Reading view

Avropa klubu “Qarabağ”ın bir neçə futbolçusu ilə maraqlanır

“Qarabağ” akademiyasının daha bir neçə futbolçusu Avropa klubunun diqqət mərkəzinə düşüb.

Bu barədə akademiyanın meneceri Nail Kərimov “Futbolpress.az“a açıqlamasında bildirdi. O, artıq Əli Bəşirov və daha bir neçə oyunçu üçün rəsmi müraciət aldıqlarını qeyd etdi:

“Hazırda təcrübə proqramları ilə bağlı konkretləşmiş plan yoxdur, amma bu istiqamətdə işlər gedir. Biz tərəfdən açığı, xüsusi təşəbbüs yoxdur. Bu yaxınlarda Əli Bəşirov və daha bir neçə futbolçu üçün müraciət oldu. Onları görüb, bəyəniblər. Danışıqlar nəticə versə, klubun da adı açıqlanacaq. İndi bu haqda danışmaq tezdir”.

Kərimoz Fransanın “Strasburq” klubunda baxışda olan Bəşirovla bağlı fikirlərini bölüşdü:

“Əli Bəşirovun “Strasburq”a transferi aktual deyil. Gedişi təcrübə proqramına görə idi. Məqsəd təcrübə keçməsi, ordakı durumla tanış olması idi. “Strasburq” klubunun da təəssüratları müsbətdir. Əlinin 18 yaşının tamam olmasına hələ var. Bu kimi səfərlər tanışlıq məqsədi daşıyır. Keçid gündəmdə deyil. Ola bilsin, bu məsələyə yaxın gələcəkdə qayıdılsın”.

Şahin Cəfərov

“Qarabağ”ın hücumçusuna 3 ölkədən təklif var

“Qarabağ”ın futbolçusu Kamilo Durana təkliflər var.

Futbolpress.az xəbər verir ki, Meksikadan “Krus Asul” və Braziliya ilə Portuqaliyadan bir neçə klub 24 yaşlı hücumçunun transferində maraqlıdır. Bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.

Duran ötən mövsüm “Qarabağ”da 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib.

Bolqarlar “Qarabağ”la oyunu ləğv etdi – SƏBƏB

Bolqarıstanın ÇSKA klubunun “Qarabağ”la planlaşdırılan yoxlama oyunu ləğv edilib.

Futbolpress.az xəbər verir ki, buna səbəb Sofiya təmsilçisinin Avropa Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisinin potensial rəqiblərdən olmasıdır. Klub bu səbəbdən Avstriya toplanışında iyunun 27-nə keçirilməsi nəzərdə tutulan matçı ləğv edib.

“Qarabağ” Avropa Liqasında I mərhələdə İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. Azərbaycan təmsilçisi mərhələ adlasa, növbəti raundda ÇSKA – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Bazar”ın ən dəyərliləri “Qarabağ”dadır

“Transfermarkt” portalı Misli Premyer Liqasında çıxış edən futbolçuların dəyərlərini yeniləyib.

Futbolpress.az-ın məlumatına görə, “Qarabağ”ın vingeri Leandro Andrade ən bahalı futbolçu olub. Onun “bazar dəyəri” 3.5 milyon avro göstərilib.

Andradenin komanda yoldaşı Mateuş Koxalskinin qiyməti isə 2.5 milyon avroya yüksəlib. Çempionatda bu dəyərdə daha bir futbolçu qeyd edilib. “Sabah”ın sol cinah müdafiəçisi Timoteuş Puxaçın da dəyəri 2.5 milyon avrodur.

Azərbaycan milli komandasının və “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və “Bursaspor”da çıxış edən Toral Bayramov 2 milyon avro ilə ən dəyərli yerli oyunçu olub.

Misli Premyer Liqasının ən bahalı futbolçuları, “onluq”

1. Leandro Andrade – 3.5 milyon avro
2. Mateuş Koxalski – 2.5 milyon avro
3. Timoteuş Puxaç – 2.5 milyon avro
4. İvan Lepinitsa – 2 milyon avro
5. Kamilo Duran – 2 milyon avro
6. Pedro Bikalyo – 2 milyon avro
7. Elvin Cəfərquliyev – 2 milyon avro
8. Toral Bayramov – 2 milyon avro
9. Kadi Borges – 2 milyon avro
10. Səbuhi Abdullazadə – 1.5 milyon avro.

Şahin Cəfərov

“Zirə” “Qarabağ”la qarşılaşıb Boluya yollanacaq

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Zirə”nin 2026/2027-ci illər mövsümünə hazırlıq planı açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakıda hazırlıq keçən komanda iyunun 25-dək çalışmalarını paytaxda davam etdirəcək. Bu müddətdə bir yoxlama oyunu keçirəcək komanda iyunun 20-də “Qarabağ”la qarşılaşacaq. “Azərsun Arena”da baş tutacaq bu görüşə saat 18:00-da start veriləcək.

