Reading view

Andreas Kristensen daha 2 il “Barselona”da!

İspaniyanın “Barselona” komandasının danimarkalı mərkəz müdafiəçisi Andreas Kristensen Kataloniya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

30 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti iyunun sonunda başa çatıb. Bu üzdən də tərəflər 2 illik (2028-ci ilin 30 iyununadək) yeni müqavilə bağlayıblar.

Andreas Kristensen futbola “Skyal Birkeröd” klubunda qədəm qoyub, ardınca “Brondbü” və “Çelsi”də çıxış edərək, böyük futbolda “zadəganlar”la debüt edib. Bir müddət Mönhenqladbax “Borussiya”sında icarə əsasında çıxış etmiş Kristenseni “Barselona” 2022-ci ilin iyul ayında “Çelsi”dən azad agent qismində “baluqrana”nın düşərgəsinə qatıb.

Kristensenin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 98 oyun, 5 qol və 3 məhsuldar ötürmədən ibarətdir.

Müdafiəçi “Barselona” ilə 3 dəfə İspaniya çempionu (2022/2023, 2024/2025, 2025/2026) olub, bir dəfə İspaniya Kubokunu (2024/2025) və İspaniya Super Kubokunu (2022/2023) qazanıb. 2023-cü ildə Danimarkada ilin ən yaxşı futbolçusu seçilmiş Andreas “Çelsi”nin heyətində də bir neçə titul qazanıb.

Andreas Kristensen 2015-ci ilin iyun ayında debüt etdiyi Danimarka yığmasının heyətində 82 oyuna çıxıb, 4 qol vurub, 2 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

❌