Dambrauskas TNS-ə rəqib olmalarını belə şərh etdi
Azərbaycan Premyer Liqasının qalibi “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas klubun mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, litvalı mütəxəssis “Sabah”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-ə (Uels) rəqib olmasına münasibət bildirib.
Valdas Dambrauskas hər rəqibə hörmətlə yanaşmağın vacibliyini qeyd edib:
“İlk növbədə hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. TNS dəfələrlə Uels çempionatının qalibi olub. Avropada yaxşı tanınan komandadır. Onlar daxili çempionatda son 10 ildən çox müddətdə dominantlıq edirlər. Hansı futbolu oynamağınızdan asılı olmayaraq, hər matçda qələbə qazanmaq düşüncəsini inkişaf etdirməlisiniz. Bu, hər bir rəqibə hörmət etməyin və özünüzü ən yaxşı şəkildə hazırlamağın vacibliyini göstərir”.
Baş məşqçi püşkatmanın nəticəsini dəyərləndirib:
“Hansı rəqiblə düşməyimizin tamamilə əhəmiyyətsiz olduğunu düşünürəm. Ən vacib məqam necə hazırlaşacağımız, hansı formada olacağımız, nə qədər istəkli və intizamlı davranacağımızdır. Kağız üzərində zəif görünən rəqiblə də qarşılaşa bilərsiniz, lakin hazır deyilsinizsə, problem yaşayacaqsınız. Çünki artıq hamı futbol oynamağı bacarır. Evdə və səfərdə keçiriləcək 2 oyunda hər şey baş verə bilər”.
Valdas Dambrauskas qarşıdakı 2 həftəlik təlim-məşq toplanışına da toxunub:
“İndi etməli olduğumuz yeganə şey bu toplanışa böyük istək və mükəmməl motivasiya ilə başlamaqdır. İki həftəlik yüksək səviyyəli hazırlıq keçməli, yoldaşlıq görüşlərində oyun üslubumuzu yeniləməliyik. Mövcud oyunumuzu təkmilləşdirmək üçün bəzi yeni komponentlər əlavə etməli və futbolçulara necə bir sistem istədiyimizi xatırlatmalıyıq. Düzgün hazırlaşdığımız təqdirdə, nəticə özü gələcək”.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-də və 14-15-də baş tutacaq. Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.