Qəsəbə təmsilçisi 25 iyun – 2 iyul tarixlərində Türkiyənin Bolu şəhərində hazırılıq keçəcək. Hazırlığın növbəti mərhələsində komanda daha iki yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 27 iyun və 1 iyul tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi və oyun saatları haqqında əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Zirə” Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə üz-üzə gələcək. Təmsilçimiz bu rəqibini keçəcəyi halda növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Kevin Medina “Qarabağ”a bu sözlərlə vida etdi

Dünən “Qarabağ”dan ayrıldığı rəsmən açıqlanmış kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina Azərbaycan klubu ilə vidalaşıb.

Arena.az xəbər verir ki, müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün həyatımda və karyeramda iz qoymuş bir klubla vidalaşıram.

“Qarabağ”a gəldiyim ilk gündən məni açıq ürəklə qarşıladılar. Burada möhtəşəm peşəkarlar, dosta çevrilən həmkarlar və hər zaman yanımda olan, dəstəyini əsirgəməyən ehtiraslı azarkeşlər tanıdım.

Bu illər mənim üçün böyük öyrənmə, zəhmət, uğur və inkişaf illəri oldu. Bu formanı geyinmək, bu gerbi təmsil etmək həm şərəf, həm də böyük məsuliyyət idi. Mən də hər zaman meydanda buna sədaqət, hörmət və peşəkarlıqla layiq olmağa çalışdım.

Bu yolun bir hissəsi olan hər kəsə təşəkkür edirəm: klub rəhbərliyinə, məşqçilər heyətinə, klub əməkdaşlarına və ən əsası komanda yoldaşlarıma. Birlikdə yaşadığımız hər an qəlbimdə və yaddaşımda əbədi qalacaq.

“Qarabağ” azarkeşlərinə xüsusi təşəkkürümü bildirirəm. Hər dəstəyinizə, hər mesajınıza, həm yaxşı, həm də çətin günlərdə yanımda olduğunuz üçün minnətdaram. Sizdən gördüyüm sevgi və yaşadığımız bütün anlar heç vaxt unudulmayacaq.

İndi isə yeni bir çağırışa başlamağın vaxtıdır. Bu böyük klubun tarixinin bir hissəsi olmaqdan qürur duyaraq və sonsuz minnətdarlıq hissi ilə ayrılıram. “Qarabağ”a gələcəkdə daha böyük uğurlar, yeni nailiyyətlər və daha parlaq bir gələcək arzulayıram. Bu klub həqiqətən də tarix yazan bir klubdur!”

Xatırladaq ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən 33 yaşlı müdafiəçinin karyerasını Malayziyanın “Johor” klubunda davam etdirəcəyi gözlənilir.

Susqun “İmişli” və digərləri

Misli Premyer Liqası klubları yeni mövsümün çalışmalarına başlayıb. Liqada iştirak edəcək 12 klubdan 11-də artıq gedənlər, gələnlər var. Təkcə “İmişli” susqundur.

Çempionatı 9-cu sırada bitirən komandada qeyri-müəyyənlik var. Baş məşqçi Jorj Kaşkilya son oyundan sonra kluba və Azərbaycana vida edib. Lakin gedişi rəsmən təsdiqlənməyib. Mütəxəssisin adı vaxtaşırı “Sumqayıt” və “Kəpəz”lə hallanıb.

“İmişli” yeni mövsümə dair planlarını da açıqlamayıb. Heyətlə bağlı qeyri-müəyyənlik hökm sürür, nə gələn var, nə gedən. Qarşıda bir aydan çox vaxt olmasına baxmayaraq, toplanışa tez zamanda başlamaq klub üçün daha faydalıdır.

Transferlərdə aktiv isə “Şəfa”dır. Misli Premyer Liqasının debütantı baş məşqçi postuna Zaur Həşimovu gətirib. Bəzi futbolçularla müqavilə uzadılır, azad agent statusu daşıyan yerli oyunçular heyətə cəlb edilir. Ötən mövsümün komandasında yer alan bəzi futbolçular isə yola salınıb.

Çempionlar Liqasında iştirak edəcək “Sabah” və Avropa Liqasında mübarizə aparacaq “Qarabağ” artıq çalışmalara başlayıb. Konfrans Liqasının iştirakçıları “Zirə” və “Neftçi” də yaxın zamanda toplanışa start verəcək. Adıçəkilən klublar arasında yalnız “Neftçi”dən hələlik transfer yoxdur. Əvəzində Murad Məmmədov, Vensan Abubakar, Kristian Kostinlə vidalaşan “ağ-qaralar” əvvəlki mövsümlərdə transferlərdə buraxılan səhvləri təkrarlamamaq istəmir və oyunçu keçidlərində ehtiyatlı davranır.

Avrokuboklardan kənarlaşdırılan “Turan Tovuz”da isə planlar dəyişib. Bir neçə gün əvvəl Türkiyədə toplanışa başlayan klub CAS qərarından sonra burdakı hazırlığı ləğv edib. Tovuz təmsilçisi Bakıya qayıdıb və toplanışa burda davam edəcək.

