey artıq tarixdir.

– Klub rəhbərliyi ilə bu barədə danışmışdınız?
– Bu mövzunu klub rəhbərliyi ilə elə ilk gündən müzakirə etmişdik. Çünki həmin xəbərləri mən də hamı kimi mediadan öyrənmişdim. Söhbət yalnız uşaq akademiyasının əməkdaşlığından gedirdi. Bu razılaşma mən gəlməzdən xeyli əvvəl bağlanmışdı və mənim işimlə heç bir əlaqəsi  yoxdur. Mən akademiyaya cavabdeh deyiləm və onların münasibətlərinə təsir edə bilmərəm. Amma əminliklə deyə bilərəm ki, Rusiyaya getmirəm və getməyəcəyəm. Mən Azərbaycanda yalnız əsas komanda ilə işləyirəm.

Yesterday — 10 July 2026Main stream

Vernidub “Radniçki” üzərində qələbəni şərh etdi

10 July 2026 at 22:30

“Neftçi”nin ukraynalı baş məşqçisi Yuri Vernidub bu gün Serbiyanın “Radniçki” (Niş) komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində baş tutmuş bu görüş “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra klubun rəsmi saytına açıqlamasında bunları vurğulayıb:

“Sınaq matçlarında əsas məsələ futbolçuları yoxlamaq, taktiki gedişlərin üzərində işləməkdir. Nəticə bir nömrəli vəzifə deyil, amma istənilən halda, qələbə qazanmaq xoşdur. Futbolçularımı təbrik edirəm. Yaxşı oyun keçirdik. Həm ilk, həm də ikinci hissədə meydana çıxan oyunçular əllərindən gələni etdilər. Bəzi futbolçuları fərqli mövqelərdə də yoxladıq. Yolumuza davam edirik. Artıq hazırlığın son mərhələsindəyik. Qarşıda daha bir oyunumuz var. Ondan sonra Bakıya qayıdacağıq. Bir-iki günlük istirahətdən sonra isə artıq Konfrans Liqası matçına hazırlaşacağıq. Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdır”.

Before yesterdayMain stream

Yuri Vernidub “Partizan”a məğlubiyyətə aydınlıq gətirdi

7 July 2026 at 00:30

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Sloveniyada Serbiyanın “Partizan” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, hazırlıq matçı “Neftçi”nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Yuri Vernidub oyundan sonra klubun rəsmi saytına açıqlama verib. Ukraynalı mütəxəssis məğlubiyyətə baxmayaraq, yaxşı oyun alındığını bildirib:

“Çox yaxşı rəqiblə qarşılaşdıq. Onlar da bizim kimi Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinə hazırlaşırlar. Növbəti mərhələlərdə bu tip komandalarla üz-üzə gələcəyik. Hələ ki, əsasən gündə iki məşqlə hazırlaşırıq. Buna görə də hər hissədə iki fərqli heyətlə oynadıq. Demək olar, hamıya mübarizə aparmaq şansı yaratdıq. Hazırda oyunlarımız yükləmə altında keçir.

Sabahkı istirahət günündən sonra artıq növbəti matç ərəfəsində yükləmələri yavaş-yavaş azaldacağıq və əsas heyət üzvlərini daha çox – 65-70 dəqiqə oynatmağa başlayacağıq. Hazırlıq plan üzrə gedir. Artıq toplanışın ikinci yarısında, yükləmələr azaldılandan sonra oyun sistemimiz daha aşkar bilinəcək.

İmad Farajın yüngül narahatlığı olduğu üçün bu gün risk edib onu meydana buraxmadıq. Alessio Kurçinin vəziyyəti qənaətbəxş deyil. Ola bilər ki, bir neçə həftə buraxsın. Onunla bağlı son diaqnoz bizə veriləcək. Oyunun gedişində Andrey Ştoqrində də yüngül narahatlıq hiss etdiyimiz üçün onu dəyişdik. Bununla belə, bütün futbolçuların fiziki durumu qənaətbəxşdir”.

❌
❌