Reading view

Vernidub: “Mövsümün əvvəlindən burada olsaydım…”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 30-cu turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Qarabağ”la oyundan sonra futbolçularda böyük emosiyalar yarandı. Yalan demiyəcəyəm, bu matça görə məndə həyəcan var idi. Adətən böyük oyunlardan sonra futbolçuların emosional vəziyyəti həmişə yaxşı olmur. Amma hamımız birlikdə bunun öhdəsindən gəldik. Oyunçularıma minnətdaram.

Bizim üçün hər oyun finaldır. “Şamaxı”, “Sabah” və “Kəpəz”lə oyunlarımız var. Futbolçular da yaxşı başa düşürlər ki, bütün matçlarda maksimumu göstərməliyik. Bəli, kubokun finalından da çox şey asılıdır. Mən bütün qarşılaşmaları çətin hesab edirəm. Bu oyunlardan sonra harada olacağımızı görəcəyik.

Falaye Sakoya təşəkkür edirəm. O, peşəkar futbolçudur. Bütün oyunlarda öz peşəkarlığını ortaya qoymalıdır. Sakonun kifayət qədər təcrübəsi var, Fransa çempionatında oynayıb.

“Neftçi” kimi tarixi olan komandada işləmək böyük şərəfdir. Ən önəmlisi odur ki, oyunçular da “Neftçi”də oynamağın adi bir şey olmadığını başa düşməlidirlər. Hər zaman peşəkar davranmalı və bu ada layiq olmalıdırlar.

Kimlərin qalıb, kimlərin gedəcəyinə gəlincə, vaxtı çatanda hər şeyi deyəcəyəm. Mətbuatda çox şey yazırlar. Hətta yazırlar ki, mənim futbolçularla münaqişəm var. Mən ümumiyyətlə konfliktli insan deyiləm. Bir-birimizə hörmətlə yanaşırıq. Nə olur-olsun, ortaq dil tapacağıq. Onu deyim ki, seçimlərdə həssas yanaşacağıq. Bizim kriteriyalara uyğun futbolçularla yola davam edəcəyik.

Məndən əvvəl də çox xallar itirilmişdi. Mənim vaxtımda da “Turan Tovuz”, “Zirə”, “Şamaxı” ilə oyunlarda xal itkiləri olub. Maksimum nəticələr əldə etmək üçün hamımız əlimizdən gələni edirik. Mövsümün əvvəlindən burada olsaydım, daha fərqli danışmaq olardı. Amma buna baxmayaraq, müsbət mənada bir çox dəyişikliklərə nail olmuşuq. Gələcəkdə ən yuxarı yerlərdə olmaq ən böyük arzumdur. Bu, futbolçuların və rəhbərliyin də arzusudur”.

Vernidub: “Neftçi” kimi tarixi olan komandada işləmək şərəfdir”

Misli Premyer Liqasının XXX turunun “Karvan-Yevlax” – “Neftçi” oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “Qarabağ”la ikinci oyundan sonra uşaqlarda böyük emosiyalar ortaya çıxdı. Bu oyun üçün çox həyəcan keçirdim. Məşqçilər heyəti olaraq bunun öhdəsindən gələ bildik. Futbolçulara da minnətdaram.

– “Neftçi”nin avrokuboklara vəsiqə məsələsi məhz sizin ev oyunlarınızı keçirdiyiniz arenada müəyyənləşəcək. Həmin oyundan – kubokun finalından gözləntiləriniz nədir?
– Qarşıda üç oyun var və bunlar bizim üçün finaldır. Bütün futbolçular başa düşür ki, hər matçda maksimum nəticə göstərməliyik. Kubokun finalından da çox şey asılı olacaq. Titulu kim qazanacaq? Zaman göstərəcək. Öz oyunlarımız da vacibdir. Sona qədər mübarizəmizi davam etdirəcəyik.

– Falaye Sakoya nə vermişdiniz ki, mövsümün ən yaxşı oyunlarından birini keçirdi?
– Ona təşəkkür edirəm, peşəkar futbolçudur. Bir oyunda yox, bütün matçlarda səviyyəsini ortaya qoymalıdır. Fransa çempionatında da oynayıb və yaxşı təcrübəsi var. Ona nə deyim? Afərin!

