Normal view

Before yesterdayMain stream

Qurban Qurbanov: “Uzun yol qət etmişik, yorğunluq var”

15 July 2026 at 23:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” ilə cavab oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, İslandiya və Azərbaycan təmsilçiləri arasındakı cavab qarşılaşması sabah Reykyavikdə baş tutacaq.

Qurban Qurbanov bu gün oyundan öncə təşkil etmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamız oyuna tam hazırdır. Həm rəqibi artıq yaxından tanıyırıq, həm də oyunumuzu analiz etmişik. Düzdür, uzun yol qət etmişik, yorğunluq var. Buna baxmayaraq, inanıram ki, futbolçular sabah matça tam hazır olacaqlar və özlərini yaxşı motivasiya edəcəklər. Hava durumu da əlverişlidir, əsl futbol havasıdır.

Heyətdə müəyyən dəyişikliklər ola bilər. Lakin kimin meydana çıxmasından asılı olmayaraq, hər kəs əlindən gələni edəcək. Start heyəti ilə bağlı qərar vermək üçün sabaha qədər vaxtımız var. Çalışacağıq ki, oyundan öncə konkret fikrimizi müəyyənləşdirib həyata keçirək”.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk matçda “Qarabağ” “Vestri”yə 3:0 hesabı ilə qalib gəlib.

Zubir Azərbaycan klublarının Avroliqada 300-cü qolunu vurdu

10 July 2026 at 16:00

Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Vestri” ilə ilk oyunu “Qarabağ”ın fransalı sol vingeri Abdullah Zubir üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Zubir bu oyunda komandasının qələbəsinə bir qolla töhfə verib.


Bu top Azərbaycan klublarının turnirdəki 300-cü qolu kimi tarixə düşüb. Əvvəl UEFA Kuboku, sonradan Avropa Liqası adlanan turnirdə keçirilmiş əvvəlki 283 qarşılaşmada təmsilçilərimiz 298 qol vurmuşdular. “Qarabağ”ın İslandiya klubu üzərindəki 3:0 hesablı qələbəsi ilə bu rəqəm 301-ə yüksəlib.

Azərbaycan komandalarının həm avrokuboklarda, həm də bu turnirdə ilk qolu 1995/1996-cı illər mövsümündə qeydə alınıb. UEFA Kubokunun 1995-ci il avqustun 22-də keçirilən “Austriya” (Vyana, Avstriya) – “Kəpəz” görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

“Qarabağ” “Vestri”yə qarşı cavab oyununu gələn həftə səfərdə keçirəcək.

Avroliqa: “Hayduk”la ÇSKA evdə, “Ferenstvaroş” səfərdə sevindi

9 July 2026 at 23:59

Bu gün keçirilmiş qarşılaşmalarla futbol üzrə Avropa Liqasında (Avroliqa) 2026/2027-ci illər mövsümünə start verilib.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ”ın “Vestri”yə (İslandiya) böyük hesabla qalib gəldiyi gündə daha 5 görüş keçirilib.

“Dinamo” (Kiyev) – “Universitatya” (Kluj) və “Şerif” – “Aluminiy” matçlarında qapılara qol vurulmayıb. “Hayduk” “Jilina”nı, ÇSKA (Sofiya) isə “Derri Siti”ni məğlub yola salıb. Yalnız “Voyvodina” doğma meydanda “Ferentsvaroş”a məğlub olub.

Qeyd edək ki, Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları iyulun 16-da baş tutacaq.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
9 iyul

Dinamo (Kiyev, Ukrayna) – Universitatya (Kluj, Rumıniya) 0:0
Qarabağ (Azərbaycan) – Vestri (İslandiya) 3:0
Hayduk (Split, Xorvatiya) – Jilina (Slovakiya) 2:0
ÇSKA (Sofiya, Bolqarıstan) – Derri Siti (İrlandiya) 3:2
Şerif (Tiraspol, Moldova) – Aluminiy (Sloveniya) 0:0
Voyvodina (Serbiya) – Ferentsvaroş (Macarıstan) 1:2

“Qarabağ” “Vestri”yə ilk oyunda 3 cavabsız qolla qalib gəldi

9 July 2026 at 22:00

“Qarabağ” bu gün Avropa Liqasının 2026/2027 mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, bu komandalar arasındakı ilk oyun Bakıda keçirilib.

Ağdam təmsilçisi İslandiya klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Oyunu Moldovadan olan hakimlər idarə ediblər. Qarşılaşmanın baş hakimi Roman Jitai olub.

