Sxadadze: “Bizim üçün hər oyun final kimidir”
“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 26-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Yevlaxda baş tutmuş görüşü “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu gün çox çalışdılar. Yaxşı oyun və uğurlu nəticə göstərdilər. İlk dəqiqələrdən görünürdü ki, futbolçularda gərginlik var. İkinci hissədə rəqibin hücum qurmaq üçün şansları olmadı. Fasilədən sonra daha yaxşı oynadıq. Futbolçulara dedim ki, siz daha yaxşı oynaya bilərsiniz, sadəcə özünüzə inanmalısınız. Bizim üçün hər oyun final kimidir. Ən əsası güclü olmalıyıq. Göstəririk ki, biz futbol oynaya bilirik. Son matçlardakı uğursuzluğa baxmayaraq, azarkeşlər bizimlə birlikdəydi.
Komanda uduzanda, məşqçi günahkar olur. Bu, bizim işimizdir. Azarkeşləri başa düşürəm. Onlar da istəyirlər ki, nəticə qazanaq. Azarkeşlərlə görüşümüz oldu. Onlardan xahiş etdim ki, bunu etməsinlər. Sırf bu baxımdan ki, komanda daxilində atmosfer istər-istəməz korlanır. Futbolçular oxuyur ki, məşqçi gedir, ya qalır… Bu da komandaya təsir göstərir. Azarkeşlərə dedim ki, gedib-getməməyimə rəhbərlik qərar verir. Rəhbərliyimizdə də futbolda təcrübəli insanlar yer alıblar. Fanatlara təşəkkür edirəm. Biz Premyer Liqaya geri qayıtmaq üçün çox çalışdıq. Çox iş görürük. Rəhbərlik də bunu görür. Dünən vacib epizod oldu. Klubun direktoru Səbuhi Səfiyarlı mənimlə, futbolçularla görüşdü. Bu da komandaya çox təsir göstərdi. Vacib məqam idi. Futbolçular da gördülər ki, biz komandayıq. O görüşün kifayət qədər təsiri oldu”.