Reading view

Dambrauskas TNS-ə rəqib olmalarını belə şərh etdi

Azərbaycan Premyer Liqasının qalibi “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə açıqlama verib.

Arena.az xəbər verir ki, litvalı mütəxəssis “Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə (Uels) rəqib olmasına münasibət bildirib.

Valdas Dambrauskas hər rəqibə hörmətlə yanaşmağın vacibliyini qeyd edib:

“İlk növbədə hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. TNS dəfələrlə Uels çempionatının qalibi olub. Avropada yaxşı tanınan komandadır. Onlar daxili çempionatda son 10 ildən çox müddətdə dominantlıq edirlər. Hansı futbolu oynamağınızdan asılı olmayaraq, hər matçda qələbə qazanmaq düşüncəsini inkişaf etdirməlisiniz. Bu, hər bir rəqibə hörmət etməyin və özünüzü ən yaxşı şəkildə hazırlamağın vacibliyini göstərir”.

Baş məşqçi püşkatmanın nəticəsini dəyərləndirib:

“Hansı rəqiblə düşməyimizin tamamilə əhəmiyyətsiz olduğunu düşünürəm. Ən vacib məqam necə hazırlaşacağımız, hansı formada olacağımız, nə qədər istəkli və intizamlı davranacağımızdır. Kağız üzərində zəif görünən rəqiblə də qarşılaşa bilərsiniz, lakin hazır deyilsinizsə, problem yaşayacaqsınız. Çünki artıq hamı futbol oynamağı bacarır. Evdə və səfərdə keçiriləcək 2 oyunda hər şey baş verə bilər”.

Valdas Dambrauskas qarşıdakı 2 həftəlik təlim-məşq toplanışına da toxunub:

“İndi etməli olduğumuz yeganə şey bu toplanışa böyük istək və mükəmməl motivasiya ilə başlamaqdır. İki həftəlik yüksək səviyyəli hazırlıq keçməli, yoldaşlıq görüşlərində oyun üslubumuzu yeniləməliyik. Mövcud oyunumuzu təkmilləşdirmək üçün bəzi yeni komponentlər əlavə etməli və futbolçulara necə bir sistem istədiyimizi xatırlatmalıyıq. Düzgün hazırlaşdığımız təqdirdə, nəticə özü gələcək”.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-də və 14-15-də baş tutacaq. Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.

“Hansı komandanın düşməsi o qədər də önəmli deyil” – Dambrauskas

“Sabah” Çempionlar Liqasının I təsnifat mərhələsində Uelsin TNS komandası ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “Bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə püşkü dəyərləndirib:

“Hər rəqibə hörmətlə yanaşırıq. TNS ölkəsində dəfələrlə çempion olmuş, uzun illərdir dominantlıq edən komandadır. Düşünürəm ki, necə oynamağından asılı olmayaraq, onlar hər matça qalib gəlmək düşüncəsi ilə çıxırlar. Belə oyunlara maksimum hazırlıqlı olmaq lazımdır. 

Püşkatmada bizə hansı komandanın düşməsi o qədər də vacib deyil. Əsas məsələ bizim hazırlıq səviyyəmiz, hansı formada olmağımız, nə qədər istəkli və intizamlı çıxış etməyimizdir. 

Rəqibin kim olmasından asılı olmayaraq, oyuna yaxşı hazırlaşmalısan. Bu gün hamı futbol oynamağı bacarır. Sadə səslənə bilər, amma reallıq budur. Evdə və səfərdə hər şey baş verə bilər. Toplanış dövrünə düzgün yanaşmaq, peşəkar münasibət və mövsümə uğurlu başlamaq lazımdır. Yoldaşlıq oyunlarında üslubumuzu yeniləməliyik. Oyunumuza yeni komponentlər əlavə etməliyik. Əvvəlcə sahib olduğumuz keyfiyyətləri daha da inkişaf etdirməliyik. Bunlar yerində olanda, nəticə də öz-özünə gəlir”.

“Sabah” ilk oyunu 7-8 iyulda Bakıda, cavab görüşünü isə 14-15 iyulda səfərdə keçirəcək.

❌