Mövsümün bitməsiylə Saşa İliçlə vidalaşan “Sumqayıt” da hələ baş məşqçi axtarışındadır. “Kimyaçılar”ın yeni çalışdırıcısı böyük ehtimalla əcnəbi olacaq və məsələnin yaxın zamanda həllini tapması gözlənilir.

Hazırda liqada iştirak edəcək “İmişli” və “Sumqayıt”da baş məşqçi postu boşdur. “Araz-Naxçıvan” “sükanı” Cavid Hüseynova tapşırdı və ötən mövsümün komandasında əsas heyətin demək olar, bütün üzvləri yola salındı. Görünür, naxçıvanlılar yeni mövsümdə ortasıralar uğrunda mübarizə aparacaq.

Şahin Cəfərov

Medinadan təsirli vida: “Bütün anlar heç vaxt unudulmayacaq”

Kevin Medina “Qarabağ”la vidalaşıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün həyatımda və karyeramda iz qoymuş bir klubla vidalaşıram.

“Qarabağ”a gəldiyim ilk gündən məni açıq ürəklə qarşıladılar. Burada möhtəşəm peşəkarlar, dosta çevrilən həmkarlar və hər zaman yanımda olan, dəstəyini əsirgəməyən ehtiraslı azarkeşlər tanıdım.

Bu illər mənim üçün böyük öyrənmə, zəhmət, uğur və inkişaf illəri oldu. Bu formanı geyinmək, bu gerbi təmsil etmək həm şərəf, həm də böyük məsuliyyət idi. Mən də hər zaman meydanda buna sədaqət, hörmət və peşəkarlıqla layiq olmağa çalışdım.

Bu yolun bir hissəsi olan hər kəsə təşəkkür edirəm: klub rəhbərliyinə, məşqçilər heyətinə, klub əməkdaşlarına və ən əsası komanda yoldaşlarıma. Birlikdə yaşadığımız hər an qəlbimdə və yaddaşımda əbədi qalacaq.

“Qarabağ” azarkeşlərinə xüsusi təşəkkürümü bildirirəm. Hər dəstəyinizə, hər mesajınıza, həm yaxşı, həm də çətin günlərdə yanımda olduğunuz üçün minnətdaram. Sizdən gördüyüm sevgi və yaşadığımız bütün anlar heç vaxt unudulmayacaq.

İndi isə yeni bir çağırışa başlamağın vaxtıdır.

Bu böyük klubun tarixinin bir hissəsi olmaqdan qürur duyaraq və sonsuz minnətdarlıq hissi ilə ayrılıram.

“Qarabağ”a gələcəkdə daha böyük uğurlar, yeni nailiyyətlər və daha parlaq bir gələcək arzulayıram. Bu klub həqiqətən də tarix yazan bir klubdur!”.

Medina 2020-ci ildən “Qarabağ”da çıxış edirdi.

“Qarabağ”ın rəqibindən qələbə

“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Vestri” İslandiya I Liqasında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda “Aeqir”lə qarşılaşıb. Matç “Vestri”nin qələbəsiylə başa çatıb – 3:2.

“Vestri” çempionatda 16 xalla 4-cü sıradadır.

“Qarabağ” islandlarla ilk oyunu iyulun 9-da Bakıda keçirəcək. Cavab görüşü 16-da səfərdə olacaq.

Bruno Lanqa “Qarabağ”da – Rəsmi

İspaniyanın “Almeriya” klubunun mozambikli sol cinah müdafiəçisi Bruno Lanqa bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 2026/2027-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qarabağ” növbəti futbolçu keçidini gerçəkləşdirib. Mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı İspaniyanın “Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, yeni komandasında 5 nömrəli formanı geyinəcək.

Lanqanın son klubu İspaniya təmsilçisi “Almeriya” olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası “Eştrela”da keçirib. Lanqa karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” və İspaniyada “Almeriya” klublarının formasını geyinib.

Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

Lanqa yay transfer pəncərəsində “Qarabağ”ın dördüncü transferidir. Daha əvvəl Jali Muaddib, Zəkəriyyə Savo və Samuel Lobato “Qarabağ”a qoşulmuşdu.

Pedro Bikalyo ilə yeni müqavilə bağlamış Ağdam klubu Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae və Kevin Medina ilə də yollarını ayırıb.

Nail Kərimov: “Mümkün qədər çox oyunçu yetişdirmək vacibdir” (MÜSAHİBƏ)

“Qarabağ” klubunun akademiyasının meneceri Nail Kərimovun “Futbolpress.az“a müsahibəsi:

– Akademiyada mövcud durumu şərh edərdiniz. Başa çatan mövsümdə komandalar hansı nəticələrlə yadda qaldı?
– U-19 komandamız ölkə çempionu oldu, U-13 və U-14 finalda penaltilərdə uduzdu, U-16 və U-17 “üçlük”də yer aldı. U-15 komandamız isə liqanı dördüncü bitirdi. Gərgin, çətin mövsüm keçdi. Maraqlı oyunlar oldu. Liqaların formatında dəyişiklik edilmişdi və rəqabətli matçların sayının artması bunun müsbət nəticələrini göstərdi. Rəqabət artdıqca inkişafın da yolu açılır.