Azərbaycan təmsilçisi avrokuboklarda debüt edən “Vestri” ilə görüşün aşkar favoriti idi. Baxmayaraq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın heyətində bu yay ciddi dəyişiklər olub. Amma Ağdam klubu mərhələ adlamaq üçün bu oyundan inamlı hesabla qalib ayrılmağa borclu idi. Əks halda cavab görüşündə işini çətinə sala bilərdi.

Təmsilçimiz istəyinə darmadağınla nail olub. 3 cavabsız qola sevinən Ağdam klubunun iki qolunu isə yeni transferlər – Zəkəriyyə Savo və Renaldo Sefas vurublar.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 17-də Reykyavikdə keçiriləcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
9 iyul

Qarabağ – Vestri 3:0
Qollar: Zəkəriyyə Savo, 30. Abdullah Zubir, 45+2. Renaldo Sefas, 86.
Hakimlər: Roman Jitari, Vlad Lifçiu, Vadim Vicol, Andrey Brequta (Moldova).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zəkəriyyə Savo, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 7. Jali Muaddib, 18. Dani Bolt, 25. Cebrail Makreçkis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.

Vestri: 1. Marvin Steynarsson, 3. Edson, 6. İbrahima Balde, 10. Tordur Haftorsson, 12. Tibanq Fete, 15. Qudmundur Svavarsson, 17. Qunnar Hauksson, 22. Elmar Qardarsson, 23. Breki Hermansson, 29. Konstantin Çeşmedyev, 77. Serin Foll.
Ehtiyat oyunçular: 33. Benedikt Snaedal, 2. Qabriel Kristyansson, 4. Fatai Qbadamosi, 7. Yakob Stensson, 11. Yohannes Selven, 13. Albert Yohansson, 14. Birkir Eydal, 18. Marino Haqbardsson, 19. Emmanuel Dua, 27. Albin Mörfelt, 45. Qudmundur Eynarsson.
Baş məşqçi: Daniel Osafo-Badu.

“Qarabağ” “Vestri” ilə ilk oyuna çıxır

9 July 2026 at 09:00

“Qarabağ” bu gün Avropa Liqasının 2026/2027 mövsümünün 1-ci təsnifat mərhələsi çərçivəsində İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq.

Arena.az xəbər verir ki, bu komandalar arasındakı ilk oyun Bakıda keçiriləcək.

Ağdam təmsilçisi İslandiya klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Oyunu Moldovadan olan hakimlər idarə edəcəklər. Qarşılaşmanın baş hakimi Roman Jitai olacaq.

Azərbaycan təmsilçisi avrokuboklarda debüt edən “Vestri” ilə görüşün aşkar favoritidir. Baxmayaraq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın heyətində bu yay ciddi dəyişiklər olub. Amma Ağdam klubu mərhələ adlamaq üçün bu oyundan inamlı hesabla qalib ayrılmağa borcludur. Əks halda cavab görüşündə işini çətinə sala bilər.

Komandalar arasındakı cavab qarşılaşması iyulun 17-də Reykyavikdə keçiriləcək.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
9 iyul

20:00. Qarabağ – Vestri
Hakimlər: Roman Jitari, Vlad Lifçiu, Vadim Vicol, Andrey Brequta (Moldova).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qurban Qurbanov: “Avropada bizə diqqət artır”

8 July 2026 at 20:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və İslandiya komandaları arasındakı ilk qarşılaşma sabah Bakıda keçiriləcək.

Qurban Qurbanov bu gün təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə avrokuboklarda iştirak edən bütün klublarımıza uğurlar arzulayıram və “Sabah”ı dünənki qalibiyyətə görə təbrik edirəm. Sabah biz də ilk oyunumuza çıxacağıq. Heyətimizdə dəyişikliklər var. Komandanı oyun planında hələ tam düşündüyümüz kimi formalaşdırmamışıq. Buna baxmayaraq, tezliklə hər şeyin qaydasına düşəcəyinə inanıram. Güclü kollektiv quraraq qalibiyyətlərlə azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Yeni transferlərdən kimlər heyətə tez qoşulublarsa, onlar özlərini yaxşı hiss edirlər. Bir neçə futbolçunun gec uyğunlaşması məsələsi var.

Mən püşkatmada heç vaxt rəqiblərə fərq qoymamışam, istəyimlə olan bir şey deyil. Hər zaman Allahdan xeyirlisini arzu etmişik. O qədər olub ki, ilk mərhələdə güclü komandalarla qarşılaşmışıq, amma yenə razı olmuşam. Düzdür, 7 saat yarımlıq səfərimiz olacaq. Lakin püşkdən sonra buna uyğun proqram hazırlamışıq”.