– Məşqçi kimi böyük yol keçmisiniz. Müharibə vaxtı ölümlə üzbəüz olmusunuz. Amma ötən oyundan sonra çox həyəcanlı olduğunuzu demişdiniz. Bu, matça görə idi, ya başqa səbəbi oldu?
– Başqa səbəb yox idi. Sadəcə 1:5 hesablı məğlubiyyət mənim üçün sarsıdıcı idi. Bundan sonra söz tapa bilmirdim. Ona görə də, ikinci oyunda fərqli çıxış etdik. Qələbədən sonra emosiyalar fərqli idi və buna görə də suallara cavab vermək istəmədim. “Neftçi” kimi tarixi olan komandada işləmək isə  şərəfdir. Klubda çalışaraq futbolçulara, azarkeşlərə və rəhbərliyə böyük hörmətim var. Oyunçular da “Neftçi”də olmağın üstünlüyünü dərk etməlidir. Hər zaman peşəkar oynamalıdırlar ki, bu kluba layiq olsunlar.

– Transfer məsələlərində planlarınız hazırdır? 
– Transferlər barədə danışmamışam. Kim hansı oyunçunun adını çəkirsə, özü də danışsın. Vaxtı gələndə hər şeyi özüm deyəcəyəm. Yazırlar ki, hansısa futbolçu ilə münaqişə etmişəm, amma bu, doğru deyil. Transfer işlərində çox diqqətli olacağıq.

– “Neftçi”nin “üçlük”dən kənarda qalmasının səbəbi mövsümün əvvəlində itirilən xallardır, yoxsa hakim qərarları?
– Bu barədə şərh vermək istəmirəm. Komanda məndən əvvəl də çoxlu xallar itirmişdi. “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sumqayıt”la oyundakı heç-heçələr mənim də vaxtımda olub. Çalışırıq ki, hər oyunda maksimum nəticə qazanaq. Komandada müsbət dəyişikliklərə nail olmuşuq. Ən böyük arzum “Neftçi”nin layiq olduğu yerlərdə görməkdir.

– Kubokun finalını stadiondan izləyib, “Sabah”a azarkeşlik edəcəksiniz?
– Dəqiq bilmirəm. “Sabah”a və ya “Zirə”yə azarkeşlik etməyim doğru sayılmaz. Güclü olan qalib gəlsin. Düzdür, “Sabah”ın qələbəsi bizə daha uyğundur, amma hansısa rəqibimizə pis bir şey arzu edə bilmərəm. Həyat bumeranqdır.

Şahin Cəfərov

Yuri Vernidub: “Bu oyundan uzaqlaşmaq istəyirəm”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 21-ci turundan təxirə salınmış “Qarabağ”la matçdan sonra fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Neftçi” azarkeşlərini təbrik edirəm. Bu, bizim üçün çox önəmli bir qələbə idi. Eyni zamanda bundan əvvəlki ağır məğlubiyyətə görə onlardan bir daha üzr istəyirəm. “Neftçi” elə bir komandadır ki, daim eyni yüksək səviyyədə oynamalı və rəqibə pressinq tətbiq etməlidir. Ötən matçda necə oynadığımızı gördünüz və 1:5 hesabı ilə uduzduq. Biz həmin məğlubiyyətdən lazımi nəticələr çıxardıq və məhz buna görə də bu gün meydanda yaxşı oyun nümayiş etdirdik”.

Yuri Vernidub gərgin matçın onu emosional baxımdan çox yorduğunu vurğulayaraq jurnalistlərdən anlayış göstərmələrini və bu dəfə sual verməmələrini xahiş edib:

“Sizdən bir xahişim var. Hazırda o qədər fərqli hisslər keçirirəm ki, mümkünsə, bu gün mənə sual verməyəsiniz. Qarşıda hələ 4 oyunumuz var, o zaman nə qədər istəsəniz, suallarınızı məmnuniyyətlə cavablandırmağa hazıram. Hazırda sadəcə oyundan uzaqlaşmaq istəyirəm. Ümid edirəm ki, bu istəyimi anlayışla qarşılayacaqsınız. Bu, qətiyyən sizə qarşı hörmətsizlik deyil, hər birinizə böyük hörmətlə yanaşıram. Çox sevinirəm ki, siz həmişə maraqlı suallar verirsiniz və mən də onları səmimi şəkildə cavablandırıram. Lakin bu gərgin matç məni emosional baxımdan o qədər yordu və bütün enerjimi aldı ki, bu dəfəlik sual-cavab hissəsi olmasa, daha yaxşı olar. İnanın ki, hamınıza dərin hörmətim var”.

❌