Reading view

Axundovun şəxsi vəsaiti ilə reallıq…

Bu yaxınlarda dünyagörüşünə hörmət etdiyim bir klubun rəhbərindən eşitdim: Zaur Axundov yaxşı oğlandı.

Bu kəlmə/ifadə adətən, yerini bilən, doğru yolda olan, pozitiv imicə malik şəxslər haqda işlənir.

Duruxdum, amma bu, sırf futbol klubu rəhbəri personasına nəzərən eşitdiyim arasında fərqə görə var-gəl etdiyim üçün idi…

Əlqərəz, Axundov yaxşı futbol rəhbəri deyil, bu dəqiqdir. İzafi və nəzəri izahlarıyla sübut etmək olar və fikrimcə, şəxsiyyətində bu cür məsələləri etiraf edəcək keyfiyyətli çalarlar da var.

***

Naxçıvanda böyük futbolun yaranmasına ən çox o səbəb ola bilərdi. Olmadı.

İllər boşa getdi. İndi öz vəziyyəti sual altındadır.

“Araz Naxçıvan”ı yurduna qaytarmaq üçün şəxsi vəsaiti xərcləmək və ya naxçıvanlı imkanlılardan kömək istəmək lazım deyildi, elə AFFA-dan gələn 2.5-3 milyon manat illik dotasiyanın yarısı ayrılsaydı, bəs edərdi.

Deməli, istəmək lazımdır.

Şəxsi vəsaiti hesabına klub saxladığını iddia edən adam dotasiyaya ehtiyac duyarmı? Duysa da, onu baza tikintisinə sərf edər, böyük bir ƏHSƏN qazanardı.

Bu da olmadı.

Və ən vacibi, yoldaş Axundov, Azərbaycanda heç kəs şəxsi vəsaiti hesabına klub saxlamır. Bunu sizdən başqa da iddia edənlər tapılır arabir.

Ola bilər ki, şəxsi vəsaitdən bir qədər ayrılsın, lakin heç kəs, təkrar vurğulanır, diqqət edin, heç kəs şəxsi imkanları hesabına futbol klubu saxlamır.

Bunun heç praktiki izahını verə bilməzlər, nəinki hesabatını…

Azərbaycanda futbol sosial layihədir (!) və bu dövlət siyasətinin prioritetlərindən biri kimi tənzimlənir. Siz də ən yaxşı halda vasitəçi rolunda…

Uzadıb ucuzluğa aparmağın adı yoxdur, mövzu bitmişdir.

Elçin Cəlilov

❌