– Akademiyanın əsas funksiyası oyunçu yetişdirməkdir. Bu məsələdə hansı irəliləyişə nail ola bilmisiniz?
– Nəticələri danışırıq, düzdür, amma mümkün qədər çox oyunçu yetişdirmək vacibdir. Bu, bizim üçün prioritetdir. Düşünürəm ki, yaxşı yol qət edirik. Ötən mövsümlə müqayisədə bu il xeyli futbolçuda inkişafı müşahidə etdik. U-17 komandamızın bəzi futbolçuları milli komandalara dəvət aldı, bəziləri isə yuxarı yaş qruplarına cəlb  olundu. U-17-dəki oyunçular əsas komandaya qoşulmasaydılar, böyük ehtimalla bu yaş qrupunda da çempion olardıq. Lakin bizim üçün əsas prioritet onların inkişafı, əsas komandaya uyğunlaşmasıdır.

– Ötən il akademiyaya afrikalı legionerlər cəlb olundu. Bu zərurət nədən yarandı?
– Bu mövsüm U-19 komandamızın heyətində bir neçə legioner çıxış etdi. İki futbolçu Nigeriyadan transfer olunmuşdu. Heyətdə Türkiyə vətəndaşı olan oyunçular da var idi. Bunun isə bir neçə səbəbi var.

Əvvəlcə, məqsəd rəqabəti artırmaqdır. Legionerlərin məşqlərə yanaşması, çalışqanlığı özünü müsbət tərəfdən göstərir. Yerli oyunçularımız da peşəkar olmaq üçün hansı çətinliklərdən keçməyin vacibliyini görürlər. İkincisi, bu futbolçular gələcəkdə əsas komandaya namizəd hesab oluna bilərlər. Yaxşı oyunçular gənc yaşlardan əsas komandaya cəlb olunur. Hazır futbolçunun transferi daha böyük maliyyə tələb edir, ama bu yolla daha aşağı büdcə ilə əsas komandaya oyunçu qazandırmaq mümkündür. Bu məqamları nəzərə alsaq, bu mövsüm legionerlərin cəlbinə üstünlük verdik və düşünürəm ki, bunun nəticəsi də müsbət oldu. Həmin oyunçular özlərini yaxşı tərəfdən göstərdilər. İndi Əvəzedicilər Liqasının reqlamentini gözləyirik. Əgər U-19-da çıxış edən legionerlər tələblərə uyğun gəlsələr, onlara burada da şans verməyi planlaşdırırıq.

– Akademiyada əsas problem mərkəzləşmənin olmamasıdır. Baza məsələsində hansı yenilik var?
– Əvəzedici komandamız Binədə, digərləri Sərhədçi İdman Kompleksində mərkəzləşib. Təmərküzləşmiş şəkildə fəaliyyət göstərməyimizin bir ili oldu və bunun faydalarını gördük. Hamı bir-birinin işindən məlumatlı oldu, komandalar arasında əlaqə yarandı, nəzarət mexanizmi gücləndi. Onu da qeyd edim ki, yeni akademiyanın hazırlanması istiqamətində rəhbərlik tərəfindən işlər aparılır. Hazırda bu barədə ətraflı nəsə demək mümkün deyil. Ümid edirik ki, tezliklə xoş xəbərlər olacaq.

– “Qarabağ” bu il beynəlxalq turnirlərə ən çox komanda göndərən klubdur. Turnirlərdən hansı faydaları götürürsünüz və gələcəkdə yenə bu addımlar atılacaq?
– U-13 komandamız hazırda Bolqarıstanda turnirdədir. Əsas məqsədimiz uşaqların daha çox rəqabətli oyun keçirməsidir. Həm zəif cəhətlərini üzə çıxarsınlar, həm də onların potensiallarını daha yaxından görək. Belə deyim, turnir seçəndə çalışırıq ki, daha keyfiyyətli komandalarla qarşılaşaq və maksimum fayda əldə edək. Buna görə də güclü klubların iştirak etdiyi turnirlərə üstünlük veririk. Komandalarımız bu il 10 beynəlxalq turnirdə çıxış edib. U-19 da Çempionlar Liqasında üç oyun keçirib. Bu, kifayət qədər yaxşı təcrübə qazandırıb.

Klub rəhbərliyi bu məsələdə daim yanımızdadır və lazım olan büdcəni ayırır. Seçdiyimiz istiqamətlər də yaxın və asan səfər edilən məkanlar deyil. Məsələn, U-17 Fransada, U-16 Niderlandda, U-15-lər Qazaxıstanda, U-13-lər hazırda Bolqarıstandadır, U-12 Qazaxıstan və Türkiyə, U-11 isə qarşıda Polşada təşkil olunacaq turnirə hazırlaşır. Bu yarışların bir çoxu şengen zonasına daxil olan ölkələrdə keçirilir ki, bu da kifayət qədər xərc tələb edir. Regionda fəaliyyət göstərən akademiyalar belə turnirlərə çox meyl etmir, amma klub rəhbərliyi məsələyə həssas yanaşır və biz də bunu yüksək qiymətləndiririk. Turnirlərdə iştirakımız növbəti mövsümlərdə də davam edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Məqsədimiz gənc futbolçularımızın zəngin beynəlxalq təcrübə qazanmasıdır.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Konfrans Liqasında klublarımızın potensial rəqibləri bilindi

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2026/2027-ci illər mövsümünün püşkü atılıb, klublarımızın rəqibləri bəlli olub.

Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilmiş püşkatmada nəinki bu turnirdə mübarizə aparacaq “Neftçi” və “Zirə”nin, hətta “Sabah”la “Qarabağ”ın da potensial rəqibləri bəlli olub.

Məlum olduğu kimi, “Neftçi” Konfrans Liqasında mübarizəyə birbaşa 2-ci təsnifat mərhələsindən başlayacaq. “Ağ-qaralar” bu raundda 1-ci təsnifat mərhələsinin “Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bakı klubu ilk matçını evdə keçirəcək.

Mübarizəyə ilk raunddan başlayacaq “Zirə”nin də növbəti mərhələdəki rəqibi artıq indidən məlumdur. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandasını keçəcəyi təqdirdə, növbəti raundda “Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. “Zirə” – “Torpedo” cütünün qalibi növbəti mərhələdə ilk oyunu səfərdə keçirəcək.

“Qarabağ” bu mövsüm Avropa Liqasında mübarizə aparacaq. Ağdam klubu Avroliqanın 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi bu rəqibinə uduzsa, o zaman Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Litva) duelinin qalibi ilə görüşəcək. “Qarabağ” – “Vestri” cütünün məğlubu bu raundda ilk oyunu evdə keçirməli olacaq.

Azərbaycan çempionu “Sabah” da Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizə apara bilər. Belə ki, paytaxt klubu UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) komandasına uduzsa, Konfrans Liqasının 1-ci raundunun “Flora” (Tallin, Estoniya) – “İberiya” (Gürcüstan) duelinin məğlubu ilə görüşəcək.

Xatırladaq ki, ÇL-də birinci raundun məğlubları mübarizəni Avropa Liqasında yox, Konfrans Liqasında davam etdirir. Yalnız ÇL-də 2-ci mərhələnin məğlubu uduzacağı halda Avroliqanın 3-cü təsnifat mərhələsinə düşür.

Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

Kevin Medina “Qarabağ”dan getdi – Rəsmi

“Qarabağ”ın Kolumbiyadan olan mərkəz müdafiəçisi Kevin Medina 6 ildir formasını geyindiyi Ağdam klubundan ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Təşəkkürlər, Kevin! Hər şey üçün təşəkkür edirik!” – deyə klubun açıqlamasında bildirilib.

Qeyd edək ki, 33 yaşlı kolumbiyalının Malayziyanın “Johor” komandasına keçməsi gözlənilir. Medina sözügedən klubdan sərfəli təklif alıb. Futbolçunun “Qarabağ” qarşısındakı xidmətləri nəzərə alınaraq onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Beləliklə, Medina yeni klubuna azad agent kimi keçəcək. Halbuki, o, müqavilə ilə daha bir il Ağdam klubuna xidmət göstərməli idi.

Kevin Medina 2020-ci ilin iyul ayından “Qarabağ”ın şərəfini qoruyurdu. 30 yaşlı futbolçu Ağdam təmsilçisinin heyətində keçirdiyi 204 oyunda 6 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Mərkəz müdafiəçisi daha öncə Portuqaliyada “Naval”, “Moura”, “Sintrense”, “Pinhalnovense”, “Akademiko Vizeu” və “Çaves” kimi klublarda forma geyinib.

Avroliqa: “Qarabağ” “Vestri” səddini keçsə…

“Qarabağ”ın Avropa Liqasının (Avroliqa) 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Arena.az xəbər verir ki, Avroliqanın 2-ci təsnifat mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərindəki UEFA-nın mənzil-qərargahında atılıb.

Püşkün nəticəsinə əsasən, “Qarabağ” – “Vestri” (İslandiya) cütünün qalibi ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” mərhələ adlasa, ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, Avroliqada 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

Avropa Liqası
2-ci təsnifat mərhələsi
23–30 iyul

Hammarbü (İsveç) – Anderlext (Belçika)

Qarabağ (Azərbaycan)/Vestri (İslandiya) – ÇSKA (Sofiya, Bolqarıstan)/Derri Siti (İrlandiya)

Tromse (Norveç) – Viktoriya (Plzen, Çexiya)

Tvente (Niderland) – Voyvodina (Serbiya)/Ferentsvaroş (Macarıstan)

Beşiktaş (Türkiyə) – Midtyulland (Danimarka)

Hayduk (Split, Xorvatiya)/Jilina (Slovakiya) – Pafos (Kipr)

Şerif (Tiraspol, Moldova)/Aluminiy (Sloveniya) – Makkabi (Təl-Əviv, İsrail)

Senkt Qallen (İsveçrə) – Benfika (Portuqaliya)

Dinamo (Kiyev, Ukrayna)/Universitatya (Kluj, Rumıniya) – PAOK (Yunanıstan)

Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bəlli olur

“Neftçi” və “Zirə”nin Konfrans Liqasının 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, bu gün Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 16:00-da start veriləcək.

