“Montsa” yenidən A Seriysına qayıtdı
İtaliyanın “Montsa” komandası 2026/2027-ci illər mövsümündən etibarən A Seriyasında mübarizə aparmaq hüququ qazanıb.
Arena.az xəbər verir ki, İtaliya A Seriyasına yüksəlmiş sonuncu – 3-cü komanda ötən gecə müəyyənləşib.
Bu, B seriyasında pley-off mərhələsinin cavab oyunundan sonra dəqiqləşib. Elitaya vəsiqə uğrunda qarşılaşmada “Montsa” və “Katanzaro” komandaları üz-üzə gəliblər. Görüş “Katanzaro”nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda montsalılar eyni hesabla qalib gəldikləri üçün pley-offun ümumi hesabı bərabərləşib – 2:2. Turnirin reqlamentinə əsasən, bu mərhələdə əlavə vaxt və penalti seriyası olmayıb. B Seriyasında mövsümü rəqibindən daha yüksək pillədə (3-cü yer) başa vurmuş “Montsa” çempionatı 5-ci sırada bitirən rəqibini qabaqlayaraq elitaya vəsiqə qazanıb.
Xatırladaq ki, bu komanda ötən mövsüm B Seriyasına düşmüşdü. Amma sözügedən kollektiv cəmi bir mövsümlük fasilədən sonra yenidən A Seriyasına qayıtmağı bacarıb.
Xatırladaq ki, daha öncə “Venetsiya” və “Frozinone” B Seriyasında ilk iki pillənin sahibi kimi elitaya vəsiqə qazanmışdılar.
2025/2026-cı illər mövsümünün yekunlarına görə A Seriyasını “Kremoneze”, “Verona” və “Piza” tərk ediblər.