Qurban Qurbanov komandanın əsas qol silahlarından olan Kamilo Duranın Şotlandiyanın “Seltik” klubuna keçməyə yaxın olduğunu da təsdiqləyib:

“Duran “Seltik”in düşərgəsindədir. Bir neçə saat əvvəl məlumatımız var idi ki, tibbi müayinədən keçir. Hər şey qaydasında olsa, ayrılmaq ehtimalı böyükdür. Duran bizim əsas oyunçumuz idi. Avrokubok oyunlarında özünü ən yaxşı tərəfdən göstərənlərdən biri oldu. İstəyi, qabiliyyəti var idi. Onun gedişi bizdə hansısa çatışmazlıqlar yarada bilər. Duranı itiririk, amma eyni zamanda Avropa bazarında iştirak etməyimiz də önəmlidir. Son vaxtlarda “Qarabağ”dan nə qədər oyunçu ölkə xaricinə gedib. Bu, özü bizim üçün əlavə üstünlükdür. Avropada bizə qarşı diqqət artır, oyunçularımıza baxan ölkələr çoxalır. Duran kimi futbolçunun daim komandamızda olmağını istərdim. Bir neçə mövqedə oynamağı bacarırdı.

Yeni transferlərdən bəziləri sabah meydanda olacaq. Heyətdəki digər oyunçulardan ciddi təklifi olan futbolçu yoxdur. Hansısa oyunçunun getmək ehtimalı olduğunu bilmirəm. Elvin Cəfərquliyevə gəlincə, onun sabah oynamaq ehtimalı var. Startda, ya sonradan meydana çıxması ilə bağlı qərar verməmişik”.

“Qarabağ” qarşılaşa biləcəyimiz ən güclü komandadır”

“Vestri”nin baş məşqçisi Daniel Osafo-Badu da bu gün Bakıda təşkil edilmiş mətbuat konfransında jurnalistlərə açıqlama verib. O, “Qarabağ”ı qarşılaşacaqları ən güclü komanda adlandırıb:

“Belə güclü bir komandaya qarşı oynamaq çox həyəcanvericidir. Komandam üçün çətin oyun olacaq. Lakin öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik. “Qarabağ”da oyunçular dəyişsə də, baş məşqçi eynidir. Əminəm ki, onlar baş məşqçinin tələblərinə tez uyğunlaşacaqlar. Oyun üslubu baxımından dəyişiklik yoxdur. Bu, Çempionlar Liqasında izlədiyimiz eyni oyundur. Mən futbolu sevirəm və “Qarabağ”ın Çempionlar Liqasındakı bəzi oyunlarını izləmişəm. Onlar haqqında məlumatlı idim.

Azərbaycan gözəl ölkədir. Futbolçularım belə bir komanda ilə oynayacaqları üçün çox həyəcanlı idilər. “Qarabağ” qarşılaşa biləcəyimiz ən güclü komandadır. Oyunla bağlı planlarımı açıqlamaq istəmirəm. “Qarabağ” topla fəal oynayır, hücum edir və texnikalıdır. Bəlkə də əks-hücumlara üstünlük verəcəyik. Qısaca olaraq yalnız bunu deyə bilərəm”.

Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” oyununa saat 20:00-da start veriləcək.

“Qarabağ” “Vestri” ilə oyunlar üçün iştirak ərizəsini açıqladı

7 July 2026 at 19:30

“Qarabağ” Avropa Liqasının 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, “Vestri” (İslandiya) ilə matçların iştirak ərizəsində 24 futbolçu yer alıb.

A vərəqindəki “20-liy”ə aşağıdakı futbolçular daxil edilib:

Qapıçılar: 99. Mateuş Koxalski, 1. Şahrudin Məhəmmədəliyev;

Müdafiəçilər: 2. Mateus Silva, 5. Bruno Lanqa, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: 7. Jali Muaddib, 8. Marko Yankoviç, 9. Xoni Montiel, 10. Abdullah Zubir, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 88. Samuel Lobato;

Hücumçular: 11. Zəkəriyyə Savo, 17. Kamilo Duran, 22. Musa Qurbanlı, 29. Renaldo Sefas.

B vərəqində isə 4 futbolçu yer alıb:

Qapıçılar: 12. Teymur Həsənov, 77. Bilal Hacıyev;

Yarımmüdafiəçilər: 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.

Qeyd edək ki, “Qarabağ”ın “Vestri” ilə ilk oyunu iyulun 9-d Bakıda, cavab görüşü ayın 16-da İslandiyada baş tutacaq.

❌
❌