Püşkatmada Azərbaycan klublarının da potensial rəqibləri bilinəcək.

Yarışa 2-ci təsnifat mərhələsindən qoşulacaq “Neftçi”nin potensial rəqibləri bunlardır:

“Ludoqorets” (Bolqarıstan)
“Rakuv” (Polşa)
“Apollon” (Kipr)
“Dinamo” (Albaniya) – “Astana” (Qazaxıstan) cütünün qalibi
“Dinamo” (Minsk, Belarus) – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi

Turnirin 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” (Kutaisi) komandası ilə qarşılşacaq “Zirə”nin növbəti raunddakı potensial rəqibləri isə bu klublardır:

AEK (Kipr)
ÇFR (Kluj, Rumıniya)
“Spartak”(Slovakiya)
“Hegelmann” (Litva) – “Payde” (Estoniya) cütünün qalibi

Qeyd edək ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.

Bu gün həm də Avropa Liqasının 1-ci təsnifat mərhələsində baş tutacaq “Qarabağ” – “Vestri” duelinin məğlubunun, həmçinin UEFA Çempionlar Liqasında 1-ci raundunda yarışacaq “Sabah” (Azərbaycan) – TNS (Uels) cütünün məğlubunun Konfrans Liqasının 2-ci raundunda hansı komanda ilə qarşılaşacağı bilinəcək.

2-ci təsnifat mərhələsində “Sabah” – TNS cütünün məğlubunun 3 mümkün rəqibi:

“Flora” (Estoniya) – “İberiya” (Gürcüstan) cütünün məğlubu
“Floriana” (Malta) – “Şemrok Rovers” (İrlandiya) cütünün məğlubu
“Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün məğlubu

2-ci təsnifat mərhələsində “Qarabağ” – “Vestri” cütünün məğlubunun 5 mümkün rəqibi:

“Rapid” (Avstriya)
“Qradets Kralove” (Çexiya)
“Hibernian” (Şotlandiya)

həmçinin Konfrans Liqasının I təsnifat mərhələsinin aşağıdakı cütlüklərinin qalibləri:

“Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya)
“Petrovats” (Monteneqro) – “Jalgiris” (Litva)

Xatırladaq ki, ÇL-ə birinci mərhələdən başlayan cütlüklərin məğlubu mübarizəni Avropa Liqasında deyil, Konfrans Liqasında davam etdirəcək. Yalnız ÇL-də 2-ci mərhələnin məğlubu uduzacağı halda Avroliqanın 3-cü mərhələsinə düşür.

Avroliqa: “Qarabağ” üçün “Beşiktaş”, “Tvente”, ÇSKA…

“Qarabağ”ın Avropa Liqasının (Avroliqa) 2026/2027 mövsümünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.

Arena.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.

UEFA-nın mənzil-qərargahında baş tutacaq tədbirə Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

Ağdam təmsilçisi bu raundda da səpələnmişlər səbətində yer alacaq.

“Köhlən atlar”ın mümkün rəqibləri bunlar idi:

“Beşiktaş” (Türkiyə)
“Tvente” (Niderland)
“Tromse” (Norveç)
“Sankt Qallen” (İsveçrə)
“Hammarbü” (İsveç)
“Şerif” (Moldova) – “Aluminiy” (Sloveniya) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna) – “Universtatya” (Kluj, Rumıniya) cütünün qalibi
“Hayduk” (Xorvatiya) – “Jilina” (Slovakiya) cütünün qalibi
ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi.

Püşkatmaya bir neçə saat qalmış UEFA iştirakçı komandaları qruplara bölüb və “Qarabağ”ın da potensial rəqibləri azalıb. Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını məğlub etsə, aşağıdakı komandalardan birinə rəqib olacaq:

“Beşiktaş” (Türkiyə)
“Tvente” (Niderland)
“Tromse” (Norveç)
“Hammarbü” (İsveç)
ÇSKA (Sofiya, Bolqarıstan) – “Derri Siti” (İrlandiya) cütünün qalibi

Xatırladaq ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.

Ağdam təmsilçisi Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək. Bu raundun oyunları iyulun 9-da və 16-da keçiriləcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını səfərdə keçirəcək.

Qurban Qurbanov: “Vestri” barədə ilkin təəssüratlarımız var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.

Arena.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin bu gün keçirilmiş püşkatmasında “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi bu mərhələdə İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək.

Qurban Qurbanov sözügedən komanda ilə görüşlər barədə bunları söyləyib:

“Həddindən artıq ciddi olmalıyıq. Çünki komandamız hələ optimal formada deyil. Heyətimizdə zədəli futbolçular da var. Eyni zamanda transfer çalışmalarını davam etdiririk. Doğrudur, seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik. Ancaq yenə də heyəti komplektləşdirmək üçün əlimizdən gələni edirik. İlk növbədə qısa müddətdə formaya düşməliyik. Bunun üçün də yaxşı hazırlıq keçmək lazımdır.

