Naməlumluq simfoniyası
Premyer Liqanın bu mövsümü finişə yaxınlaşır. Yeni çempion ilə fərqlənən 2025/26 sezonu pis-yaxşı nələrləsə yadda qalacaq. Futbol ilahəsi gələn ilin qara buludlarından qorusun…
Niyə neqativ?
Liqanı tərk edən “Karvan-Yevlax” yenə bir az təcrübə yığmışdı, onun yerinə gəlməyə əsas namizəd olan “Şəfa” heç nəyi ilə elitaya hazır deyil. Bölgə təmsilçisi gedir, yerinə rəqiblərini Sumqayıtda qəbul edəcək Bakı təmsilçisi gəlir…
Komanda yenidən qurulmalıdır.
Necə? Yerli futbolçu “bazarında” normal “çeşidlər” yoxdur. Legioner də 50/50-ə ehtimal…
“Şamaxı” Ayxan Abbasovun yerinə Azər Bağırovu istəyir, lakin “Kəpəz” onu buraxmamaqda israrlıdır. Bu yandan da “şirlər”in “sükançı”sı olmağa vurnuxan tapşırangellər fəsiləsinin nümayəndələri…
Daha bir taleyi naməlum klub “Qəbələ”dir. Qış fasiləsində heyəti gücləndirməkçün imkanlarını zorlayacaq qədər xərc çəkən “qırmızı-qaralar” bundan da fayda görmədi. Sxadadze kimi əcnəbi məşqçi, kifayət qədər transferlər… Və bu klubun taleyi pley-off oyunundan asılıdır. İşdi-şayət I Liqa təmsilçisinə məğlub olsa, necə olacaq?..
“İmişli” Kaşkilya ilə birtəhər liqada qalmağı bacardı, amma son xəbərlərə görə portuqaliyalını postunda saxlamaq günü-gündən çətinləşir. Büdcə artımı ehtimalı da yoxdur. Yenə sual yaranır: necə olacaq?
“Kəpəz”də həmişəki kimi aləm bir-birinə dəyib və elə də qalıb. Nə sular durulur, nə tunelin ucunda işıq görünür. Gah rəhbərliyin tam şəkildə gedəcəyi deyilir, gah yeni sponsor tapdıqları və bu formada davam edəcəkləri sədaları eşidilir. Bütün hallarda, “Kəpəz”in defolt olmaması üçün sponsor tapmaq mütləqdir. Yenə naməlum vəziyyət…
Beləcə, Premyer Liqada olan klubların təqribən yarısı müəmmalı durumla üz-üzədir.
Bu naməlumluq növbəti mövsüm haqda həyəcan siqnalıdır.
Kamil Əhməd