“Bayquşlar” zirvədə
Premyer Liqada lider dəyişib. I turun təxirə salınmış oyununda “Qarabağ”a qalib gələn “Sabah” birinci pilləyə yüksəlib.
Oyundan öncə matç ətrafında “Qarabağ” qələbə qazanacaq, çempionat relsə düşəcək” deyə mülahizələr az deyildi. Çempionlar Liqasında “Ayaks”a məğlubiyyətdən sonra liqada “Araz-Naxçıvan”a 5 qolla qalib gələn “atlılar”ın “Sabah” səddini də aşacağı ehtimal edilirdi.
Oyuna daha basqılı başlayan, erkən qol vuran, qol epizodlarına girən “Qarabağ” 20-ci dəqiqədən sonra geri çəkilməyə məcbur oldu. İrəlidə yüksək pressinq tətbiq edən, bir neçə dəfə top oğurlamağı bacaran “Sabah” təslim olmayacağını göstərdi. Valdas Dambrauskasın kənardakı çılğınlığı, emosional davranışları ona heç-heçənin də qane etməyəcəyini işarə edirdi. “Qarabağ” kimi komandaya qarşı geridə olsa belə…
İkinci hissədə “Qarabağ” müdafiəsindəki boşluqları əsas uzun ötürmələrlə yarmağa çalışan “Sabah” cəhdlərində uğurlu olurdu. Əvvəlcə müdafiədəki səhv, daha sonra boşluq “bayquşlar”ın geridönüşü ilə nəticələndi.
“Sabah” “Sumqayıt”la növbəti matçda qələbə qazansa, tarixində ilk dəfə qış fasiləsinə lider kimi yollanacaq. Mövsümün əvvəlindən iddiasını ortaya qoyan və artıq 14 oyundur, uduzmayan “futuristlər” layiqli yerdədi. İndi əsas məsələ qalxdığın zirvəni qoruya bilməkdədir.
Şahin Cəfərov