Futbol son vaxtlar o qədər dəyişilib ki, heç kimin potensialını öncədən dəqiq bilmək olmur. “Vestri” barədə ilkin təəssüratlarımız var, müəyyən qədər maraqlanmışıq. Heyətlərində kifayət qədər dəyişiklik olub. İlk matça qədər geniş məlumat topalayacaq və ciddi hazırlaşacağıq. Son olaraq, UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Sabah”a, Konfrans Liqasında mübarizə aparacaq “Zirə” və “Neftçi”yə uğurlar arzulayırıq”.

Samuel Lobato “Qarabağ”da – Rəsmi

Portuqaliyanın “Portimonense” klubunun mərkəz yarımmüdafiəçisi Samuel Lobato bundan sonra “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, “Qarabağ” növbəti transferini gerçəkləşdirib. Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 28 nömrəli formanı geyinəcək.

2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikan”, B SAD və “Tondela” klublarında da çıxış edib.

Lobato yay transfer pəncərəsində “Qarabağ”a qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zəkəriyyə Savonun keçidi rəsmiləşmişdi.

Ağdam klubu Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə vidalaşıb, Pedro Bikalyo ilə də yeni müqavilə bağlayıb.

“Qarabağ” Avroliqada İslandiya klubuna rəqib oldu

“Qarabağ”ın futbol üzrə Avropa Liqasının (Avroliqa) 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün Avroliqanın yeni mövsümünün ilk püşkatma mərasimi keçirilib.

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında təşkil edilmiş püşkatmada Azərbaycanın bu turnirdəki təmsilçisinin də rəqibi müəyyənləşib. Ağdam klubu püşk zamanı daha yüksək reytinqə malik komandaların düşdüyü səpələnmişlər səbətində yer alıb. Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın rəqibi “Vestri” (İslandiya) olub. Azərbaycan təmsilçisi ilk oyununu evdə keçirəcək.

Qeyd edək ki, Avroliqanın 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-da keçiriləcək. Cavab qarşılaşmaları isə eyni ayın 16-da baş tutacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsi
9 iyul – 16 iyul

Dinamo (Kiyev, Ukrayna) – Universitatya (Kluj, Rumıniya)
Qarabağ (Azərbaycan) – Vestri (İslandiya)
Hayduk (Split, Xorvatiya) – Jilina (Slovakiya)
ÇSKA (Sofiya, Bolqarıstan) – Derri Siti (İrlandiya)
Şerif (Tiraspol, Moldova) – Aluminiy (Sloveniya)
Voyvodina (Serbiya) – Ferentsvaroş (Macarıstan)

Avroliqa: “Qarabağ”ın 1-ci təsnifat mərhələsində rəqibi bəlli olur

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027 mövsümünün 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Arena.az xəbər verir ki, mərasim UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq.

Püşkatmaya Bakı vaxtı ilə saat 19:00-da start veriləcək. Tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi müəyyənləşəcək.

Ağdam klubunun potensial rəqibləri sırasında “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya) və “Vestri” (İslandiya) komandaları yer alıblar.

Qeyd edək ki, Avroliqada 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 9-da keçiriləcək. Cavab görüşləri isə ayın 16-da baş tutacaq.

“Qarabağ”da klubun idarə heyəti bir araya gəldi

Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünün ikincisi olan “Qarabağ”da klubun idarə heyətinin növbəti iclası keçirilib.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

İclasda klub prezidenti Tahir Gözəl, baş direktor və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.

Toplantı zamanı klubun gələcək fəaliyyəti, idman nəticələri və təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Rəhbər heyət tərəfindən görülən işlərlə bağlı hesabat təqdim olunub, həyata keçirilən layihələr və yeni mövsüm üçün nəzərdə tutulan planlar müzakirə edilib.

Görüş zamanı UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə istifadə olunmuç və komandanın futbolçuları tərəfindən imzalanmış rəsmi top klub prezidenti Tahir Gözələ təqdim edilib.

Sonda klubun qarşıdakı dövr üçün prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Komandanın beynəlxalq arenadakı rəqabət qabiliyyətinin artırılması, infrastruktur layihələrinin davam etdirilməsi və “Qarabağ”ın dayanıqlı inkişaf modelinin daha da gücləndirilməsi əsas hədəflər kimi müəyyənləşdirilib.

Pedro Bikalyo “Qarabağ”la yeni müqaviləyə imza atdı

Premyer Liqanın gümüş medalçısı “Qarabağ”ın braziliyalı mərkəz yarımmüdafiəçisi Pedro Bikalyo Ağdam klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Ağdam klubu braziliyalı yarımmüdafiəçi ilə yeni 3 illik sözləşmə bağlayıb. Razılaşmaya əsasən, Bikalyo 2029-cu ilin yayına qədər bu komandanın uğurları üçün mübarizə aparacaq.

Xatırladaq ki, Pedro Bikalyo 2025-ci ilin iyul ayında qoşulduğu “Qarabağ”la 3+1 illik müqavilə imzalamışdı. O, Ağdam klubunun heyətində meydana çıxdığı 50 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlamış Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib.

Xatırladaq ki, “Qarabağ” daha öncə Zəkəriyyə Savo və Jali Muaddibi transfer edib, Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə vidalaşıb.

Azərbaycan Premyer Liqasında yay bazarlığı – Yenilənir

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan klublar yay transfer pəncərəsində heyətlərini gücləndirməyə çalışırlar.

Arena.az sizi Premyer Liqa klublarının rəsmən açıqladıqları yeni transferləri, eləcə də komandalardan göndərilən futbolçuların siyahısı ilə tanış edir:

SABAH

Gələn: Eyden Makkarti (“Kayzer Çifs”, CAR), Yunes Laşaab (“Lill”, Fransa, icarə), Junior Almeyda (“Maritimo”, Portuqaliya)
Gedən: Jesse Sekidika, Pavol Şafranko, Amin Seydiyev (“Zirə”), Nicat Mehbalıyev (“Şəfa”)
Müqavilə müddətini artıran: Coy-Lens Mikels, Stas Pokatilov, Velko Simiç, Tellur Mütəllimov, Patrik Mbina

QARABAĞ

Gələn: Zəkəriyyə Savo (“Yurqorden”, İsveç), Jali Muaddib (“Omoniya”, Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya), Bruno Lanqa (“Almeriya”, İspaniya)
Gedən: Toral Bayramov (“Bursaspor”, Türkiyə), Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina
Müqavilə müddətini artıran: Pedro Bikalyo

TURAN TOVUZ

Gələn: Dioqo Balau (“Şamaxı”)
Gedən: Şəhriyar Əliyev, Filip Ozobiç
Müqavilə müddətini artıran:

NEFTÇİ

Gələn: Rüfət Abbasov (“Şamaxı”), Rza Cəfərov (“Qəbələ”, icarədən qayıdıb)
Gedən: Vensan Abubakar, Edvin Kuç, Kristian Kostin, Murad Məmmədov (“Pafos”, Kipr)
Müqavilə müddətini artıran:

ZİRƏ

Gələn: Amin Seydiyev (“Sabah”)
Gedən: Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə (“Varajdin”, Xorvatiya, icarə müddəti bitib), Tyaqo Silva, Anatoli Nuriyev
Müqavilə müddətini artıran: Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio, Qismət Alıyev

ARAZ-NAXÇIVAN

Gələn: Luka Dumançiç (“Persis”, İndoneziya)
Gedən: Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram (“Petrokub”, Moldova), Felipe Santos, Ba-Muaka Simakala
Müqavilə müddətini artıran: Tərlan Əhmədli, Slavik Alxasov, Ömər Buludov, Ülvi İsgəndərov, İbrahim Piriyev

SUMQAYIT

Gələn:
Gedən: Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı (“Şamaxı”, icarə)
Müqavilə müddətini artıran:

ŞAMAXI

Gələn: Uğur Cahangirov (“Karvan”), Emin Rüstəmov (“Karvan”), Sənan Muradlı (“Sumqayıt”, icarə), Ceyhun Bağırzadə (“Qəbələ”)
Gedən: Nihat Mehralıyev, Vladislav Veremeyev, Rafael Məhərrəmli, Arsen Ağcabəyov (“Şəfa”), Andrey Tırkovyanu, Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rüfət Abbasov (“Neftçi”), Karim Rossi, Bilal İsmayılov, Sezar Henrike (“Alaşkert”, Ermənistan), Ravil Qafarov, Dioqo Balau (“Turan Tovuz”)
Müqavilə müddətini artıran: Abdulla Seydəhmədov, Həbib İsmayılov

İMİŞLİ

Gələn:
Gedən:
Müqavilə müddətini artıran: Tuncay Yusifli

KƏPƏZ

Gələn:
Gedən: Rauf Hüseynli (“Şəfa”), Məmməd Hüseynov (“Şəfa”)
Müqavilə müddətini artıran: Əli Səmədov, Rəhman Hacıyev, Dioqo Verdaska

QƏBƏLƏ

Gələn:
Gedən: İbrahim Sanqare, Rüfət Əhmədov, Turan Manafov (“Stellenboş”, CAR, icarə müddəti bitib), Rza Cəfərov (“Neftçi”, icarə müddəti bitib), Sambu Sissoko (“Valensyen”, Fransa, icarə müddəti bitib), Murad Musayev (“Şəfa”), Adriel Ba Lua, Ceyhun Bağırzadə (“Şamaxı”)
Müqavilə müddətini artıran:

ŞƏFA

Gələn: Rauf Hüseynli (“Kəpəz”), Nicat Mehbalıyev (“Sabah”), Arsen Ağcabəyov (“Şamaxı”), Murad Musayev (“Qəbələ”), Məmməd Hüseynov (“Kəpəz”)
Gedən: Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Novruz Məmmədov, Aqşin Paşayev, Ürfan İsmayılov, Rəvan Kazımov, Vüqar Həsənov, Ruslan Hacıyev
Müqavilə müddətini artıran: Tərlan Quliyev, Elnur Cəfərov, Ramin Nəsirli, Nahid Əliyev

❌